Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda növbəti regional müşavirə keçirilib.

09 sentyabr 2022 | 16:18

Salyanda “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda növbəti regional müşavirə keçirilib.

Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda növbəti regional müşavirə Salyan rayonunda təşkil edilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul şəxsləri, Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan 300-ə yaxın pambıqçı fermer iştirak edib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev bildirib ki, 2022-ci il üzrə pambıqçılıqla bağlı işlərin həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bütün istehsal prosesini əhatə edən kompleks Tədbirlər Planı hazırlanıb, nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib, icrasının təmin olunması üçün aidiyyəti üzrə təqdim olunub. Bu il yanvarın 26-da Kənd Təsərrüfatı Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Dövlət Aqrar İnkişaf mərkəzlərinin, aidiyyəti şirkət rəhbərlərinin və fermerlərin iştirakı ilə Salyan rayonunda ümumrespublika müşavirəsi keçirilib. Müşavirədə toxum, gübrə, pestisid, texnika və suya olan tələbatın, məhsula görə verilən subsidiyaların vaxtında fermerlərə çatdırılmasının təmin edilməsi və digər məsələlərlə bağlı tabeli və aidiyyəti qurumlar qarşısında konkret vəzifələr qoyulub, müvafiq tapşırıq və tövsiyələr verilib.

Rəfail Quliyev bu il fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə görülən işlər barədə də müşavirə iştirakçılarını məlumatlandırıb. Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq məhsul yığımı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıq şirkətlərlərinin rəhbərləri ilə keçirilən görüşlər zamanı xam pambığın alış qiymətinin cari ildə ikinci dəfə 50 AZN və ümumulikdə 100 AZN artırılaraq, xam pambığın hər tonuna görə 1-ci növ üçün 800 AZN, 2-ci növ üçün 780 AZN, 3-cü növ üçün 740 AZN, 4-cü növ üçün 700 AZN müəyyən edilməsi barədə razılıq əldə olunub. Xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 AZN qaldırılması cari ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin, ümumilikdə, 30 milyon AZN-ə yaxın əlavə gəlir əldə etməsinə imkan verəcək.

Nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, “MKT İK” MMC-nin direktoru Rövşən Həsənov, “Agro-Az” MMC-nin direktoru Vahid Hüseynov, Pambıq İstehsalçıları Assosiasiyasının üzvü, fermer İbadət Cəfərov və digərləri müşavirədə çıxış edərək, 2022-ci ildə məhsul yığımı pambıqçılıqda istehsal prosesinə hazırlıq, dərman və texnika təminatı barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, bu il xarici mütəxəssislərin iştirakı ilə Bərdə, Tərtər, Goranboy, Yevlax, Ağcabədi, Saatlı və İmişli rayonlarında yerli fermerlərin pambığın becərilməsində üstünlük verdikləri aqrotexniki tədbirlərin səmərəliliyinin monitorinqləri keçirilib, zərərli orqanizmlərlə mübarizədə tirəli əkinlərin daha səmərəli olduğu müəyyənləşib. Çıxış edənlər alaq otlarına qarşı herbisidlərdən istifadə ilə paralel kultivasiya və ketmənləmə işlərinin sürətləndirilməsi, stress amillərinin aradan qaldırılması üçün yarpaq gübrələrinin və digər düzənləyici qidaların verilməsinin vacibliyi barədə fermerlərə ətraflı məlumat veriblər.

Müşavirədən sonra iştirakçılar Salyan rayonunun Sarvan kəndində pambıq sahələrinə baxış keçirib, yerli fermerlərlə məhsul yığımına hazırlıq prosesini dəyərləndiriblər.

Keçidlər