Rayon haqqında
Coğrafi mövqeyi
Coğrafi mövqeyi
Şirvan-Salyan iqtisadi rayonuna daxil olan Salyan rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Salyan rayonu Azərbaycan Respublikasının paytaxtı Bakıdan Cənubda, Cənub-şərqi Şirvan və Salyan düzündə, 49,40-48,80 Şərq uzunluğunda və 39,50-39,90 Şimal enliklərində yerləşir. Mərkəzi Salyan şəhəridir. Rayon Şimaldan Şirvan şəhəri, Hacıqabul rayonu, Cənubdan Neftçala rayonu, qərbdən Biləsuvar və Sabirabad rayonları ilə, şərqdən Bakı şəhərinin Qaradağ rayonu və Xəzər dənizi ilə həmsərhəddir. Ərazinin çox hissəsi okean səviyyəsindən 26-28 metr aşağıda yerləşir. Səthi hamar, Xəzər dənizinə tərəf meyllidir. Rayon ərazisində neogen və antrogen çöküntüləri yayılmışdır. Əsasən düzənlikdir. Bir sıra tirə və təpəliklər (Babazanlı, Xıdırlı, Bəndovan, Kürsəngi və s.) vardır. Kalmas, Xıdırlı, Babazanlı ərazilərində palçıq vulkanları var. Dünyanın ən şor bulağı çox böyük müalicəvi əhəmiyyəti olan Şır-Şır bulağı da Salyandadır. Rayonun ərazisi neft və qaz yataqları ilə zəngindir. Burada quru və isti yay ilə müşahidə olunan yarımsəhra və quru çöllərin subtropik iqlimi hökm sürür. Fəal temperaturların cəmi 4000-45000-dir. Qış vaxtı mülayim isti keçir. Yanvar ayının orta aylıq temperaturu 1-30, mütləq minimumların orta kəmiyyəti 8-120 şaxta təşkil edir. Çox illərdə qar örtüyü əmələ gəlmir. Ayrı-ayrı illərdə formalaşan qar örtüyü davamsız olur və 5-15 gündən artıq qalmır. Yay fəsli isti və qurudur, ən isti günləri isə iyulun axırı və avqustun əvvəllərinə (43 0C) təsadüf edir. İllik yağıntı 250-400 mm-dir.
Salyan rayonunun ərazisi əsasən boz-qonur, şoran torpaqlardan ibarətdir. Salyan ərazisindən keçən Kür çayı rayonu 2 hissəyə ayırır, şəhəri isə üç tərəfdən əhatə edir. Rayon üçün əhəmiyyətli qollarından biri də Bala Kür (Akkuşa) çayıdır. Rayonun flora və faunası kifayət qədər zəngindir. Onların nadir nümunələri Salyanda yerləşən Şirvan milli parkında qorunur. Kürsəngi və Kürovdağ dağlarında mağaralar, Babazanlı dağında isə, müalicəvi əhəmiyyətli istisu mövcuddur. Kür çayının sahilini Tuğay meşələri bəzəyir. Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km-dir. Salyan rayonunun ərazisi 1,6 min kv.km olmaqla ümumi respublika ərazisinin 1,8 faizini təşkil edir. Şirvan-Salyan iqtisadi rayonunun isə 26,3 faizini təşkil edir. Əhalinin sayı və tərkibi haqqında məlumatlar siyahıyaalınma illəri üçün 09 fevral 1897-ci ildə, 17 dekabr 1926-cı ildə, 17 yanvar 1939 və 1949-cu illərdə, 15 yanvar 1959 və 1970-ci illərdə, 12 yanvar 1989-cu ildə, 27 yanvar 1999-cu ildə, 13 aprel 2009-cu ildə, sonuncu siyahıyaalınma isə 1 oktyabr 2019-cu ildə keçirilmişdir.
1 yanvar 2023-cü il tarixinə rayonun əhalisi 138,6 min nəfərdir. Bu da respublika əhalisinin 1,4 faizini, Şirvan-Salyan iqtisadi rayonunun əhalisinin 28,2 faizini təşkil edir. Rayonda 729 nəfər məcburi köçkün, 297 nəfər isə qaçqın məskunlaşmışdır. Rayonun iqtisadiyyatını sənaye sahələri, neft və qaz istehsalı, kənd təsərrüfatı, tikinti və ticarət təşkil edir. Respublikada aparılan islahatlar Salyan rayonunda da öz əksini tapmışdır.