Salyanda YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib.
Salyanda YAP Veteranlar Şurasının üzvlərinin
gənclərlə görüşü keçirilib
16.11.2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Salyan RİH-də gənclərlə görüş keçirilib. Salyan RİH-nin başçısı Sevindik Hətəmov, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, YAP Mərkəzi Aparatının əməkdaşı Əli Axundov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və partiyanın Şirvan şəhər, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Sonra Heydər Əliyev Mərkəzində təşkil olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, rayonun incəsənət ustalarının ifasında müsiqi nömrələri dinlənilib. Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən E.Əhmədov vurğulayıb ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyətin əbədiyaşar ideyalarının yeni nəslə təşviq edilməsidir. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dövrlərdə bütün sahələr inkişaf edib.
Daha sonra çıxış edənlər müstəqil dövlətimizin qurulmasında və tərəqqisində Heydər Əliyevin rolundan, onun sədrliyi ilə yaradılan YAP-ın keçdiyi şərəfli inkişaf yolundan bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır və onun siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə və YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov çıxışlarında Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirlərini bölüşüb, Ulu Öndərin həyat və fəaliyyətinin hər bir azərbaycanlı, hər bir gənc üçün nümunə və örnək olduğunu bildiriblər. Sonra gənclərin sualları cavablandırılıb.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib. Sonda Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.