Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının XI konfransı keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov hesabat məruzəsi ilə çıxış edib. E.Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin qorunmasında, ölkədə siyasi sabitliyin və ictimai həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Qeyd edib ki, yarandığı gündən etibarən xalqın geniş dəstəyinə söykənən YAP ötən dövr ərzində Azərbaycanın inkişafı və dövlətçilik maraqlarının qorunması naminə həyata keçirilən siyasətin fəal iştirakçısı olub. Bildirilib ki, partiyanın gücü onun milli maraqlar, azərbaycançılıq ideologiyası və dövlətçilik prinsipləri ətrafında birləşən üzvlərinin vahid mövqeyindən qaynaqlanır. E.Əhmədov hesabat dövründə YAP Salyan rayon təşkilatının gördüyü işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib, təşkilati fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasətin Azərbaycanın davamlı inkişafını təmin etdiyini bildirib. O qeyd edib ki, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, əhalinin sosial rifahının yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması və müdafiə qüdrətimizin daha da gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. R.Xəlilov vurğulayıb ki, Vətən müharibəsində qazanılan tarixi Zəfər və ölkəmizin ərazi bütövlüyü ilə suverenliyinin tam bərpa olunması Azərbaycanın gücünü və beynəlxalq nüfuzunu daha da artırıb. Onun sözlərinə görə, bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Konfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, müasir Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Son illərdə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr, sosial-iqtisadi inkişaf və beynəlxalq müstəvidə möhkəmlənən mövqelər Azərbaycanın tərəqqi yolunda inamla irəlilədiyini nümayiş etdirir. Millət vəkili qeyd edib ki, bu tarixi uğurların əldə olunmasında ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının xüsusi rolu vardır. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında yaradılan və hazırda Prezident İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən YAP ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır və qarşıya qoyulan hədəflərin reallaşdırılmasına öz töhfəsini verir. YAP Salyan rayon təşkilatının ərazi partiya təşkilat sədri Elnur Hüseynov və ərazi partiya təşkilatının sədr müavini Nübar Bayramova çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində fəal rol oynadığını, partiya üzvlərinin vahid məqsəd və prinsiplər ətrafında həmrəyliyinin onun əsas güc mənbələrindən biri olduğunu bildiriblər. Çıxışçılar YAP Salyan rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə toxunaraq, ərazi partiya təşkilatlarında görülən işləri, üzvlərlə əlaqələrin möhkəmləndirilməsi və ictimai-siyasi fəallığın artırılması istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər. Konfransda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında mühüm və aparıcı mövqeyindən bəhs edib, partiyanın ölkənin ictimai-siyasi və sosial-iqtisadi inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. Ə.Axundov vurğulayıb ki, YAP-ın gücü onun geniş sosial bazaya, möhkəm təşkilati dayaqlara və vahid məqsəd ətrafında birləşən çoxsaylı üzvlərə malik olması ilə şərtlənir. O qeyd edib ki, VII Qurultaydan sonra partiyanın fəaliyyətində müasir çağırışlara uyğun olaraq təşkilati işin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində mühüm addımlar atılıb. Əli Axundov partiyanın qarşıdakı dövrdə də öz fəaliyyətini yeni çağırışlara uyğun quraraq qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəyini bildirib. Konfransda YAP Salyan rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına YAP nümayəndələr seçilib. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.






