Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

 

·         Tarixi abidələr

·         Turizm

·         Monumental abidələr

 

 

Tarixi abidələr

 

Dini-tarixi abidələr

 

Abdulsəməd Məscidi hicri qəməri tarixiilə 1323, miladitarixiilə 1903-cü ildə inşa edilib. Məscid Ağa Mir Bağır ağa vəTəbriz Xəlilbəyli küçələrinin kəsişdiyi ərazidə yerləşir.

Cümə məscidi 1865-ci ildə Usta Kərbəlayı Hacı Mehdinin oğlu Ağa Hüseynin şərəfinə inşa edilib. Sovetlər dövründə repressiya qurbanı olan (yol çəkilişi adı altında abidənin bir hissəsi dağıdılıb, anbar, qalereya və müxtəlif məqsədlərlə istifadə olunub) məscidə əvvəlki statusu respublikamız müstəqillik qazandıqdan sonra qaytarılıb. 2002-ci ildə Kür çayında baş verən daşqından sonra tarixi abidə qəza vəziyyətinə düşmüş və 9 günbəzi dağılmışdı. 2011-ci ildə məscid dövlət vəsaiti hesabına əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olundu. Məscid Salyan şəhər   H. Əliyev küçəsində yerləşir.

Hacı Tağı Məscidi hicri qəməri tarixi ilə 1327, miladi tarixi ilə 1907-ci ildə inşa edilib. Hacı Tağının övladı olmadığına görə narahat idi ki, haqq dünyasına qovuşduqdan sonra ona yasin oxuyan olmayacaq. O, bilirdi ki, dindarlar hər namazdan sonra məscid tikdirənə dua edirlər, bu səbəbdən də 2 məscid tikdirir ki, daim yaşasın.

Sarı Seyidan piri 1721-ci ildə şəhid olmuş Seyid Saləddinin məzarı üzərində inşa olunub. Xələc kəndi ərazisində yerləşir.

Xilə Şəkər piri Yenikənd kəndində yerli sakinlərə şəfa vermiş mömin Xiləli Şəkərin qəbri üzərində tikilib. XIX əsrə aid abidə Yenikənd kəndi ərazisində yerləşir.

Hacı Səməd məscidi XIX əsrin II yarısında Hacı Səməd Ələkbərov tərəfindən tikdirilib. Salyan şəhərində yerləşir.

Şilli məscidi 1903-cü ildə usta Abdulsəməd tərəfindən tikilib.

Ağa Mirəşrəf ağa məscidi Məscid hicri qəməri tarixi ilə 1324, miladi tarixi ilə 1904-cü ildə Hacı Tağı tərəfindən inşa edilib. Ağa Mirəşrəf ağa məscidin axundu olub.

Qovurğa piri 1932-ci ildə ərazidə məskunlaşmış yerli əhali tərəfindən aşkar edilib. İnanclara görə, yel xəstələri həmin pirdə şəfa tapıblar. Pirə adətən keçi qurbanları nəzir olunur.

Qədim evlər

Hacı Tağının evi 1907-ci ildə Hacı Tağının atası tərəfindən inşa etdirilib. 1920-ci ildə XI Qızıl Ordunun Azərbaycanı işğal etməsindən sonra ev Hacı Tağının əlindən alınıb, dövlət mülkiyyətinə verilib. 1950-ci ilə qədər binadan uşaq evi kimi istifadə olunub. Salyan şəhəri Mirzağa Quluzadə küçəsində yerləşir.

Milyonçu Mirxalıq Abdullayevin evi 1913-cü ildə inşa olunub. Tikintidə istifadə edilən daşlar Qarabağ dağlarından kəsilib.

Tacir Abbas Hüseynovunevi 1914-cü ildə inşa edilib. Plana görə ev 2 mərtəbəli olmalıymış, lakin I dünya müharibəsi başlandığı üçün bina birmərtəbəli tikilir. Salyan şəhər ƏliağaKürçaylı küçəsində yerləşir.

Hacı Əlihəsənin yaşayış evi 1851-ci ildə inşa edilib. Həmin dövrdə Salyanın varlı tacirlərindən olan Hacı Əlihəsənin tikdirdiyi evdə hazırda onun nəticələri yaşayır.

Seyid Ramazanın evi XIX əsrin axırlarında inşa olunub. Yüksək zövqlə tikilən evin həyətyanı sahəsində gözəl bağı da olub. Deyilənlərə görə bağda bütün meyvə ağacları olub (1929-1936-cı illərdə Salyan qəzasının milis şöbəsinin rəisi vəzifəsində çalışan Musa Məmmədov Seyid Ramazanın bağını cənnətə bənzədirmiş). Sonralar bu evdən məktəb kimi istifadə olunub.

Baxış bəyin evi XIX əsrin II yarısında inşa olunub.

Ağa Mirəşrəf ağanın evi XX əsrin əvvəllərində tikilib. Salyan şəhərində yerləşir.

Mirsədirin evi XIX əsrin axırında inşa olunub. Sonralar binadan göz xəstəxanası və təcili tibbi yardım məntəqəsi kimi istifadə edilib. Ümummilli lider Heydər Əliyev Salyana olan səfərlərinin birində bu bina ilə tanış olub.

Hacı Mehdiyevin mehmanxanası 1908-ci ildə Mirxalıq Abdullayev tərəfindən inşa etdirilib. Tikintidə istifadə olunan daşlar Qarabağ dağlarından kəsilib, Kür çayı vasitəsilə gəmilərlə gətirilib. 1918-ci ildə erməni daşnaklarının qarşısını almaq üçün Ağa Mirbağır ağanın dəvəti ilə Nuru Paşa, Ömər Paşa, Ramazan Paşa, Tələt Paşa, Vəlhəd Paşa, Soltan Paşa, Xanmirzəyev, Mirəşrəf ağa, Kərbəlayı Rəşid və başqaları bu binada iclas keçiriblər. Həmin iclasda iştirak edənlər 1937-ci ildə repressiya qurbanı olublar.

Qədim yaşayış məskənləri

     Kürsəngi yaşayış məskəni Salyan şəhərindən 30 km şimal-şərqdə yerləşən, “Kürün səngidiyi yer” mənasını verən Kürsəngi hündürlüyü 77 metrə çatan Cənub-Şərqi Şirvan düzündə ən iri palçıq vulkanıdır. Vaxtı ilə Kür çayının bu təpənin yaxınlığından keçməsi burada insanların məskunlaşmasına səbəb olub. Təpənin şərqində və cənubunda çox sayda torpağın üzərində qalaqlanmış kərpic qırıqları və 23 x 23 x 5 ölçüdə qırmızı və açıq sarı rəngli bişmiş kərpicdən tikilən diametri 5-6 metrə çatan tikililərin qalıqları mövcuddur. Ərazidə şirli və şirsiz qab parçalarına da rast gəlinir. Buralar o zaman böyük yaşayış yeri olub. Əhəng daşından hazırlanan qəbir daşlarının parçaları günümüzə qədər gəlib çıxıb. Daş parçalarının üzərində süls xətti ilə ərəbcə yazılar və nəbati ornamentlər həkk olunub. Hazırda təpənin üstündə kənd qəbiristanlığı yerləşir. Qəbiristanlıqda XVIII, XIX, XX əsrlərə aid olan qəbirlərin başdaşı və sənduqələri üzərindəki kitabələr kənd əhalisinin tarixi keçmişini, adət-ənənəsini özündə əks etdirir. Kənd əhalisinin bildirdiyinə görə bu ərazidə qəbir qazılarkən qədim məzarlar üzə çıxır. Nəticə olaraq məlum olub ki, həmən dövrdə ölənlər tuncdan hazırlanan bəzək əşyaları ilə birgə dəfn olunublar. Aşkarlanan tapıntılar onu göstərir ki, bu ərazidə eramızdan əvvəl də yaşayış olub.

Mahmudabad yaşayış məskəni. Mahmudabad şəhəri Hülakü hökmdarlarından Sultan Mahmud Qazan xan tərəfindən salınıb. Aparılan arxeoloji araşdırmalar bu şəhərin Qırx Çıraq qəsəbəsi ərazisində olduğundan xəbər verir. Burada yüzdən artıq gümüş və mis pul tapılıb. Onların üzərində Mahmudabad və Kuştasfi şəhərlərinin adları həkk olunub. Tapıntılar sübut edir ki, XIV-XVI əsrlərdə Mahmudabadda zərbxanalar mövcud imiş. Burada müxtəlif hökmdarların adından gümüş və mis sikkələr kəsilib. I-III əsrlərə aid qədim şəhər Bakı- Astara magistral avtomobil yolunun 113-cü km-də, Qırx Çıraq qəsəbəsi ərazisində yerləşir.

Bəndovan yaşayış məskəni Bəndovan şəhərinin qalıqları Şirvan Milli Parkında yerləşən Bəndovan burnunda və dənizdə aşkar edilib. Aparılan arxeoloji tədqiqatlar zamanı IX-XIII əsrlərə aid çovustan tipli tikili qalıqları, dulus kürəsinin nişanələri, orijinal şirsiz və şirli qablar, əmək alətləri, şüşə bəzək şeyləri, sikkələr və s. maddi mədəniyyət nümunələri aşkar edilib. Buradan tapılan mis, gümüş pullar Şirvanşahlar dövrünə aiddir.

“Qızıl məscid” yaşayış məskəni Qızıl məscid yaşayış yeri indiki Kürsəngi kəndinin yaxınlığında mövcud olub. 2006-cı ildə aşkar edilib. Ərazidən X-XVII əsrlərə aid saxsı qablar, XIV əsrə aid Şirvanşahlar dövlətinə məxsus mis pullar tapılıb. Qədim yaşayış sahəsində arxeoloji qazıntıların aparılmasına ehtiyac var. Bununla tariximizin daha bir qaranlıq səhifəsi açılar və torpaq altında qalan maddi mədəniyyət nümunələri tarixi keçmişimizə növbəti aydınlıq gətirər.

Qırxçıraq yaşayış məskəni Qədim Qırxçıraq yaşayış sahəsi, Bakı- Astara magistral avtomobil yolunun 117-ci km-də mövcud olub. Burada 1960-cı ildən 2001-ci ilə kimi fasilələrlə qazıntı işləri aparılıb. Arxeoloji araşdırmalar göstərir ki, yaşayış yeri (sahəsi 16 kv.km) Mahmudabad şəhərinin qalığıdır. Burada arxeoloji axtarışlar zamanı tapılan tapıntılar, bu şəhərdə XIV-XVI əsrlərdə iqtisadi-mədəni həyatın mövcudluğunu sübut edir. Buradan torpağın üst qatından bir çox tarixi əhəmiyyətli nümunələr tapılıb. Xüsusən XII-XIV əsrlərə aid şirli və şirsiz saxsı məmulatlar, fayans qab qırıqları, Elxanilər, Qızıl Orda xanları, Cəlairlər və Qaraqoyunluların mis sikkələrindən ibarət pul nümunələri aşkar olunan arxeoloji tapıntılar içərisində daha çox üstünlük təşkil edir.

Turizm

     Salyan rayonu ölkəmizin zəngin irsə malik qədim yaşayış məskənlərindən biridir. Rayonun əlverişli coğrafi mövqeyi, əsrarəngiz, zəngin təbiəti və zəngin tarixi mədəniyyət abidələri burada turizmin inkişafı üçün potensial imkanlar yaradır. Əslində, təkcə Şirvan Milli Parkı və onun ərazisindəki gəzməli-görməli yerlər, eləcə də rayon ərazisindəki müalicəvi suların tanıdılması üçün səmərəli işlər görülsə, mövcud turizm marşrutları bir qədər də zənginləşdirilərsə, turizm üçün münbit imkanlar yaranar. Bəndovan qədim yaşayış məskəni, palçıq vulkanları, Kürsəngi və Kürovdağ dağlarındakı mağaralar, dadı damaqlardan getməyən ləziz təamlar, xüsusən balıqdan hazırlanan yeməklər buralara gələnin yenidən gəlməsinə zəmin olar. Kür çayının sahilini bəzəyən Tuğay meşələri, bu yerlərdəki istirahət mərkəzləri, eləcə də Xəzərin Salyan ərazisindəki sahillərindəki ayaq dəyməmiş çimərliklər daxili və xarici turistlərin yolunu gözləyir. Səhərlər Bala Kür (Akkuşa) çayının dumanlı sahili də bambaşqa, əsrarəngiz mənzərələr vəd edir. Bəlkə də çoxlarımız bilmirdik ki, dünyanın ən şor bulağı, müalicəvi əhəmiyyətli Şır-Şır da Salyandadır.

1999-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda “Turizm haqqında ” Qanunun qəbul edilməsi nəticəsində bu sahədə nəzərə çarpacaq nəticələr əldə edilib, ölkəmizin turizm sektorunun beynəlxalq turizm bazarına inteqrasiyasının əsası qoyulub. Ölkə Prezidenti cənab İlham Əliyevin 2 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” həmin imkanların reallaşması üçün mühüm baza yaratmışdır.

Azərbaycana investisiya yatırmaq həvəsində olanlar da bilməlidir ki, Salyan rayonunun ərazisində ekoturizmin inkişafı üçün kifayət qədər geniş fəaliyyət sahəsi və imkanlar var. Mütləq nəzərə alınmalıdır ki, Salyan ərazisində mövcud olan unikal palçıq vulkanları və termal su mənbələri rayonda müalicəvi turizmin inkişafı üçün böyük imkanlar yaradır. Bundan əlavə Salyan Olimpiya İdman Kompleksi, “Kür” mehmanxanası, “Göl üstü” restoranı, “Bala kür” restoranı, “Yanar dağ” restoranı, “Təndir” restoranı və s. obyektlər qonaqların və yerli sakinlərin xidmətindədir.

  Park, Restoran və istirahət mərkəzləri

     Salyan rayonunda kifayət qədər restoran və istirahət mərkəzləri, həmçinin şadlıq sarayları mövcuddur. Müasir tələblərə cavab verən obyektlərdə rahat dincəlmək və gecələmək üçün hər cür şərait var. Bu məkanlar rayonun ən füsünkar və əlverişli yerlərində salınıb. Rayona təşrif buyuran qonaqlar Salyan mətbəxinə aid ləziz yeməklərdən dadmaqla yanaşı rayonun göz oxşayan təbiəti və gəzib görməli yerləri ilə də tanış ola bilərlər. Salyanda olarkən isə qidalanma və gecələmə tələbatınızı bu iaşə obyektlərinin peşəkar personalına etibar edə bilərsiniz.

1.“Gölüstü” restoranı (100 yerlik)

Salyan rayonu Aşağı Kürkəndi kəndi, Ələt-Astara yolunun yaxınlığında yerləşir. Suyun üzərində salınan bu obyektdə istədiyiniz yeməkləri sifariş edə bilərsiniz.

2.“Bala Kür” restoranı (95 nəfər)

Salyan şəhəri, Ələt-Astara magistral yolunun yaxınlığında yerləşir. Restoranın Akkuşa cayının sahilində salınması bura xüsusi gözəllik verir.

3.“Yanar Dağ” restoranı (100 nəfər)

Salyan şəhəri, Ələt-Astara magistral yolunun kənarında salınıb. Gözəl və səliqəli görünüşü ilə diqqət çəkən restoranda dadlı yeməklər hazırlanır.

4. “Dostluq” restoranı (70 nəfər)

Salyan şəhəri, Ələt-Astara magistral yolunun kənarında yerləşir. Akkuşa çayının restoranın ərazisindən keçməsi burada gözəl mənzərə yaratmaqla yanaşı yay aylarında bura gələn qonaqların sərinləməsi üçün əlverişli məkan hesab olunur. Restoranda verilən yeməklər hər zaman təzə və dadlı olur.

5. “Bakı” restoranı (110 nəfər)

Salyan şəhəri, Ələt-Astara magistral yolunun kənarında yerləşir. Burada da müştərilərə keyfiyyətli xidmət göstərilir.

6. “Babək” restoranı (110 nəfər)

Salyan şəhəri, Ələt-Astara magistral yolunun kənarında yerləşir. Akkuşa çayının restoranın ərazisindən keçməsi burada gözəl mənzərə yaradır. Restoranda həmişə dadlı yeməklər hazırlanır.

7. “Köhnə Bərə” restoranı (130 nəfər)

Salyan şəhəri, Ələt-Astara magistralı yolunun kənarında salınıb. Gözəl və səliqəli görünüşü ilə diqqət çəkən restoranda dadlı yeməklər hazırlanır.

8. ”Gülüstan” restoranı (100 nəfər)

Salyan rayon Həsənli kəndində Ələt-Astara yolunun kənarında yerləşir. Keyfiyyətli və dadlı yeməklərin bişirilməsi də buradakı personalın başlıca vəzifələridir.

9. “Olimpiya” mehmanxanası

Salyan şəhər, Ələt-Astara magistral yolunun kənarında Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərir. Tam müasir tələblərə cavab verən 4 mərtəbəli mehmanxanada gecələmək üçün hər cür şərait var.

10. “KÜR” mehmanxanası

Salyan şəhər H. Əliyev prospektində yerləşir. Yüksək səviyyədə qurulan mehmanxanaya təşrif buyuran hər bir müştəri istədikləri bütün xidmətlərdən istifadə edə bilərlər. İri və kiçik zalların olması burada müxtəlif tədbirlərin təşkilinə də imkan verir.

11. «Ceyran» istirahət mərkəzi (500 nəfər)

Salyan rayonu Quyçu kəndindədir.

11. “Qızılgül” restoranı

Salyan şəhəri Ələt-Astara yolunun kənarında salınıb.

12. ”Təndir” restoranı

Salyan şəhəri Ələt-Astara yolunun kənarında yerləşir.

13. Rayonun Xələc kəndinin ərazisində, Ələt-Astara yolunun yaxınlığında da bir necə restoran və istirahət mərkəzləri fəaliyyət göstərir.

H.Əliyev adına park

Rayon mərkəzində salınan Heydər Əliyev parkı 1.7 hektar ərazini əhatə edir. Müasir tələblərə uyğun tikilən parkda əhalinin rahat dincəlməsi ücün hər cür şərait yaradılıb. Parkda oturacaqlar qoyulub, fəvvarələr quraşdırılıb. Ərazidə rayon İcra hakimiyyəti üçün inzibati bina və Heydər Əliyev Mərkəzi tikilib.

“Bayraq” meydanı

Bayraq meydanı Salyan şəhər Nazim Babayev küçəsində salınıb. 3 hektar ərazini əhatə edir. Bu ərazidə yaşayan 3 mindən çox sakinin istifadə etdiyi parkda mədəni istirahət ücün hər tərəfli şərait yaradılıb. 2013-cü ildə Bayraq meydanının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Meydanda dalğalanan dövlət bayrağının hündürlüyü 40 metrdir.

Monumental abidələr

    Ümummilli Lider Heydər Əliyevin heykəli

    İctimai xadim, alim, tərcüməçi, böyük mütəfəkkir Əlibəy Hüseynzadənin heykəi

    Xalq şairi Xəlil Rza Ulutürkün və oğlu Milli Qəhrəman Təbriz Xəlilbəylinin barelyefləri

    Akademik Zərifəxanım Əliyevanın barelyefi

    Din xadimi Ağa Mirbağır Ağazadənin barelyefi

    Milli qəhrəman Nazim Babayevin büstü

    Sovet İttifaqı qəhrəmanı Məhərrəm Dadaşovun büstü

    “31 Mart soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidə

   “Şəhid Anası” abidəsi

    20 Yanvar faciəsində şəhid olanların xatirəsinə ucaldılmış abidə

    Rayonumuzda və kəndlərdə 1941-1945-ci il faşizm üzərində “Qələbə günü” xatirəsinə ucaldılmış abidələr

    Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə

Mədəniyyət müəsisələri

 

N. Gəncəvi adına Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Uzun müddət Muğanın maarif mərkəzi funksiyasını yerinə yetirən Salyanda ilk qiraətxananın yaradılması 1881-ci ilə təsadüf edir. Qiraətxana 1880-ci il sentyabrın 22-də fəaliyyətə başlayan 2 sinifli rus-tatar məktəbinin müəllim kollektivinin təşəbbüsü ilə yaradılıb. İlk illərdə qiraətxana camaatdan toplanan kitab və dövrü mətbuat nümunələri ilə zənginləşdirilib. Lakin toplanan materiallar tələbatı tam ödəmədiyindən yeni və daha böyük kitabxananın yaradılmasına zərurət yaranır. Və beləliklə burada toplanılan təcrübə müstəqil ictimai qiraətxananın açılmasına təkan oldu. Xalq müəllimləri Mirzə Əziz Babazadə və Mirzə Yaqub Əlizadənin təşəbbüsü və dəstəyi ilə 1903-cü ildə Salyanda ilk ictimai qiraətxana yaradıldı. Qiraətxana üçün ilk bina köhnə dükanlardan birində (icarə haqqı ödəməklə) fəaliyyət göstərib. Yeni qiraətxananın fəaliyyətini genişləndirmək və zənginləşdirmək məqsədilə tərəqqipərvər insanlar qiraətxanaya o vaxtkı pulla 420 manat 60 qəpik dəyərində kitab və dövrü mətbuat bağışlayıblar. Qiraətxanadakı kitablardan istifadə üçün oxucular müəyyən olunmuş məbləğdə oxu haqqı ödəyirdilər ki, bu pullar və verilən ianələr kitab fondunun zənginləşməsinə xərclənirdi. Getdikcə qiraətxana Salyanda qabaqcıl ideyaların təbliği mərkəzinə çevrilir. Milli-mənəvi dəyərləri özündə əks etdirən əsərlər geniş oxucu kütləsinə təqdim olunmazdan öncə burada müzakirəsi keçirilərmiş. Sonralar davamlı inkişaf edən bu ictimai qiraətxana kitab fondunu artıraraq, kütləvi kitabxanaya çevrilir. Sovetlər dövründə isə kitabdan daha geniş istifadəni təmin etmək məqsədilə 1975-ci ildə Salyan Rayon Kitabxanası Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrildi. 1978 –ci ildə kitabxana nümunəvi xüsusi layihə əsasında tikilən yeni binaya köçürüldü.
Müstəqillik illərində isə Ümimmilli Liderimiz Heydər Əliyev tərəfindən kitabxanaların fəaliyyətinin daha da inkişaf etdirilərək müasir tələblərə uyğunlaşdırılmasına xüsusi diqqət və qayğı göstərilmişdir.Belə ki, 1996-cı ildə Azərbaycan hökumətinin “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı, 1999-cu ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu qanunlara uyğun olaraq Nizami Gəncəvi adına Mərkəzi Kitabxana yenidən və yüksək səviyyədə təmir olunub və yeni avadanlıqlarla təchiz edilib.
Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də vətəndaşların maariflənməsi işinə daim diqqətlə yanaşmışdır. Cənab Prezidentin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamına əsasən kitabxananın kitab fondunun yenilənməsi və əlavə kitabların gətirilməsi ilə zənginləşdirilməsinə başlanıldı. Proses hazırda da davam etdirilir.

 

Fəaliyyətin bu günü

Hazırda Nizami Gəncəvi adına Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi  44 filial  kitabxanasını özündə birləşdirir. Onlardan: 1-i mərkəzi  kitabxana, 7-si  şəhər - qəsəbə, 36-sı kənd kitabxana filialıdır.9 kitabxana filialı fəaliyyəti dayandırılıb. Ümumilikdə, bu müəssisələrdə 122 nəfər kitabxana işçisi çalışır.  Onlardan  25 nəfəri ali ixtisas  təhsilli, 28 nəfəri orta ixtisas,  31nəfəri orta təhsillidir. Kitab fondu 505486 nüsxədir. İl ərzində  MKS–də 22771oxucu olmuşdur. Kitabxanaya gəliş 431000 nəfər olmuşdur. Hazırda Mərkəzi kitabxananın oxu zalında eyni vaxtda 85 nəfər oxucu mütaliə ilə məşğul ola bilər. Fond tutumu 66 min nüsxə olan xidmət şöbəsindən oxucular istək və maraqlarına uyğun ədəbiyyatlar tapa bilərlər. Oxuculara yüksək səviyyədə xidmət göstərmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı”nın icrası Azərbaycanda kitabxana işinin inkişafında dönüş yaratdı. Məhz bu sərəncamın icrası olaraq respublika üzrə, o cümlədən Nizami Gəncəvi adına Mərkəzi Kitabxanada Elektron Kitabxana yaradıldı. Elektron kitabxananın fəaliyyəti üçün 17 stolüstü, 7 noutbook kompüterləri və digər avadanlıqlar alınıb. Hazırda Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Dövlət Proqramına uyğun olaraq kitabxana informasiya sahəsində yeni texnologiyaların tətbiqi, müasir kitabxana informasiya infrastrukturunun yaradılması işi kompleks şəkildə davamlı aparılır. Mərkəzi kitabxana “Alisa”proqramı sisteminə keçirilib.

Hazırda Mərkəzi kitabxanada 6 şöbə (Oxuculara xidmət  şöbəsi, Uşaq şöbəsi, Metodika və biblioqrafiya  şöbəsi, Komplektləşdirmə  və  kitabişləmə şöbəsi, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi, İnformasiya-resurs şöbəsi) fəaliyyət göstərir.

 

Kitab abidələri

Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 114 kitab abidəsi qeydiyyatdadır. Onlardan 103-ü Mərkəzi Kitabxanada saxlanılır. Qalan 11 kitab abidəsi isə hazırda şəxsi evlərdə qorunan “Qurani-Kərim”in qədim kitab nümunələridir. Kitabxanadakı “kitab abidələri” nin 69-u lüğət tərkibli, 15 isə söz birləşmələri haqda Ensiklopedik lüğətlərdir. Digər 6-sı Yer planetindən, 2-si Yer quruluşundan bəhs edən, 2-si bitkiləri öyrənən, 1-i isə təbiətin yaranmasına həsr olunan Ensiklopediyalardır. Dünya tarixinin ayrı-ayrı dövrlərini olduğu kimi bizlərə çatdıran 4 tarixi ensiklopediya da (2-si XIX əsr tarixi, 2-si Bizans imperiyasından bəhs edir) gələcək nəsillərə çatdırmaq üçün kitabxanada yüksək səviyyədə qorunaraq maraq göstərən oxuculara təqdim olunur.

 

Kitabxana filialları

Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Salyan şəhəri

M.Rəsulzadə küç.133

021-255-53-67

Əliyeva Səidə

Məmmədağa qızı

1 saylı şəhər kitabxana filialı

Salyan şəhəri, T.Xəlilbəyli küçəsi 136

021-255-55-81

Miriyeva Günel

Tofiq qızı

2 saylı şəhər kitabxana filialı

Salyan şəhəri H.Əliyev küç.107A

Ağazadə Konül Hacıgülhüseyn qızı

3 saylı şəhər kitabxana filialı

Salyan şəhəri S.Vurğun küç.75

Hüseynova Nigar

Bayram qızı

4 saylı şəhər kitabxana filialı

Salyan şəhəri, N.Babayev küçəsi, BayraqMuzeyi

Novruzova Kəmalə

Taleh qızı

Kürsəngi kənd kitabxana filialı

Kürsəngi kəndi

Seyidov İdrak

Mövsübalı oğlu

Quyçu kənd kitabxana filialı

Quyçu kəndi

Kərimova Günel

Gülağa qızı

Sarvan kənd kitabxana filialı

Sarvan kəndi

Qasımova Lətifə

Osman qızı

Qarabağlı kənd kitabxana filialı

Qarabağlı kəndi

Fəaliyyəti dayanıb

Şorsulu kənd kitabxana filialı

Şorsulu kəndi

 

Fəaliyyəti dayanıb

Kür Qaraqaşlı kənd kitabxana filialı

Kür Qaraqaşlı

kəndi

Ərəbova Arzu

Aslanqızı

Varlı kənd kitabxana filialı

1-ci Varlı kəndi

Kərimova Nüşabə

Ağazadə qızı

Aşağı Noxudlu kənd kitabxana filialı

Aşağı Noxudlu kəndi

 

Fəaliyyəti dayanıb

Aşağı Kürkənd kənd kitabxana filialı

Aşağı Kürkənd kəndi

Kərimova Bahar Allahqulu qızı

Çadırlı kənd kitabxana filialı

Çadırlı kəndi

Fəaliyyəti dayanıb

Xocalı kənd kitabxana filialı

Xocalı kəndi

Fəaliyyəti dayanıb

Çuxanlı kitabxana filialı

Çuxanlı kəndi

 

İbrahimov Rəşad

Stansiya Dayıkənd kənd kitabxana filialı

Dayıkənd kəndi

Həsənova Gülnarə

Hacıağa qızı

Beştalı kənd kitabxana filialı

Beştalı kəndi

Axundova Südabə Allahverdi qızı

Marışlı kənd kitabxana filialı

Marışlı kəndi

Qurbanova Bəhruzə

Əlifağa qızı

Yenikənd kənd kitabxana filialı

Yenikənd kəndi

Səfərov Zahir

Qiyas oğlu

Boranıkənd kənd kitabxana filialı

Boranıkənd kəndi

Fəaliyyəti dayanıb

Bəydilli kənd kitabxana filialı

Bəydill kəndi

Mahmudov Elnur

Həmzə oğlu

Düzənlik kənd kitabxana filialı

Düzənlik kəndi

Teymurov Ziyafət

Oruc oğlu

Seyidsadıqlı kənd kitabxana filialı

Seyidsadıqlı kəndi

Bağırova Həyat

Gülağa qızı

Arbatan kənd kitabxana filialı

Arbatan kəndi

Rəcəbova Rövşanə

Lazım qızı

Xurşud kənd kitabxana filialı

Xurşud kəndi

Fəaliyyəti dayanıb

Seyidlər kənd kitabxana filialı

Seyidlərkəndi

Kərimova Mənsumə

Bəbir qızı

Kərimbəyli kənd kitabxana filialı

Kərimbəyli kəndi

Nağıyeva Sevinc

Sədaqət qızı

Həsənli kənd kitabxana filialı

Həsənli kəndi

SüleymanovTaleh

Yavər oğlu

Ərəbqardaşbəyli kənd kitabxana filialı

Ərəbqardaşbəyli kəndi

Əliyeva Şəhla

Oruc qızı

Yeni Uluxanlı kənd kitabxana filialı

Yeni Uluxanlı

kəndi

Fəaliyyəti dayanıb

Yuxarı Noxudlu kənd kitabxana filialı

Yuxarı Noxudlu kəndi

Məlikova Zülfiyyə

Tarıverdi qızı

Abadkənd kənd kitabxana filialı

Xalac  kəndi

İbrahimov Elman

Ramiz oğlu

Daykənd kənd kitabxana filialı

Dayıkənd kəndi

Bağırov Nazim

Məhərrəm oğlu

Peyk kənd kitabxana filialı

Peyk kəndi

Cəbrayılov Mahir

Bayram oğlu

20 Yanvar qəsəbə kitabxana filialı

Salyan şəhəri

20 Yanvar küç.

Ağalarova Ofelya

Nadir qızı

Qaraçala qəsəbə kitabxana kitabxana filialı

Qaraçala

qəsəbəsi

Quliyeva Aysel

İbrahim qızı

Pambıqkənd kənd kitabxana filialı

Pambıqkənd kəndi

Fəaliyyəti dayanıb

Yuxarı Xalac kənd kitabxana filialı

Xələc kəndi

Məhərrəmova Sənarə Xanqulu qızı

Babazanlı qəsəbə kitabxana filialı

Salyan şəhəri, T.Abdulrəhmanov küç. 1

021-255-64-71

Əliyeva Ləman

Namik qızı

Alçalı kənd kitabxana filialı

Alçalı kəndi

Fəaliyyəti dayanıb

Plasmas qəsəbə kitabxana    filialı

Salyan şəhəri Ə.Quliyev küç.18 saylı uşaq bağçasının binası

İslamova Fərqanə

Əlifağa qızı

Seydan kənd kitabxana filialı

Seyidan kəndi

Mirzəyeva Fatma

Bəhmən qızı

 

Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Əliyeva Səidə Məmmədağa qızı

Ünvan: Salyan şəhəri M.Rəsulzadə küçəsi, 133

E-mail: salyan@cls.az, sayt http://salyan.cls.az/, Facebook səhifəsi: Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Tel: (+994) 051-855-96-75

 

Tarix-Diyarşünaslıq Muzeyi

Milli-mədəni tariximizi əks etdirən nadir tarixi eksponatların qorunub saxlanılmasında muzeylərin, xüsusən Tarix –Diyarşünaslıq muzeylərinin rolu danılmazdır. Əli bəy Hüseynzadə adına Tarix – Diyarşünaslıq muzeyi uzun illərin məişətindən, yaşam tərzindən, gün-güzəranından xəbər verən maddi sübut və eksponatlar əsasında tariximizin şanlı səhifələrinə çıraq tutan məkandır. 1981-ci il yanvarın 10-dan fəaliyyət göstərən bu muzeyə 1991-ci il 8 noyabrda Nazirlər Kabinetinin 371 nömrəli qərarına əsasən görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin adı verilib. Ölkə prezidenti İlham Əliyev muzeylərin inkişafı və yeni muzeylərin təşkilinə daima diqqət ayırmışdır. Prezidentin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan «Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı»na əsasən Salyan Tarix Diyarşünaslıq Muzeyi 14 may 2016-cı il tarixindən təmirə dayanmışdır. Muzey əsaslı təmir olunmuş və ekspozisiyalar yenidən qurulmuşdur. 3 sentyabr 2016 cı ildə Cənab prezidentin bölgəyə səfəri zamanı Tarix Diyarşünaslıq Muzeyinin də açılışını etmişdir.

2 mərtəbəli binada yerləşən muzey 5 zaldan-ideoloji, arxeoloji, etnoqrafik, hərb, şəxsiyyətlər, fond və 3 iş otağından ibarətdir. Muzeydə ən qədim tarixə malik-e.ə I minniliyə aid küp qəbir, gil qab nümunələri, müxtəlif ölçülü və təyinatlı keramika, saxsı qab nümunələri, mis və bürüncdən ibarət məişət əşyaları, qədim gil çıraqlar, qədim sikkələr, təsərrüfat avadanlıqları, numizmatik materiallarla zəngindir. Həmçinin Salyan və Muğan toponimini izah edən böyük ölçüdə nəfis rəsm əsərləri, Böyük vətən Müharibəsi və Qarabağ müharibəsi iştirakçılarının bir qisminin, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Rəşid Mehdiyevin guşəsi, Salyanın məşhur şəxslərinin, akademiklərinin bir qisminin şəkilləri sərgilənir. Ümumilikdə muzeydə 12239 nüsxədə maddi mədəniyyət nümunələri qorunub saxlanılır. İlk baxışda quru və cansıxıcı görünən köhnə eksponatlar əslində neçə min illərin məişətindən, həyat tərzindən, əhalinin güzəranından məlumat verir. Rayonda indiyə qədər aparılan arxeoloji qazıntılar sübut edir ki, vaxtilə Muğanda 3 iri şəhər mövcud olmuşdur. Bunu qazıntılar zamanı tapılan müxtəlif çeşidli nümunələr təsdiq edir. Muzeydə Azərbaycanın, bölgəmizin tarixinin bütün mərhələlərinə-daş, gil, tunc və sonrakı dövrlərə aid eksponatlar toplanmışdır. Burada olan küplər, çıraqlar və s rayonumuzun ən qədim yaşayış məskənlərindən olan Noxudlu, Marışlı, Qırxçıraq kəndlərindən tapılmışdır. Bu muzey qonaqların, turistlərin, yerli sakinlərin sevə-sevə baş çəkdiyi maraqlı yerlərdəndir. 2025-ci ilin məlumatına görə muzeyə fərdi qaydada gələnlərin sayı 6392 nəfər olmuşdur. Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərdiyi 45 il ərzində 12239 adda eksponatı özündə cəmləyə bilmişdir. Belə ki, bunlardan 7091 ədədi əsas fondda, 5148 ədədi köməkçi fondda saxlanılır. Muzey kollektivi əhaliyə göstərdiyi yüksək səviyyəli xidmətlərə, təşkil etdikləri yüksək səviyyəli tədbirlərə görə rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunub.

Salyan Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Hüseynova Rəfiqə Rahim qızı

Ünvan: Salyan şəhəri S. Vurğun küçəsi 75

Tel: (021) 255-53-13  

 

Salyan rayon Heydər Əliyev Mərkəzi

Salyan rayonunda Heydər Əliyev Mərkəzi 4 sentyabr 2013-cü ildə cənab prezident İlham Əliyevin iştirakı ilə açılıb, istifadəyə verildi. Mərkəzin yaradılmasında məqsəd ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini tədqiq etmək, öyrənmək və ictimaiyyətə çatdırmaqdır. Mərkəzin ümumi sahəsi 1479 km² kv  iki ekspozisiya zalının sahəsi isə 733 km²-dir. Mərkəzdə 791 eksponat qorunub saxlanılır. Eksponatlar ümummilli liderin həyat və fəaliyyətini ayrı-ayrı dövrlərini özündə əks etdirən 18 mərhələ üzrə, 9 bölmədən ibarətdir. Eyni zamanda mərkəzdə Heydər Əliyev haqqında kitablar, jurnallar, sənədlər videolentlər saxlanılır.

1-ci ekspozisiya zalı 3 mərhələ üzrə, 2 bölmədən ibarətdir. 1-ci mərhələdə  ulu öndərin 1977-ci ildə Salyana səfərindən bəhs edir. Ulu öndər bu zaman “Yeni Muğan”, “Oktyabr”, “Bəşirabad” kolxozlarında olmuş, partiya fəalları ilə görüş təşkil etmişdir. 2-ci mərhələdə cənab prezident İlham Əliyevin Salyana səfərindən, Salyan  rayon İcra Hakimiyyəti və Salyan rayon Heydər Əliyev Mərkəzinin layihəsi ilə tanışlığından bəhs edir. 3-cü mərhələdə isə ulu öndərin 1982 və 1998-ci il Salyan rayonuna səfərlərindən bəhs edir. O cümlədən ekspozisiya zalında ulu öndər  Heydər Əliyevin  büstü nümayiş olunur.

2-ci ekspozisiya zalı 7 bölmə, 13 mərhələ üzrə bölünmüşdür. 1-ci mərhələ ümummilli lider Heydər Əliyevin uşaqlıq, gənclik və təhsil illəri, 2-ci mərhələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrləri, 3-cü mərhələ ailəsi ilə çəkdirdiyi fotoşəkilləri, 4-cü mərhələdə 1990-cı ildə Naxçıvana qayıdışını, 5-ci mərhələ SSRi Nazirlər Sovetinin sədrinin I-ci müavininin incəsənət xadimlərinə diqqət və qayğısından, 6-cı mərhələdə ulu öndər Heydər Əliyevin Hərbi hissələrə qayğısından, 7-ci mərhələdə 1993-cü ildə ölkə prezidenti seçilən Heydər Əliyevin iqtisadiyyata diqqətindən, 8-ci mərhələdə 1994-cü il sentyabr ayının 20-də bağlanmış “Əsrin müqaviləsi” adlı neft müqaviləsini və Bakı-Tibilisi-Ceyhan neft kemeri layihəsini, 9-cu bölmədə ümummilli liderin incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğısından, Azərbaycanın gündən-günə inkişaf etməsindən, 10-cu mərhələdə 1969-cu ildə iqtisadiyyatın inkişaf etməsindən, zavod və fabriklərin, metro stansiyalarının açılışından, 11-ci mərhələdə 1982-ci ildə ulu öndər Heydər Əliyevin xaricə siyasətindən, 12-ci mərhələd 1969-cu ildə 1-ci katib seçilən Heydər Əliyevin Azərbaycan bölgələrinə səfərindən, 13-cü mərhələdə Heydər Əliyevin Həcc ziyarətini əks etdirin eksponatlar nümayiş olunur. O cümlədən 2-ci ekspozisiya zalında 5 vitrin var. Vitrinlərdə ümummilli lider Heydər Əliyev haqqında yazılan kitablar və jurnallar, Heydər Əliyevin sənədlərinin sürəti nümayiş olunur.

Mərkəzin 3-cü mərtəbəsində elektron kitabxana, rəsm dərnəyi, eyni zamanda qeyri hökümət təşkilatları - KOB, RİİB, Qadın Resus Mərkəzi fəaliyyət göstərir. Elektron kitabxanaya isə mütəmadi olaraq oxuyucular gəlir və buradan səmərəli şəkildə istifadə edilir. Eyni zamanda bu mərtəbədə ulu öndərin portreti və Naxçıvanda yerləşən ilanlı dağ mənzərəsi əks olunur. 

Heydər Əliyev Mərkəzi mədəni-maarif ocağı kimi gənclərin, müxtəlif təbəqəli insanların maariflənməsində, onların ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini daha dərindən öyrənilməsində əhəmiyyətli rol oynayır. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

 

Ünvan: Salyan şəhəri T. Xəlilbəyli küçəsi 136, Heydər Əliyev Parkının ərazisi

Tel: (021) 255-55-81   

Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Bayramova Nübar Mirəhməd qızı

Elektron ünvan:salyanmerkez@gmail.com

 

Salyan Dövlət Kukla Teatrı

Salyan Dövlət Kukla Teatrı 1973-cü ildə yaradılıb. İlk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət göstərən, sonralar hər yerdə tanınacaq bu kollektiv yaradıcılıq birliyi əslən Salyandan olan, Bakı Dövlət Kukla Teatrında aktyor işləmiş, mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. O, tez bir zamanda ətrafına istedadlı həvəskarları toplayaraq Əli Səmədlinin “Artıq tamah baş yarar” əsərini tamaşaya qoyub. İlk addımın uğurları davamlı olduğundan dərnək 1975- ci ildə “ Xalq kollektivi ” adına layiq görülüb. Teatrın kollektivi tezliklə festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında layiqincə çıxış edərək müxtəlif mükafatlarla yanaşı geniş tamaşaçı auditoriyasının sevgisini də qazanıblar. Sənət aləmində özlərini kifayət qədər doğruldan kollektivə 1994 –cü il iyulun 4 –də Dövlət Teatrı statusu verilib. Bu illər ərzində teatrın kollektivi Əli Səmədlinin “Artıq tamah baş yarar ”, Mirmehdi Seyidzadənin “Ata məhəbbəti ”, Rəhman Əlizadənin “Keçəlin toyu“, Rafiq Savalanın “Qayğıkeş Nigar”, “Tələ quran özü düşər ”, Abdulla Şaiqin “Danışan Kukla”, İsgəndər Coşqunun “Tülkü həccə gedir”, Tofiq Kərimin “Quyruqlu ulağın sərgüzəştləri”, Əli Əlizadənin “Keçəl Həmzənin hiyləsi”, Həsənağa Hüseynovun “Ulamaqdan mələməyə”, Firudin Ağayevin “Cırtdan və Sehrbaz”, Rafiq Mirzənin ”Yetim fatma”, R. Kipinqin “ Başlı başına gəzən pişik” və başqa 60-a qədər əsərləri səhnələşdirərək tamaşaçıların zövqünü oxşayıblar. Bu tamaşalar təkcə Salyanda deyil, ətraf bütün rayonlarda nümayiş etdirilib. Teatr kollektivi rayonda keçirilən mədəni – kütləvi tədbirlərdə hər zaman yaxından iştirak edir. Teatrın kollektivi öz tamaşaları ilə uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünya görüşlərini formalaşmasında böyük rol oynayırlar.

Ümumiyyətlə, Salyanda teatr ənənələri daha qədimdir. 1944-1949-cu illərdə Salyanda Dövlət Dram teatrı fəaliyyət göstərib. Müharibə dövründə açılan bu teatr dövrünün nümunəvi teatrlarından olub. Dram teatrı olmasına baxmayaraq yaradıcı heyətin güclü olması ilə əlaqədar səhnəyə opera və musiqili komediya tamaşaları da qoyulub. Bu gün hamının tanıdığı görkəmli şəxsiyyətlərin bir qismi bu teatrın yetirmələridir. Onlardan Rübabə Muradova, Qulu Əsgərov, Sənan Ağabəyli, Muğbil Dadaşov, Əliağa Kürçaylı, Əflatun Ağayev, Rza Şıxov və başqalarını göstərmək olar. 1949-cu ildə bir sıra əyalət teatrları ilə yanaşı Salyan teatrı da öz fəaliyyətini dayandırmağa məcbur olub.
2019-cu ildə Mədəniyyət Nazirliyi və rayon İcra hakimiyyəti tərəfindən Salyan Dövlət Kukla Teatrı əsaslı təmir edilmişdir. Salyan Dövlət Kukla teatrının inzibati binasında əsaslı yenidənqurma işlərinin aparılması ölkədə mədəniyyət və incəsənətin inkişafına diqqətin daha bir təzahürüdür. Hazırda Salyan Dövlət Kukla teatrına Hüseynova Laləzar rəhbərlik edir. Teatrın baş rejissoru isə Rafiq Mirzədir.

Salyan Dövlət Kukla teatrının direktoru Muradov Yaşar Yadigar oğlu

Ünvan: Salyan şəhəri H. Əliyev küçəsi 108

Tel: (070) 735-44-55, (021) 255-51-94

 

 

Salyan Dövlət Rəsm Qalereyası

Salyan Dövlət Rəsm Qalereyası 1985-ci ildən fəaliyyətdədir. Qalereyanın ayrıca binası olmadığından rəsm sənətinin fədailəri müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdə böyük çətinlik içərisində fəaliyyətlərini davam etdiriblər (1985-1992-ci illərdə Cümə məscidində, 1992-1998-ci illərdə rayon mədəniyyət evinin foyesində, 1998-2008-ci illərdə 1 saylı univermağın 2-ci mərtəbəsində). Bu çətinliklərə 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva son qoyub. Belə ki, fondun dəstəyi ilə şəhərin mərkəzində müasir tipli Rəsm Qalereyası binası tikilərək istifadəyə verilib. Burada sərgilərin keçirilməsi və rəsm dərnəklərin təşkili üçün hər cür şərait var. İstedadlı rəsm həvəskarlarının üzə çıxarılmasında böyük rolu olan qalereyada 8 nəfər əməkdaş çalışır. İki sərgi salonu olan qalereyanın əsas fondunda 97, köməkçi fondunda isə 7 əsər qorunur və sərgilənir. 

Salyan Dövlət Rəsm Qalereyasının direktoru Məmmədov Kürçaylı Zabil oğlu 

Ünvan: Salyan şəhəri H.Əliyev küçəsi 125;  Tel: (+994) 50-546-80-30

 

Qulu Əsgərov adına İncəsənət məktəbi

Salyan rayon İncəsənət məktəbi 1961 - ci ildən 7 illik uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. 1991-ci ildən isə Mədəniyyət Nazirliyinin qərarı ilə musiqi müəssisəsinə Qulu Əsgərovun adı verilib və statusunu dəyişdirərək incəsənət məktəbinə çevrilib. O vaxtdan başlayaraq məktəbin uğurları daha da artıb. Dərslərin keçirilməsində, tədris işlərinin yüksək səviyyədə təşkilində əsaslı dönüş olub. Məktəbin şagird və məzunları dəfələrlə respublika səviyyəli müsabiqələrdə fərqlənərək musiqi ocağının adını yüksəklərə qaldırıblar. Məlumat üçün bildirək ki, Salyan şəhər Qulu Əsgərov adına uşaq incəsənət məktəbinin məzunlarının böyük bir qismi respublikanın ali və orta ixtisas təhsil müəssisələrini bitirib müxtəlif bölgələrdə fəaliyyət göstərərək, milli musiqimizin qorunub saxlanması və təbliği sahəsində yaxından iştirak edirlər.
Hazırda Salyan şəhər Qulu Əsgərov adına uşaq incəsənət məktəbində fortepiano, skripka, tar, kamança, saz, qarmon, nağara, xanəndəlik, təsviri İncəsənət, xoreoqrafiya (rəqs) ixtisasları üzrə şöbələr fəaliyyət göstərir. Lakin məktəbdə nəfəsli alətlər, estrada ifaçısı, sintezator ixtisasları üzrə peşəkar kadrlar olmadığı üçün bu şöbələrin açılması hələ ki mümkün olmayıb. Məktəbdə Azərbaycan xalq çalğı alətləri orkestri, xor kollektivi, Kür qrupu və digər qruplar da fəaliyyət göstərirlər. Ümumiyyətlə məktəbdə göstərilən ixtisaslar üzrə 343 nəfər şagird təhsil alır. Bu şagirdlərin təhsil, təlim və tərbiyə işləri ilə 69 müəllim məşğul olur. Müəllimlərin əksəriyyəti hazırda dərs dedikləri incəsənət məktəbinin yetirmələridir. Onların da 4 nəfəri ali təhsilli, 62 nəfəri orta ixtisas təhsilli, 3 nəfəri isə orta təhsillidir. 2025-2026-cı tədris ilində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin qəbul planına uyğun olaraq məktəbə 85 nəfər şagird qəbul edilmişdir. Ümumilikdə fortepiano şöbəsində 253, skripkada 10, tarda 20, sazda 4, qarmonda 14, nağarada 11, kamançada 7, rəssamlıqda 5, xoreoqrafiyada 5, xanəndəlikdə isə 14 nəfər şagird təhsil alır.

2019-cu ilin may ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən məktəbdə əsaslı təmir işləri aparılmış və 8 yeni sinif otağı tikilib şagirdlərin ixtiyarına verilmişdir.

Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin direktoru Əliyeva Adilə Mirqəfər qızı

Ünvan: Salyan şəhəri Əli bəy Hüseynzadə küçəsi 46

Tel: (021) 255-51-09

Yenikənd kənd uşaq Musiqi məktəbi

Salyan rayon Yenikənd kənd uşaq Musiqi məktəbi 1982-ci ildən fəaliyyət göstərir. Məktəbdə 4 ixtisas üzrə tədris aparılır (fortepiano, tar, qarmon, nağara). Bu ixtisaslar üzrə fortepiano-49, tar-6, qarmon-40, nağara-16, cəmi 111 nəfər şagird təhsil alır. 2025-2026-cı tədris ilində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin qəbul planına uyğun olaraq məktəbə 10 nəfər şagird qəbul edilmişdir. Məktəbdə 22 müəllim çalışır ki, onlardan 3 nəfəri ali, 18 nəfəri orta ixtisaslı, 1 nəfər ümumi orta təhsillidir. Məktəbin məzunlarından bir çoxu musiqi sahəsində ali və orta ixtisas təhsili olaraq Respublikanın müxtəlif bölgələrində çalışırlar. Məktəbin müəllimlərinin bir neçəsi də dərs dedikləri musiqi məktəbinin məzunlarıdır. Bir müəllim Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinin tələbəsidir. Məktəb binasının əsaslı təmirə ehtiyacı var.

Salyan rayon Yenikənd kənd Uşaq Musiqi Məktəbinin direktoru Hüseynova Xalidə Baxşeiş qızı

Ünvan: Salyan rayonu Yenikənd kəndi

Tel: 051-916-86-47

Salyan Bayraq Muzeyi

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, paytaxtdan sonra əksər bölgələrimizdə də üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.
24.09.2017-ci il tarixində Cənab Prezident İlham Əliyevin Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açlışında iştirak etmişdir. Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb, ərazidə geniş abadlaşdırma işləri görülüb. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilmişdir. Bina 2 zal, 1 vestibül, 1 bələdçi və 1 yardımçı otaqdan ibarətdir. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarında çalışanların, zabitlərin mərasim, hərbi hava və hərbi dəniz qüvvələri orqanlarının geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər və Ulu Öndərimizin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə və Dövlət Bayrağı Meydanının açılışı mərasimlərindən fotoları, poçt markaları, orden və medallar nümayiş olunur. Bütün bunlar həm Salyan gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

Salyan rayon Mədəniyyət Mərkəzi

Qədim Salyanda təhsil və insanların dünya görüşünün ətraf ərazilərdən fərqli olması, daha doğrusu inkişaf etməsi burada mədəniyyət sahəsinin formalaşmasına zəmin yaradır. İlk müntəzəm fəaliyyət göstərən “maarifləşdirmə” adı altında 1905-ci ildə guşə (klub) yaradır. Daha sonra bir qədər də təkmilləşdirilərək bədii öz fəaliyyət kollektivləri işə başlayır. 1924-ci ildə “Yeni yol” qəzetinin 27 dekabr sayında Ağalarov təxəllüslü müəllif yazırdı ki, salyanlı mədəniyyət işçiləri Astarxan bazarda (Cəlilabadda) mədəni proqramlarla çıxış edib. Ümumiyyətlə, 1920-1940-cı illər arasında klubda (sonradan mədəniyyət evi, indi isə Mədəniyyət Mərkəzi adlanır) xalq çalğı alətləri ansamblı, bədii qiraətçilər və dram dərnəkləri olub. 1944-cü ildə dram dərnəyinin bazasında Salyan Dram Teatrı yaradılır və 3 il fəaliyyət gəstərir. 1970-ci ildən bəri Mədəniyyət evinin (Mərkəzinin) nəzdində 5 bədii özfəaliyyət kollektivi fəaliyyətə başlayıb.
1. Qulu Əsgərov adına “Gənclik” xalq çalğı alətləri ansamblı 1945-ci il sentyabr ayında Məmmədov Məzahir Mənəf oğlu tərəfindən yaradılıb. “Gənclik” xalq çalgı alətləri ansamblı 02 sentyabr 1994-cü ildə Xalq kollektivi adına layiq görülüb. Respublikanın, Ümumittifaq festivallarının I-II-dərəcəli Diplom və döş nişanlarına layiq görülmüşdür. Kollektivə hal-hazırda Məmmədov Natiq İbadulla oğlu rəhbərlik edir. Kollektiv hal-hazırda Respublikada və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal  iştirak edir.
2. “Mahirlər” ailə xalq ansamblı 1961-ci ildə Əməkdar Məddəniyyət işçisi, Respublikanın Əməkdar Artisti Sadıqov Həsənağa Bilal oğlu tərəfindən yaradılıb. Xalq kollektivi adına 06.06.1988-ci ildə layiq görülüb. Kollektivə hal-hazırda Sadıqov Elçin Həsanağa oğlu rəhbərlik edir. Beynəlxalq, Ümumittifaq Respublika Festivalları lauriatı, AFR, Türkiyə, İran, Fransa, Amerka, Norveç, İngiltərə, Çin və başqa ölkələrdə çıxış etmişdir. Hal-hazırda Respublikada və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.
3. “Güzgü” miniatur xalq teatrı 1971-ci ildə Əliyev Əlizadə Abı oğlu tərəfindən yaradılıb. Xalq kollektivi adına 20.12.1989-cu ildə layiq görülüb. Kollektivə hal-hazırda Əliyev Mahur Əlizadə oğlu rəhbərlik edir. Birinci və ikinci dərəcəli Diplom və döş nişanları, Ümumittifaq, Respublika festivallar lauriatına layiq görülüb. Hal-hazırda Respublikada və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.
4. “Cəngi” milli nəfəs alətləri xalq kollektivi 1973-cü ildə Məmmədov Mənəf Heydər oğlu tərəfindən yaradılıb. Xalq kollektivi adına 18.11.1977-ci ildə layiq görülüb. Kollektivə hal-hazırda Abbasov Vasif Akif oğlu rəhbərlik edir. Beynəlxalq, Respublika festivallar lauriatı, SSRİ XTNS-nin qızıl medalı, Azərbaycan Respublikasının fəxri fərmanlarına layiq görülmüşdür. Kollektiv Yuqaslaviya, İspaniya, Avstriya, İran, Özbəkistan, Türkmənstan, Piribaltika ölkələrində çıxış etmişdir. Hal-hazırda Respublikada və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.
5. “Hünər” sirk- estrada xalq kollektivi 1982-ci ildə Cavadov Yaşar Əbil oğlu tərəfindən yaradılıb. Xalq kollektivi adına 24 iyun 1992-ci ildə layiq görülüb. Kollektivə hal-hazırda Cavadov Tural Yaşar oğlu rəhbərlik edir.  Birinci və ikinci dərəcəli Ümumittifaq, Respublika Festivallarının I dərəcəli Diplomuna layiq görülmüşdür. Hal-hazırda Respublikada və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.
Rayon Mədəniyyət evi 2015-ci ildən Mədəniyyət və Turizm Nazirinin müvafiq əmri ilə Mədəniyyət Mərkəzi adlandırılmışdır. Hazırda “Babək” kino teatrında yerləşən Əlövsət Quliyev adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Muğan” rəqs qrupu, “Kür” instrumental ansamblı, 4 adda həvəskar dərnək və kurslar fəaliyyət göstərir.
Məlumat üçün bildirirəm ki, 27 mədəniyyət müəssisəsində 97 nəfər işçi çalışır. Bunlardan 9 nəfəri ali, 22 nəfəri orta ixtisas, 13 nəfəri qeyri-ixtisas, 53 nəfəri isə orta təhsillidir.

 

Mədəniyyət müəsisələri

Rayonun mədəniyyət müəssisələri haqqında

Məlumatlar:

Mədəniyyət müəssisələri

Ünvan  əlaqə telefonları

Rəhbər (adı, soyadı, atasının adı)

Ə.Quliyev adına Salyan rayon Mədəniyyət Mərkəzi

Salyan şəhəri,

H.Əliyev küç.123

021-255-51-43

Bayramov Ramil Babalı oğlu 

Kür Qaraqaşlı kənd

Diyarşünaslıq evi

Kür Qaraqaşlı kəndi

Vəliyeva Aytən

Dilavər qızı

Parça Xələc kənd

Diyarşünaslıq evi

Parça Xələc kəndi

Kərimov Fərid

Əyyub oğlu

Qarabağlı kənd

Diyarşünaslıq evi

Qarabağlı kəndi

Ağayev Şaiq

Vaqif oğlu

Sarvan kənd

Folklor evi

Sarvan kəndi

Abdullayev İnqilab

Yunsur oğlu

Marışlı kənd

Folklor evi

Marışlı kəndi

Abdullayev Şahin

Mirağası oğlu

Yenikənd kənd

Folklor evi

Yenikənd kəndi

Tağıyev Məhəmməd

Səfər oğlu

Dayıkəndkənd

Mədəniyyət evi

Daykənd kəndi

Hüseynova Mənsumə

Sənan qızı

Noxudlu kənd

Sənətkarlıq evi

Aşağı Noxudlu kəndi

Nəcəfov Çingiz

Paşa oğlu

KLUBLAR

1 saylı şəhər klubu

Salyan şəhəri,

H.Əliyev küç.107A

021-255-51-43

Quliyeva Nuriyyə

Abdulsalam qızı

2 saylı şəhər klubu

Salyan şəhəri,

H.Əliyev küç.109 A

Vakant

3 saylı şəhər klubu

Salyan şəhəri,

T.Abdulrəhmanov küç. 4,

021-255-64-71

Bədəlova Nübar Qəşəm qızı

4 saylı şəhər klubu

Salyan şəhəri,

20 Yanvar küç.

Ağayeva Sevda Xubalı qızı

Çuxanlı kənd Folklor klubu

Çuxanlı kəndi

Hadıyev Ümidvar

Ağaverdi oğlu

Xurşud kənd Diyarşünaslıq klubu

Xurşud kəndi

Vakant

Kürsəngi kənd Sənətkarlıq klubu

Kürsəngi kəndi

Hüseynov Səbuhi

Səfxan oğlu

Xıdırlı kənd klubu

Xıdırlı kəndi

Abdullyev Fariz

Tofiq oğlu

Beştalı kənd klubu

Beştalı kəndi

Quliyev Samid

Mirzə oğlu

Şəkərli kənd klubu

Şəkərli kəndi

Şıxəliyev  Samid

Davudoğlu

Aşağ Kürkənd kənd klubu

Aşağı Kürkənd kəndi

Qəfərov Murad

Eltac oğlu

Boranıkənd kənd klubu

Boranıkənd kəndi

Kərimova Qədriyyə Bəbir qızı

Ərəbqardaşbəyli kənd klubu

Ərəbqardaşbəyli kəndi

Abdullayeva Məryam

Əlihəsən qızı

Abadkənd kənd klubu

Abadkənd kəndi

Mehdiyev Saleh

Ədalət oğlu

Qardili kənd klubu

Qardili kəndi

Qarayev Şamil

Fikrət oğlu

Şorsulu kənd klubu

Şorsulu kəndi

Cəbiyev Aqil

Camal oğlu

Cəngən kənd klubu

Cəngən kəndi

Cəbiyev Rəsul

Əhliman oğlu

Kərimbəyli kənd klubu

Kərimbəyli kəndi

Cəbrayılova Elmira

Əlibala qızı

       

 

 

Əlövsət Quliyev adına Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru Bayramov Ramil Babalı oğlu

Salyan şəhəri H.Əliyev küçəsi, 123

E-mail: salyanmedeniyyet.2020@gmail/com

Tel: İş (021) 255-51-43; Mob:(050) 338-68-78

 

 

 

 

 

 

 

 

Keçidlər