Ümumi məlumat:
Salyan rayon əhalisinin sağlamlığını qorumaq məqsədi ilə 2019-cu ildə rayonda 6 xəstəxana, 24 həkim , 21 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasi, Respublika Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Məntəqəsi, Profdezinfeksiya şöbəsi fəaliyyət göstərmişdir. Çarpayıların sayı 503-dür. Rayonda 246 həkim, 789 orta tibb işçisi çalışmışdır. Salyan rayon əhalisinin hər 10 000 nəfərinə 17.7 həkim, 57 orta tibb bacısı düşür.
Əhalinin sağlamlığının əsas göstəricilərindən biri xəstələnmə hallarından ibarətdir. Belə ki, 2019-cı ildə rayon əhalisi arasında 6397 xəstələnmə halı qeydə alınmışdır. Xəstəliklər arasında sinir (509), yoluxucu və parazitar (1476), həzm (489), tənəffüs orqanlarının (1057) xəstəlikləri üstünlük təşkil etmişdir.
Mərkəzi Rayon Xəstəxanası:
İkinci dünya müharibəsi illərində fəaliyyətə başlayan Mərkəzi Xəstəxananın ilk baş həkimi Səməd Manafov (1941-1945) olub. Rayon mərkəzi xəstəxanasının hazırda yerləşdiyi bina isə 1972 ci ildə istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Mərkəzi Rayon Xəstəxanası 2008-ci ildə əsaslı təmir edilərək yenidən qurulmuşdur. Cənab Prezident Xəstəxananın təmirdən sonra açılışında iştirak etmişdir. Xəstəxana müasir tibbi avadanlıq və yeni inventarlarla təchiz edilmişdir. 248 çarpayılılıq 10 şöbədən ( Qəbul şöbəsi, Terapiya şöbəsi - 50 çarpayılılıq, Cərrahiyyə şöbəsi – 35 çarpayılılıq, Yolxucu xəstəliklər şöbəsi – 20 çarpayılılıq, Anestezioloq - Reanimasiya şöbəsi – 18 çarpayılılıq, Kardiologiya şöbəsi – 30 çarpayılılıq, Oftolmologiya şöbəsi - 15 çarpayılılıq, Doğum şöbəsi - 30 çarpayılılıq, Genikologiya şöbəsi – 20 çarpayılılıq, Travmotologiya şöbəsi – 30 çarpayılılıq ibarətdir. Bundan əlavə Fizioterapiya kabineti, Endoskopiya otağı, Funksional diaqnostika otağı, Kliniki-diaqnostika laboratoriyası, Transfizioloji kabinet, Müalicə bədən-tərbiyəsi otağı, Ultrasəs müayinə otağı, Rentgen otağı, SPİD laboratoriyası, Xəstəxana daxili aptek, Cərrahi əməliyyat otağı, Metodik təşkilat otağı və İntensiv terapiya otağı fəaliyyət göstərir. Mərkəzi rayon Xəstəxanasında 139 həkim, 386 orta tibb işçisi və 352 kiçik və digər işçi çalışır. Kollektivə 2011-ci ilin iyulundan baş həkim Hüseynağa Səlim oğlu Həsənov rəhbərlik edir.
Ünvan : Kürqaraqaşlı kəndi,telefon: (021) 255-47-27,(021) 255 47 64
GEM:
Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzi rayon ərazisində fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq bütün obyektlər üzərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatlarına uyğun Dövlət sanitar xidmətini, yolxucu xəstəliklərin profilaktikasına dair profilaktiki tədbirləri həyata keçirir.
Ərazisi 4905,6 kv.m olmaqla, Mərkəz inzibati və yardımçı binalardan ibarətdir. Bu səhiyyə ocağı II şəhər kateqoriyalı olmaqla 139.810 nəfər Salyan rayonu əhalisinə xidmət edir. GEM-in inzibati binası 2 mərtəbəli, 16 iş otağından ibarətdir. Hazırda Salyan rayon Gigiyena və Epidemiolojiya Mərkəzində 129 nəfər işçi çalışır.
Salyan GEM-i əsas 4 şöbədən ibarətdir
Eyni zamanda Sanitar - Kimyəvi, Parazitoloji və Bakterioloji labaratoriyalar da var.
Hazırda səhiyyə müəssəsinə İntiqam Abuşov rəhbərlik edir.
Ünvan: Salyan şəhəri, Q.Səmədov 62 tel: (021) 255-07-27, 255 -55-19, 255-23-73
Birləşmiş Uşaq Xəstəxanası:
Birləşmiş Uşaq Xəstəxanası 1968-ci ildən fəaliyyətə başlamışdır. 25 çarpayılıqdır. Burada 39 nəfər işçi çalışır. Xəstəxanada 2 şöbə (Pediatriya şöbəsi, Yenidoğulanlar şöbəsi), Klinik-diaqnostik laboratoriya, Müalicəvi bədən tərbiyəsi və Fizioterapiya kabinetləri var. Xəstəxanaya Sabir Kərimov rəhbərlik edir.
Ünvan: Salyan şəhəri X.R.Ulutürk küçəsi 4, telefon: (021) 255 23 11, 255 54 11
Uşaq Poliklinikası:
Salyan şəhərində uşaq əhalisinin sayı 10 min nəfərə çatdığına görə 1973- cü ildə Azərbaycan Səhiyyə Nazirliyinin əmri ilə Uşaq Poliklinikası açılıb. 2010-cu ilin martına kimi müstəqil fəaliyyət göstərən poliklinika Uşaq Xəstəxanası ilə birləşdirilmiş və Birləşmiş Uşaq Xəstəxanasının Poliklinika şöbəsi adlandırılmışdır. Poliklinikada 106 nəfər tibb işçisi çalışır. Poliklinika şəhər üzrə 18 yaşına çatmayan 8629 nəfər uşağa xidmət göstərir. Poliklinikada pediatrlarla yanaşı uşaq cərrahı, travmatoloq, kardioloq, allerqoloq, otolarinqoloq, fızioterapevt, stomatoloq fəaliyyət göstərir. Poliklinikanın əsas vəzifəsi uşaqların sağlamlığının keşiyində durmaqla yanaşı, yoluxucu xəstəliklərin qarşısını almaq üçün qoruyucu profilaktiki peyvəndlərin vaxtında aparılmasını təşkil etməkdir.
Poliklinika şöbəsinə Minaxanım Hacıyeva rəhbərlik edir.
Ünvan: Salyan şəhəri T.Davudzadə 133 telefon 021 255 29 45,255 23 87
Digər səhiyyə müəssisələri:
Profdezinfeksiya şöbəsi:
1937-ci ildə Gigiyena və Epidemiologiya Stansiyasında yaradılıb. 1991-ci ildən isə ayrılaraq təsərrüfat hesablı müstəqil təşkilat kimi fəaliyyət göstərir.
Şöbə rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda müqavilə əsasında gəmiricilərə qarşı deratizasiya, mikroblara, mikro-orqanizmlərə qarşı dezinfeksiya, ağcaqanad, milçək, qarışqalara qarşı dezinseksiya tədbirlərini həyata keçirir. Şöbənin 5 nəfər işçisi vardır. Profdezinfeksiya şöbəsinin müdiri Həmzə Rzayevdir.
Ünvanı: Salyan şəhəri Ə.Zeynalov 100
Kənd xəstəxanaları:
Qaraçala Qəsəbə Xəstəxanası:
Qaraçala qəsəbə Xəstəxanası 1983-cü ildə yaradılıb. 15 çarpayılılıqdır, 28 işçisi var. Xəstəxanada Terapiya, Pediatriya şöbələri fəaliyyət göstərir. Hazırda xəstəxanaya Şaiq Qəhrəmanov başçılıq edir.
Ünvan: Salyan rayonu Qaraçala qəsəbəsi
Parça Xələc kənd Sahə xəstəxanası:
Parça Xələc kənd Sahə Xəstəxanası 1982 ci ildə yaradılıb. 15 çarpayılılıqdır, 21 işçisi var. Pediatriya, Terapiya şöbələri fəaliyyət göstərir. Hazırda səhiyyə müəssisəsinə Fikrət Məlikov rəhbərlik edir.
Ünvan: Salyan rayonu Parça Xələc kəndi
Salyan rayonlararası Ağciyər Xəstəlikləri xəstəxanası:
Salyan Rayonlararası Ağciyər xəstəlıkləri xəstəxanası 1939-cu ildə yaradılmışdır. 39 işçinin çalışdığı tibb müəssisəsi 50 çarpayıdan ibarətdir. Dispanser, Stasionar, Laboratoriya, Rentgen kabinetlərinin fəaliyyət göstərdiyi xəstəxana üçün 2015-ci ildə yeni bina tikilib istifadəyə verilmişdir. Rayonlararası Ağciyər xəstəlikləri xəstəxanasına Xanış Abasov rəhbərlik edir.
Salyan rayonlararası Psixiatriya Xəstəxanası
150 çarpayılılıq Salyan rayonlararası Psixiatriya xəstəxanası 1963 cü ildə yaradılıb. 154 nəfər işçisi vardır. 2013-cü ildə xəstəxana üçün 100 yerlik yeni korpus tikilib istifadəyə verilmişdir. Xəstəxanaya Allahverdi Bağırov rəhbərlik edir.
Ünvan: Salyan rayonu Şorsulu kəndi.
Kənd həkim məntəqələri:
Salyan rayonunda 24 kənd həkim məntəqəsi fəaliyyət göstərir.
Kənd Tibb Məntəqələri:
Salyan kəndlərində hazırda əhaliyə 21 kənd tibb məntəqəsi xidmət göstərir. Bu məntəqələrin hər birində xəstələrə lazımı tibbi yardımlar olunması üçün şərait yaradılıb.
Salyandakı tibb müəssisələrinin telefonları:
1 |
Mərkəzi rayon Xəstəxanası |
021 255 47 27 |
2 |
Salyan rayon Gigiyena Epidemiologiya Mərkəzi |
021 255 07 27 |
3 |
Birləşmiş uşaq xəstəxanası |
021 255 23 11 |
4 |
Doğum şöbəsi |
021 255 46 21 |
5 |
Sarvan kənd həkim məntəqəsi |
021 256 22 87 |
6 |
Yenikənd kənd həkim məntəqəsi |
021 256 93 21 |
7 |
Parça Xalac kənd sahə xəstəxanası |
021 256 83 41 |
8 |
Uşaq poliklinikası |
021 255 29 45 |
9 |
Təcili tibbi yardım stansiyası |
021 255 06 85 |
10 |
Babazanlı həkim məntəqəsi |
021 255 01 43 |
11 |
Marışlı kənd həkim məntəqəsi |
021 256 72 41 |
12 |
Kürkənd kənd həkim məntəqəsi |
021 255 49 00 |
13 |
Çuxanlı kənd həkim məntəqəsi |
021 257 23 17 |
Salyan səhiyyəsinin inciləri
Əlibəy Hüseynzadə (1864-1940 ) Görkəmli mütəfəkkir həm də həkim-dermatoloq olub. Onun “Siflis”, “Vəba və mikrobu” adlı əsərləri bu gündə öz dəyərini saxlayır. Türkiyəyə köçən Əlibəy 1910-cu ildən İstanbul Universitetində professor vəzifəsində çalışıb.
Aslan Tahirov (1898-1972) Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə fakültəsini bitirib. 1955 -ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1957- ci ildən Tibb İnstitutunda professor vəzifəsində çalışıb. “Əməkdar həkim”, “Əməkdar elm xadimi” adına layiq görülüb.
Həzrət Səfərov (1896-1966) 1929–cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1936-cı ilə qədər Tibb İnstitutunun biokimya kafedrasında assisent vəzifəsində çalışıb. 1941-ci ildən Azərbaycan Əczaçılıq İnstitutuna rəhbərlik edib. 1960-cı ildə ona əməkdar elm xadimi adı verilib.
Zeynalabdin Hüseynov (1900-1969) Paris Dövlət Universitetinin Tibb fakültəsinin Uşaq bölməsinin məzunu olub. 1935-ci ildə N.Nərimanov adına Tibb İnstitutuna dosent vəzifəsinə irəli çəkilib. 1954-cü ildə Respublika Uşaq cəmiyyəti idarə heyyətinin sədri seçilib.
İmamverdi Axundov (1916-1971) Moskva Dövlət Tibb Universitetini 1940- cı ildə bitirib. 1947- ci ilə kimi Salyan rayon Qarabağlı kənd xəstəxanasında baş həkim işləyib. 1950-ci ildə urologiya üzrə namizədlik dissertasiyası müdafiə edib.
Qədəmşah Sadıqov (1921-1966) 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1947- ci ildən Bakı Dövlət Universitetinin hərbi kafedrasına rəhbərlik edib. Fəlsəfə və tibb elmləri namizədi elmi dərəcələrinə layiq görülüb.
Nazim Mollazadə (1924-2006) Azərbaycan Dövlət Tibb İnstitutunun məzunu olub. 1941-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. 1969-cu ildə professor elmi adı alıb. Yüzdən artıq elmi əsərin və monoqrafiyanın müəllifidir. İki dəfə (1960 və 1987) Respublika Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.
Fikrət Zərgərli (1929–1984) Moskva Tibb İnstitutunu (1949-1953) bitirib. 1976- cı ildən Klinik və Eksperemental Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunun Ürək-Cərrahiyyə şöbəsinə rəhbərlik edib. Fikrət Zərgərli Ürək cərrahiyyəsinin banilərindən biridir. O, yüzlərlə elmi əsər, məqalə və məruzələrin müəllifidir. Fikrət həkim dəfələrlə Almaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Fransa və s. ölkələrdə “Ürəyin blokadasına” aid mövzularla simpoziumlarda çıxış edib.
Əvəzağa Məlikov (1932-2015) 1965-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakültəsini bitirmişdir. 1971-ci ildən, rayon Mərkəzi Xəstəxanasına 18 il rəhbərlik etmişdir. 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar həkimi adına layiq görülmüş, “Sərbəst düşüncələr işığında” adlı memuar kitabın müəllifi olmuşdur.
Əkrəm Hacıyev (1938) 1960-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsini bitirib. 1965-ci ildən Tibb İnstitutunun Stomatologiya kafedrasında assent, 1967 ci ildən dosent vəzifəsində çalışıb. 1973-1978-ci illərdə həmən kafedranın dekanı olub. 1978-ci ildə “SSRİ Səhiyyə ələçısı” nişanı ilə təltif edilib. 25 elmi əsərin, 2 tədris metodik vəsaitin, kəşf və səmərələşdirici təkliflərin müəllifidir.
Əvəzağa Həsənov (1942-2014) 1966-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 34 ildən çoxdur. Salyan MRX-nın Tramvatalogiya şöbəsində müdir və həkim vəzifələrində çalışmışdır. “Ali dərəcəli həkim” fəxri adına layiq görülmüş, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunmuşdur.
Məmmədhüseyn Qarayev (1946-2015) 1968- ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bitirib. Salyan rayon Tibb məktəbinin direktoru işləyib. 1981-ci ildə Tibb İnstitutunun assisenti, 1992-ci ildən dosent kimi Respublika Klinik Urologiya Xəstəxanasının Radionuklit diaqnostika- laborotoriyasının elmi rəhbəri vəzifəsində çalışmışdır. O, Respublika Radiommunoloji müayinə metodlarının təməlini qoyanlardan biridir. 30-dan çox elmi məqalənin 14 səmələşdirici təklifin müəllifi olmuşdur.
Rahim Hüseynov (1947) Azərbaycan Dövlət Tibb İnstitutunda, həkim-cərrah ixtisası üzrə təhsil alıb. 1979-1981-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyinin ilk partiya təşkilatının katibi seçilib. 1991-1993 cü illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini və nazir vəzifəsində çalışıb. Professor Rahim Hüseynov 1984-cü ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildən Beynəlxalq İnformasiya Akademiyasının akademiki elmi dərəcəsin alıb.
Sabir Səfərov (1947-2010) 1976-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini bitirmişdir. 1990- cı ildə dosent adına layiq görülmüşdür. 40-dan artıq elmi əsrin, 2 səmərələşdirici təklifin, bir neçə metodik tövsiyyə və dərs vəsaitlərinin müəllifi olmuşdur. Respublikanın səhiyyə əlaçısı adına layiq görülmüşdür.
İbrahim Cəfərov (1949) 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1976-cı ildən Salyan rayon Mərkəzi Xəstəxanasında cərrah kimi işləməyə başlayan İbrahim həkim uğurlu əməliyyatları sayəsində qısa müddətdə Cənub bölgəsində “qızıl əlli” cərrah kimi tanınır. O, 1999-2011- ci illərdə Salyan MRX-a rəhbərlik edib. Ali dərəcəli cərrah həkim, həkim peşəsinin kamil ustası olmaq məqsədilə dəfələrlə keçmiş SSRİ-nın ən səviyyəli Elmi-Tədqiqat İnstitutlarında ixtisas artırma kurslarından keçib, bir neçə xarici ölkələrdə elmi simpozium və konfranslarda iştirak edib.
Nazim Hüseynov (1952) 1980-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1993-cü ildə “Kəskin neyrosensor ağıreşitmənin müalicə profilaktika yolları” mövzusunda dissertasiyasını müdafiə edib, tibb elmləri doktoru alimlik dərəcəsi alıb. 38 elmi məqalənin, 2 elmi ixtiranın müəllifidir. Hazırda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Qulaq burun-boğaz” xəstəlikləri kafedrasının müdiridir.
Musa Qəniyev (1954) 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun farmakalogiya fakültəsini bitirib. 1985-ci ildə farmakologiya üzrə namizədlik dissertasiyasını müdafiə edib, daha sonra kafedraya assisent vəzifəsinə təyin olunub. 1992-ci ildən həmən kafedranın müdiri vəzifəsində çalışır. 150-yə qədər elmi məqalənin, 8 tədris metodik vəsaitin, 2 dərs vəsaitinin, 5 dərsliyin və 2 ixtiranın müəllifidir.
İlham Zərgərli (1955) 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun oftalmologiya fakültəsini bitirib. 1989-cu idə namizədlik dissertasiyasını müdafiə edib, alimlik dərəcəsi alıb. 12 elmi əsərin və 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Hazırda Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin “Mikrocərrahiyyə” şöbəsində baş elmi işçi vəzifəsində çalışır.
Elman Ələkbərov (1956) 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1989- cu ildə namizədlik,2007-ci ildə doktorluq dissertasiyası müdafiə edərək elmi dərəcə alıb. 82 elmi işin, 3 ixtiranın, 2 metodik dərsliyin müəllifidir. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda miokard infarktı şöbəsinə rəhbərlik edir.
Arif Quliyev (1956) 1979-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bitirib.1989-cu ildə elmlər namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Daxili Xəstəliklər kafedrasının assisenti vəzifəsində çalışıb. 7 elmi məqalənin müəllifidir. 1991- ci ildən Almaniyanın Ştutqart şəhərində öz tibbi fəaliyyətini davam etdirir.
Elçin Kərimov (1978) 2001-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakultəsini bitirmişdir. Sankt-Peterburqda 2009-cu ildə namizədlik, 2014-cü ildə isə təkrar müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adını almışdır. 11 elmi məqalənin müəllifidir. Hazırda Şirvan şəhər Diaqnostika Müalicə mərkəzində cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.
2019-cu ildə rayonda 1250 uşaq doğulmuş , 1 yaşa qədər 8 uşaq ölümü, böyüklər arasında 716 ölüm qeydə alınmışdır. 7163 nəfər stasionar müalicə almış, 350281 ambulator müraciət olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2018-ci ildə də 18 yaşa qədər uşaqların icbari dispanserizasiyası, 18 yaşdan yuxarı əhalinin tibbi müayinəsi aparılmışdır. 30294 uşaq dispanserizasiyadan keçmiş, onlardan 2624 nəfəri dispanser nəzarətinə götürülmüş , 225 nəfəri stasionara göndərilmişdir. 71783 nəfər 18 yaşdan yuxarı əhali tibbi müayinədən keçmiş, 4651 nəfər ambulator, 148 nəfər stasionar müalicəyə cəlb edilmiş, 102 nəfər Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmiş, 23 nəfər cərrahi əməliyyat olunmuşdur.
Nigaha daxil olmaq üçün 2406 nəfər müayinə edilmiş, onlardan 46 nəfərdə bir tərəfli, 3 cütlükdə iki tərəfl talasemiya daşıyıcısı aşkar olunmuşdur.
Rayonda 42 hemofiliya, 37 talassemiya xəstəsi vardır.
Hemodializ şöbəsində 54 xəstədə müalicə almışdır.
2019-ci ildə 1207 uşağa BSJ, 1254 uşağa hepatit “B”, 1215 uşağa AGDT, 5488 uşağa OPV, 2674 uşağa QPM, 3003 uşağa PK, 3040 uşağa HİB, 1072 uşağa İPV, 1524 uşağa ADT peyvəndləri aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən 7 yaşdan 40 yaşa qədər 2113 nəfərdə qızılcaya qarşı peyvənd aparılmışdır.
Görkəmli oftolmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə rayonun müxtəlif ərazilərində Peşə Liseyində və ümumitəhsil məktəblərində səyyari-tibbi xidmət təşkil edilmişdir.
Mərkəzi Neftçilər Xəstəxanasının və İstanbul NS klinikasının həkim briqadası Mərkəzi Rayon Xəstəxanasında ödənişsiz tibbi müayinələr aparmış, müvafiq olaraq 1050 və 525 nəfər müayinə olunmuşdur. Mərkəzi Rayon Xəstəxanasında qan xəstəliyindən əziyyət çəkən xəstələrə kömək məqsədilə qanvermə aksiyası keçirilmiş və 60 nəfər könüllü olaraq qan vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalamış və bu məqsədlə ilkin olaraq Respublika Səhiyyə Nazirliyinə 2 milyon manat vəsait ayrılmışdır. Hazırda təmir işləri aparılır.
İl ərzində 64 nəfər həkim və 191 orta tibb işçisi sertifikasiya imtahanlarından keçmişdir.