Xəlil Rza Ulutürkün doğum günü doğulduğu torpaqda-Salyan rayonunda qeyd olundu.
Bu gün Azərbaycan Respublikasının görkəmli xalq şairi Xəlil Rza Ulutürkün doğum günü doğulduğu torpaqda-Salyan rayonunda qeyd olundu.Tədbir iştirakçıları öncə “Ata-oğul” abidəsinin önünə gələrək Xəlil Rza Ulutürkün və onun oğlu, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin abidəsi önünə gül dəstələri düzmüş, onların xatirəsini ehtiramla yad etmişlər. Yubley tədbiri Xəlil Rza Ulutürkün həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlamışdır. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək şairin həyat və fəaliyyəti haqqında danışmış, onun müstəqilliyi, azadlığı tərənnüm edən əbədiyaşar şerlərinin bu gün də oxucular tərəfindən rəğbətlə qarşılandığını və gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd etmişdir. Daha sonra çıxış edən digər natiqlər Xəlil Rzanın Azərbaycanın müstəqilliyi uğrunda fəaliyyətindən, poeziyasından, gələcək nəsillərə örnək ola biləcək vətənpərvərliyindən danışmış və yaddaşlara həkk edilmiş şeirlərini səsləndirmişlər.