Rayon haqqında
Səhiyyə
Ümumi məlumat:
Salyan rayon əhalisinin sağlamlığını qorumaq məqsədi ilə rayonda 2 xəstəxana, 26 həkim, 21 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Məntəqəsi, Profdezinfeksiya şöbəsi, 2 özəl klinika vardır. Çarpayıların sayı 440-dır. Dövlət tibb müəssisələrində 211 həkim, 734 orta tibb işçisi çalışmışdır.
Əhalinin sağlamlığının əsas göstəricilərindən biri xəstələnmə hallarından ibarətdir. Belə ki, 2023-cü ildə rayon əhalisi arasında 7550 xəstələnmə halı qeydə alınmışdır. Xəstəliklər arasında qan dövranı sisteminin (1445), yoluxucu və parazitar (912), həzm (1120), tənəffüs orqanlarının (763) xəstəlikləri üstünlük təşkil etmişdir.
Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs:
İkinci dünya müharibəsi illərində fəaliyyətə başlayan Mərkəzi Xəstəxananın ilk baş həkimi Səməd Manafov (1941-1945) olmuşdur. Rayon Mərkəzi Xəstəxanasının hazırda yerləşdiyi bina 1972-ci ildə istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Mərkəzi Rayon Xəstəxanası 2008-ci ildə əsaslı təmir edilərək yenidən qurulmuşdur. Cənab Prezident Xəstəxananın təmirdən sonra açılışında iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Mərkəzi Xəstəxananın 80 çarpayılıq Doğum evi və Uşaq Poliklinikası 2023-cü ildə əsaslı təmir edilərək istifadəyə verilmişdir. Cənab Prezident və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva əsaslı təmirdən sonra xəstəxanada yaradılmış şəraitlə tanış olmuşlar. Müasir tibbi avadanlıq və inventarlarla təchiz edilmiş Mərkəzi Xəstəxana 290 çarpayılıqdır. Xəstəxanada 80 çarpayılıq terapiya, 60 çarpayılıq cərrahiyə, 50 çarpayılıq ginekologiya və doğum, 30 çarpayılıq uşaq, 30 çarpayılıq vərəm, 20 çarpayılıq yoluxucu xəstəliklər, 20 çarpayılıq anesteziologiya, reanimasiya və intensiv terapiya, eləcə də sığortanın təşkili və innovasiya, insan resursları, Təcili Yardım, hemodializ, ilkin səhiyyə xidməti (ASM), səhiyyə xidmətlərinin təşkili, dəstək xidmətləri şöbələri fəaliyyət göstərir.
Bundan əlavə Fizioterapiya kabineti, Endoskopiya otağı, Funksional diaqnostika otağı, Kliniki-diaqnostika laboratoriyası, Transfizioloji kabinet, Müalicə bədən-tərbiyəsi otağı, Ultrasəs müayinə otağı, Rentgen otağı, SPİD laboratoriyası, Xəstəxana daxili aptek, Cərrahi əməliyyat otağı, Metodik təşkilat otağı və İntensiv terapiya otağı fəaliyyət göstərir. Mərkəzi rayon Xəstəxanasında 171 həkim, 472 orta tibb işçisi və 488 digər işçi çalışır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 27 sentyabr 2019-cu il tarixli 75 saylı əmrinə əsasən Salyan Mərkəzi Rayon Xəstəxanasının əsasında Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxs yaradılmışdır.
Səmədova Şirinxanım Vaqif qızı Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktorudur.
Ünvan : Salyan şəhəri H.Z.Tağıyev 114 ,telefon: (021) 255-47-27,(021) 255 47 64
Salyan rayonlararası Psixiatriya Xəstəxanası
150 çarpayılılıq Salyan rayonlararası Psixiatriya xəstəxanası 1963 cü ildən fəaliyyət göstərir. Xəstəxanada 178 nəfər işçi çalışır. 2013-cü ildə xəstəxana üçün 100 yerlik yeni korpus tikilib istifadəyə verilmişdir. Xəstəxanaya Allahverdi Bəylərov rəhbərlik edir.
Xəstəxanaya Allahverdi Bəylərov rəhbərlik edir.
Ünvan: Salyan rayonu Şorsulu kəndi.
GEM:
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzi rayon ərazisində yoluxicu xəstəliklərin profilaktikasına dair tədbirlərin vaxtaşırı tibb, təhsil, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə əksepidemik tədbirlərin icrasına, su təchizatı və çirkabların təmizlənməsinə nəzarət etmiş, mülkiyyət formasından asılı olmayaraq bütün obyektlər üzərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatlarına uyğun Dövlət sanitar xidmətini həyata keçirmişdir. Bu səhiyyə ocağı II şəhər kateqoriyalıdır. 2023-cü ildə mərkəz əsaslı təmir edilmiş üç mərtəbəli binaya köçürülmüşdür. Mərkəzdə 107 nəfər işçi çalışır. Mərkəzdə sanitar-gigiyena, epidemioloji şöbələri, parazitoloji, dezinfeksiya bölmələri, sanitariya-gigiyena, bakteriologiya laboratoriyaları fəaliyyət göstərir.
Əliyev İlham Ağaşirin oğlu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edir.
Ünvan: Salyan şəhəri, Q.Səmədov 62 tel: (021) 255-07-27, 255 -55-19, 255-23-73
Digər səhiyyə müəssisələri
Profdezinfeksiya şöbəsi:
1937-ci ildə Gigiyena və Epidemiologiya Stansiyasında yaradılmışdır. 1991-ci ildən isə ayrılaraq təsərrüfat hesablı müstəqil təşkilat kimi fəaliyyət göstərir.
Şöbə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda müqavilə əsasında gəmiricilərə qarşı deratizasiya, mikroblara, mikro-orqanizmlərə qarşı dezinfeksiya, ağcaqanad, milçək, qarışqalara qarşı dezinseksiya tədbirlərini həyata keçirmişdir. Şöbədə 3 nəfər işçisi çalışır.
Profdezinfeksiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti olaraq Eyvazova Xalidə Qulu qızı icra edir.
Ünvanı: Salyan şəhəri H.Z.Tağıyev 114
Kənd həkim məntəqələri:
- Qaraçala qəsəbə həkim məntəqəsi rayon mırkəzindən 35 km məsafədə yerləşir. Məntəqədə 14 nəfər işçi çalışır.
- Parça Xələc kənd həkim məntəqəsi rayon mırkəzindən 20 km məsafədə yerləşir. Məntəqədə 14 nəfər işçi çalışır.
- Sarvan kənd həkim məntəqəsi rayon mərkəzindən 13 km aralıda yerləşir. 21nəfər işçi çalışır .
- Marışlı kənd həkim məntəqəsində 8 nəfər işçi çalışır.
- Yenikənd kənd həkim məntəqəsi rayon mərkəzindən 20 km aralıda yerləşir, 14 nəfər işçi çalışır.
- Xalac kənd həkim məntəqəsində 10 nəfər işçi çalışır.
- Qızılağac kənd həkim məntəqəsində 9 nəfər işçi çalışır.
- Şəkərli kənd həkim məntəqəsində 7nəfər işçi çalışır, 2017-ci ildə məntəqə üçün yeni bina tikilmişdir.
- Kürqaraqaşlı kənd həkim məntəqəsində 9 nəfər işçi çalışır.
- Çuxanlı kənd həkim məntəqəsində 6 nəfər işçi çalışır.
- I Varlı kənd həkim məntəqəsində 5 nəfər işçi çalışır, rayon mərkəzindən 45 km aralıda yerləşir.
- Aşağı Noxudlu kənd həkim məntəqəsində 4 nəfər işçi çalışır, rayon mərkəzindən 10 km aralıda yerləşir.
- Kərimbəyli kənd həkim məntəqəsində 7 nəfər işçi çalışır.
- Şorsulu kənd həkim məntəqəsində 10 nəfər işçi çalışır, rayondan 25 km aralıda yerləşir.
- Abadkənd kənd həkim məntəqəsində 4 nəfər işçi çalışır.
- Həsənli kənd həkim məntəqəsində 7 nəfər işçi çalışır.
- Yolüstü kənd həkim məntəqəsində 5 nəfər işçi çalışır.
- Xıdırlı kənd həkim məntəqəsində 11 nəfər işçi çalışır, rayon mərkəzindən 50 km aralıda yerləşir.
- Gomuşlu kənd həkim məntəqəsində 7 nəfər işçi çalışır.
- Pambıqkənd həkim məntəqəsində 6 nəfər işçi çalışır.
- Qarabağlı kənd həkim məntəqəsində 7 nəfər işçi çalışır, rayon mərkəzindən 28 km aralıda yerləşir.
- Kürkənd kənd həkim məntəqəsində 5 nəfər işçi çalışır.
- Boranıkənd kənd həkim məntəqəsində 8 nəfər işçi çalışır.
- Şəhərin Babazanlı yaşayış sahəsində yerləşən həkim məntəqəsində 8 nəfər tibb işçisi var.
- Kürsəngi kənd həkim məntəqəsində 11 nəfər işçi çalışır.
- Arbatan kənd həkim məntəqəsində15 nəfər işçi çalışır.
Kənd Tibb Məntəqələri:
- Seyidsadıqlı kənd tibb məntəqəsində 3 nəfər işçi çalışır.
- Qırxçıraq qəsəbə tibb məntəqəsində 1 nəfər işçi çalışır.
- II Varlı kənd tibb məntəqəsində 1 nəfər işçi çalışır.
- Düzənlik kənd tibb məntəqəsində 1 nəfər işçi çalışır.
- Kolanı kənd tibb məntəqəsində 2 nəfər işçi çalışır.
- Yeni Uluxanlı kənd tibb məntəqəsində 3 nəfər işçi çalışır .
- Çadırlı kənd tibb məntəqəsində 3 nəfər işçi çalışır .
- Arxarası kənd tibb məntəqəsində 2 nəfər işçi çalışır.
- Pratman Gəncəli kənd tibb məntəqəsində 2 nəfər işçi çalışır.
- Seydan kənd tibb məntəqəsində 1 nəfər işçi çalışır.
- Yuxarı Noxudlu kənd tibb məntəqəsində 2 nəfər işçi çalışır.
- Ərəbqardaşbəyli kənd tibb məntəqəsində 3 nəfər işçi çalışır.
- Beştalı kənd tibb məntəqəsində 1 nəfər işçi çalışır.
- Quyçu kənd tibb məntəqəsində 2 nəfər işçi çalışır.
- Bəydili kənd tibb məntəqəsində 2 nəfər işçi çalışır.
- Dayıkənd kənd tibb məntəqəsində 3 nəfər işçi çalışır.
- Təzəkənd kənd tibb məntəqəsində 3 nəfər işçi çalışır.
- Qardili kənd tibb məntəqəsində 3 nəfər işçi çalışır.
- Peyk kənd tibb məntəqəsində 3 nəfər işçi çalışır.
Salyan səhiyyəsinin inciləri
Əlibəy Hüseynzadə (1864-1940 ) Görkəmli mütəfəkkir, həm də həkim-dermatoloq olub. Onun “Siflis”, “Vəba və mikrobu” adlı əsərləri bu gündə öz dəyərini saxlayır. Türkiyəyə köçən Əlibəy 1910-cu ildən İstanbul Universitetində professor vəzifəsində çalışıb.
Aslan Tahirov (1898-1972) Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə fakültəsini bitirib. 1955 -ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1957- ci ildən Tibb İnstitutunda professor vəzifəsində çalışıb. “Əməkdar həkim”, “Əməkdar elm xadimi” adına layiq görülüb.
Həzrət Səfərov (1896-1966) 1929–cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1936-cı ilə qədər Tibb İnstitutunun biokimya kafedrasında assisent vəzifəsində çalışıb. 1941-ci ildən Azərbaycan Əczaçılıq İnstitutuna rəhbərlik edib. 1960-cı ildə ona əməkdar elm xadimi adı verilib.
Zeynalabdin Hüseynov (1900-1969) Paris Dövlət Universitetinin Tibb fakültəsinin Uşaq bölməsinin məzunu olub. 1935-ci ildə N.Nərimanov adına Tibb İnstitutuna dosent vəzifəsinə irəli çəkilmişdir. 1954-cü ildə Respublika Uşaq cəmiyyəti idarə heyətinin sədri seçilmişdir.
İmamverdi Axundov (1916-1971) Moskva Dövlət Tibb Universitetini 1940- cı ildə bitirmişdir.1950-ci ildə urologiya üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
Qədəmşah Sadıqov (1921-1966) 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1947-ci ildən Bakı Dövlət Universitetinin hərbi kafedrasına rəhbərlik edib. Fəlsəfə və tibb elmləri namizədi elmi dərəcələrinə layiq görülüb.
Nazim Mollazadə (1924-2006) Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu olub. 1941-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. 1969-cu ildə professor elmi adı alıb. Yüzdən artıq elmi əsərin və monoqrafiyanın müəllifidir. İki dəfə (1960 və 1987) Respublika Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
Fikrət Zərgərli (1929–1984) Moskva Tibb İnstitutunu (1949-1953) bitirib. 1976- cı ildən Klinik və Eksperemental Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunun Ürək-Cərrahiyyə şöbəsinə rəhbərlik edib. Fikrət Zərgərli Ürək cərrahiyyəsinin banilərindən biridir. O, yüzlərlə elmi əsər, məqalə və məruzələrin müəllifidir. Fikrət həkim dəfələrlə Almaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Fransa və s. ölkələrdə “Ürəyin blokadasına” aid mövzularla simpoziumlarda çıxış edib.
Əvəzağa Məlikov (1932-2015) 1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsini bitirmişdir. 1971-ci ildən rayon Mərkəzi Xəstəxanasına 18 il rəhbərlik etmişdir. 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar həkimi adına layiq görülmüş, “Sərbəst düşüncələr işığında” adlı memuar kitabın müəllifi olmuşdur.
Əkrəm Hacıyev (1938) 1960-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini bitirib. 1965-ci ildən Tibb İnstitutunun Stomatologiya kafedrasında assent, 1967 ci ildən dosent vəzifəsində çalışıb. 1973-1978-ci illərdə həmən kafedranın dekanı olub. 1978-ci ildə “SSRİ Səhiyyə ələçısı” nişanı ilə təltif edilib. 25 elmi əsərin, 2 tədris metodik vəsaitin, kəşf və səmərələşdirici təkliflərin müəllifidir.
Əvəzağa Həsənov (1942-2014) 1966-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 34 ildən çoxdur. Salyan MRX-nın Tramvatalogiya şöbəsində müdir və həkim vəzifələrində çalışmışdır. “Ali dərəcəli həkim” fəxri adına layiq görülmüş, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Məmmədhüseyn Qarayev (1946-2015) 1968- ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bitirib. Salyan rayon Tibb məktəbinin direktoru işləyib. 1981-ci ildə Tibb İnstitutunun assisenti, 1992-ci ildən dosent kimi Respublika Klinik Urologiya Xəstəxanasının Radionuklit diaqnostika- laborotoriyasının elmi rəhbəri vəzifəsində çalışmışdır. O, Respublika Radiommunoloji müayinə metodlarının təməlini qoyanlardan biridir. 30-dan çox elmi məqalənin 14 səmələşdirici təklifin müəllifi olmuşdur.
Rahim Hüseynov (1947) 1970-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirmişdir.1985-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1975-ci ildən 1986-cı ilə kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi aparatında müxtəlif vəzifələrdə fəaliyyət göstərmiş, 1986-cı ildə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunmuş,1992-1993-cü illərdə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır. Akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatıdır. 100-ə qədər elmi məqalənin və 2 kitabın müəllifidir.
Sabir Səfərov (1947-2010) 1976-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirmişdir. 1990-cı ildə dosent adına layiq görülmüşdür. 40-dan artıq elmi əsrin, 2 səmərələşdirici təklifin, bir neçə metodik tövsiyyə və dərs vəsaitlərinin müəllifi olmuşdur. Respublikanın səhiyyə əlaçısı adına layiq görülmüşdür.
İbrahim Cəfərov (1949) 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1976-cı ildən Salyan rayon Mərkəzi Xəstəxanasında cərrah kimi işləməyə başlayan İbrahim həkim uğurlu əməliyyatları sayəsində qısa müddətdə Cənub bölgəsində “qızıl əlli” cərrah kimi tanınır. O, 1999-2011- ci illərdə Salyan MRX-a rəhbərlik edib. Ali dərəcəli cərrah həkim, həkim peşəsinin kamil ustası olmaq məqsədilə dəfələrlə keçmiş SSRİ-nın ən səviyyəli Elmi-Tədqiqat İnstitutlarında ixtisas artırma kurslarından keçib, bir neçə xarici ölkələrdə elmi simpozium və konfranslarda iştirak edib.
Əlixeybər Axundov (1949) 1966-1972-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə- profilaktika fakultəsində təhsil almışdır. 1972-1974-cü illərdə Qazaxıstanın Baykonur kosmodromunda çalışan hərbçilərin yaşadığı şəhərcikdəki lazaretdə baş həkim işləmişdir. O, 1986-1992,1994-2008-ci illərdə Salyan Mərkəzi Rayon Xəstəxanasının nevroloji şöbəsinin müdiri, 1992-1994-cü illərdə Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, 2008-ci ildən 2020-ci ilin sentyabr ayına kimi Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsinin həkim-nevropotoloqu vəzifələrində işləmişdir. “Tərəqqi” medallı, “SSRİ-nin səhiyyə əlaçısı”, ali dərəcəli həkimdir. Respublikamızda tanınmış həkim-nevropotoloqdur.
Nazim Hüseynov (1952) 1980-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.1986-1989-cu illərdə İ.M.Seçenev adına I Moskva Tibb İnstitutunun doktorantı olmuşdur. 1984- cü ildən Tibb elmləri namizədi , 1993-cü ildən Tibb elmləri doktoru, 2006-cı ildən professordur. 38 elmi məqalənin, 2 elmi ixtiranın müəllifidir. Hazırda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Qulaq burun-boğaz” xəstəlikləri kafedrasının müdiridir.
Musa Qəniyev (1954) 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun farmakalogiya fakültəsini bitirmişdir. 1985-ci ildə farmakologiya üzrə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsi almışdır. 1988-1992-ci illərdə əczaçılıq fakultəsində dekan müavini və fakultə dekanı vəzifələrində işləmişdir. 1992-ci ildə Rusiya Federasiyası ТЕА-nın V.V. Zakusov adına ЕТ Farmakologiya institutuna doktoranturaya göndərilmişdir. Doktorantura təhsilini vaxtından əvvəl başa vuraraq, 1997-ci ildə farmakologiya kafedrasına professor seçilmiş, 2000-ci ildən kafedranın müdiridir. 2010-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. 150-yə qədər elmi məqalənin, 8 tədris metodik vəsaitin, 2 dərs vəsaitinin, 5 dərsliyin və 2 ixtiranın müəllifidir.
İlham Zərgərli (1955) 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun oftalmologiya fakültəsini bitirmişdir. 1986-cı ildə Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aspiranturasına qəbul olmuş, 1989-cu idə namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almişdır. 12 elmi əsərin və 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Tibb üzrə fəlsəfə doktorudur.
Elman Ələkbərov (1956) 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1989-cu ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edərək elmi dərəcə alıb. 82 elmi işin, 3 ixtiranın, 2 metodik dərsliyin müəllifidir. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda miokard infarktı şöbəsinə rəhbərlik edir.
Arif Quliyev (1956) 1979-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bitirib.1989-cu ildə elmlər namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Daxili Xəstəliklər kafedrasının assisenti vəzifəsində çalışıb. 7 elmi məqalənin müəllifidir. 1991- ci ildən Almaniyanın Ştutqart şəhərində öz tibbi fəaliyyətini davam etdirir.
Elçin Kərimov (1978) 2001-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakultəsini bitirmişdir. Sankt-Peterburqda 2009-cu ildə namizədlik, 2014-cü ildə isə təkrar müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adını almışdır. 11 elmi məqalənin müəllifidir. Hazırda Şirvan şəhər Diaqnostika Müalicə mərkəzində cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.
2023-cü ildə rayonda 789 uşaq doğulmuş , 1 yaşa qədər 4 uşaq ölümü, böyüklər arasında 704 ölüm qeydə alınmışdır. 7550 nəfər stasionar müalicə almış, 207896 ambulator müraciət olunmuşdur. Rayonda 35 hemofiliya, 37 talassemiya xəstəsi vardır. Hemodializ şöbəsində 49 xəstə müalicə almışdır.
2023-cü ildə 775 uşağa BSJ, 796 uşağa hepatit “B”, 685 uşağa AGDT, 2654 uşağa OPV, 2059 uşağa QPM, 2026 uşağa PK, 1473 uşağa HİB, 1384 uşağa İPV, 1121 uşağa ADT peyvəndləri aparılmışdır.
2023-cü ildə Dövlət Proqramına daxil olan şəkərli diabet, vərəm, xroniki böyrək çatışmazlığı, hemofiliya, talassemiya, onkoloji xəstələr pulsuz olaraq dərman preparatları ilə təmin olunmuşdur. Şəkər xəstələrinə 1159 qlukometr, 11822 test stripləri verilmişdir. Qan xəstəliyindən əziyyət çəkən xəstələrə kömək məqsədilə Mərkəzi xəstəxanada qanvermə aksiyası keçirilmiş, aksiyada 100 nəfərdən artıq könüllü iştirak etmişdir. Şəhid övladları üçün Mərkəzi Xəstəxananın ixtisaslı həkimləri tərəfindən tibbi müayinələr aparılmışdır.
Salyan Rayon İcra Hakimiyyətinin, Mərkəzi Xəstəxananın və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilarçılığı ilə “Salyan rayon məktəbliləri üçün ilkin təcili tibbi yardım bacarıqları” mövzusunda təlim günü keçirilmişdir.Şagirdlərə arterial qan tazyiqinin ölçülməsi, qlükometrianın aparılması, sınıq travmaları zamanı, tənəffüs yolunda yad cısimlər zamanı, qanaxmalarda ilkin yardım, ürəyin qapalı masajı və süni tənəffüs, infeksiyalara qarşı ilkin profilaktik yardımlar əyani və metodik olaraq nümayiş olunmuşdur.
“Gələcək görən gözümüzdür” layihəsi çərçivəsində rayonun ümumtəhsil məktəblərində şagirdlər arasında göz müayinələri, Qaraçala qəsəbə həkim məntəqəsində rayonun ucqar kəndlərində yaşayan vətəndaşlar üçün kardioloji müayinələr təşkil edilmişdir. İl ərzində 104 həkim və 116 orta tibb işçisi kurslarda olmuş, 68 həkim, 108 orta tibb işçisi sertifikasiya imtahanlarından keçmişdir.
Salyan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Yeganə Əliyeva 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.