Salyanda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Zəfər yolunun işıqları” mövzusunda dəyirmi masa keçirilib
24 sentyabr 2026 | 09:18
Salyanda 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Zəfər yolunun işıqları” mövzusunda
dəyirmi masa keçirilib.
24 sentyabr 2026-cı il tarixində Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “27 Sentyabr - Anım Günü” münasibətilə “Zəfər yolunun işıqları” mövzusunda dəyirmi masa keçirilib. Salyan rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir boyunca Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının şəkillərini əks etdirən videoçarx nümayiş etdirilib.
Dəyirmi masada Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, “N” saylı hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə baş köməkçisi, polkovnik-leytenant Vüqar Dəmirov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Qəmzə Məmmədova və şəhər 6 saylı tam orta ümumtəhsil məktəbinin hərbi hazırlıq müəllimi, Vətən müharibəsi iştirakçısı Xeyrulla Hüseynov çıxış ediblər. Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında daşıdığı mənəvi və tarixi əhəmiyyətdən, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin qəhrəmanlığından və onların əziz xatirəsinin yaşadılmasının hər bir azərbaycanlının mənəvi borcu olmasından bəhs edilib. Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın milli birliyini, Azərbaycan Ordusunun döyüş ruhunu və torpaqlarımızın azadlığı uğrunda qətiyyətli mübarizəsini bütün dünyaya nümayiş etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin təməlində şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi dayanır.
Bildirilib ki, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu, Vətənə sədaqəti və göstərdikləri misilsiz qəhrəmanlıq gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Bu müqəddəs irsin qorunması, şəhidlərimizin xatirəsinin daim uca tutulması və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarının fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.






