Ölkə Başçısı Salyanda
18 aprel 2023-cü il
Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər etmişlər.
Prezident cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Salyan rayonuna etdikləri növbəti səfər zamanı şəhərin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Sonra Salyan rayonunda aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuş, bir neçə mühüm obyektin açılışında iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuşlar. Dövlətimizin başçısına və birinci xanıma Doğum Evində və Uşaq Poliklinikasında yaradılan şərait barədə məlumat verilərək bildirilmişdir ki, xəstəxananın bina və qurğuları 3,94 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 16 min 472 kvadratmetrdir. Qeyd edilmişdir ki, binada əsaslı təmir işlərinə 2019-cu ildə başlanılmış və 2022-ci ildə başa çatdırılmışdır. Xəstəxana Doğum Evi, Uşaq Poliklinikası, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu xəstəliklər korpusu, Patoloji Anatomiya binası, digər tikili və qurğulardan ibarətdir. Müalicə ocağı müasir tələblərə cavab verən Rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rentgen (vizioqraf ilə birlikdə) və rəqəmsal stasionar exokardioqraf cihazı ilə təchiz olunmuşdur.
Səfər çərçivəsində Ölkə Başçısı “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etmişdir. Dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verilərək bildirilmişdir ki, Salyan şəhərində yaradılan Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə dispetçer idarəetmə sistemi ilə aşağı gərginlikli şəbəkələr tərəfindən elektrik enerjisinin son istehlakçıyadək çatdırılması nəzarətdə saxlanılır. Eyni zamanda, 110, 35, 10-6 və 0,4 kV-luq şəbəkələrin real vaxt rejimində güc imkanlarının qiymətləndirilməsi, zəruri hallarda digər mənbələrə yönləndirilməsi və rəqəmsal hesabat sisteminin qurulması ilə abonent məmnunluğu təmin olunur.
Qeyd edilmişdir ki, rayonun elektrik enerjisinə artan tələbatının qarşılanması, habelə fasiləsiz, dayanıqlı və etibarlı enerji təchizatının təmin edilməsi və həmin prosesin daimi nəzarətdə saxlanılması məqsədilə 110/35/10 kV-luq “Qaraqaşlı” və 110/35/6 kV-luq “Şorsulu”, 35/10 kV-luq 12, 35/6 kV-luq 14 və 35/0.4 kV-luq 12 yarımstansiyanın Rəqəmsal İdarəetmə Mərkəzinə inteqrasiya olunması həyata keçirilir. Diqqətə çatdırılmışdır ki, şəbəkələrin texniki parametrlərinin mütəmadi monitorinq edilməsi, o cümlədən qeyri-balans, texniki itki və ya qəza hallarında elektron xəritədə dərhal problemin yerinin koordinatları müəyyən edilir, SMS-xəbərdarlıq xidməti ilə “199 Çağrı Mərkəzi” və qəza xidmətlərinə məlumat ötürülür. Bununla da elektrik enerjisinin verilməsində yaranan fasilələrin qısa müddətdə aradan qaldırılması və istehlakçıların məmnunluğu təmin edilir. Qeyd edək ki, ümumi qoyuluş gücü 40-50 MVt olan Salyan rayonunun paylayıcı şəbəkələri vasitəsilə 33 min 331 abonentə (31 min 182 əhali, 2 min 149 qeyri-əhali) xidmət göstərilir. Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir. Diqqətə çatdırılmışdır ki, gələcəkdə belə Rəqəmsal İdarəetmə mərkəzləri vasitəsilə bərpaolunan enerji mənbələrinin iş rejimlərinin izlənməsi də nəzərdə tutulur.
Prezidenti İlham Əliyev Salyanda “ASAN xidmət” mərkəzinin açılışını etmişdir. Dövlətimizin başçısına məlumat verilərək bildirilmişdir ki, Salyan regional “ASAN xidmət” mərkəzi üçün ayrılan 2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb.
Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” mərkəzində videomüşahidə kameraları, monitorlar, kompüterlər, printerlər, iki lift, iki eskalator, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, çiller, generator, UPS, 22 ədəd “ASAN ödəniş” terminalı, elektron şikayət köşkü (Skype), iki elektron rəy sorğusu (exit poll) köşkü, Çağrı mərkəzinə zəng köşkü quraşdırılıb.
Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur. Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin, yashat.gov.az portalına keçid etməklə isə “YAŞAT” Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür.
Dövlətimizin başçısına innovativ yeniliklər - “Metaverse” platforması, “METASAN xidmət”, “Evə dönüş” layihəsi, “e-ASAN” avadanlığı, “Charge Box” elektrik qidalanma stansiyaları barədə də məlumat verilmişdir.
Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət
ASAN xidmət” mərkəzinin açılışı
“Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı
Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq