Salyanda növbəti səyyar qəbul Şorsulu kəndində keçirildi.
Salyanda növbəti səyyar qəbul Şorsulu
kəndində keçirildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov iyun ayının 23-də vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Şorsulu kənd sakinləri ilə səyyar qəbul keçirib. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib. RİH başçısı qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyib onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Əlavə araşdırma tələb edən mövzularla bağlı Rüstəm Xəlilov aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verib. RİH başçısı vətəndaş müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə və qısa zaman ərzində icra edilməsinin vacibliyini xüsusi qeyd edib.






