Salyan rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlərə baxış keçirilib.
Salyan rayonunda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində
görülmüş işlərə baxış keçirilib.
17 noyabr 2026-cı il tarixində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayonlarda icrası ilə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlərlə yerində tanış olmaq məqsədilə Salyan RİH başçısı Rüstəm Xəlilov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzi Publik Hüquqi şəxsin direktoru Ceyhun Əliyev rayonun 3 iri fermer təsərrüfatına “ŞİRVAN POULTRY KOMPANY MMC”, "İlkin-N" MMC və "SN KFT"-MMC-nin təsərrüfatlarına baş çəkərək müəssisələrin fəaliyyəti, istehsal prosesləri, tətbiq olunan texnologiyalar, mövcud infrastruktur və inkişaf perspektivləri ilə yaxından tanış olublar. Təsərrüfatlara baxış zamanı kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, emal imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, istehsal proseslərinin təkmilləşdirilməsi və mövcud resurslardan səmərəli istifadə istiqamətində görülən işlər nəzərdən keçirilib, müəssisələrin fəaliyyəti ilə bağlı fikir və təcrübə mübadiləsi aparılıb.
Təsərrüfatlara baxış keçirildikdən sonra Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında Dövlət Proqramının icrası ilə bağlı yaradılmış Qərargahın üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov ölkədə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, aqrar sektorun rəqabət qabiliyyətinin artırılması və regionların iqtisadi potensialının reallaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rüstəm Xəlilov qeyd edib ki, Salyan rayonunun kənd təsərrüfatı sahəsində zəngin potensialı mövcuddur və bu imkanlardan məqsədyönlü şəkildə istifadə olunması rayonun iqtisadi inkişafına, əhalinin məşğulluğunun artırılmasına və yerli istehsalın genişləndirilməsinə mühüm töhfə verə bilər. O, aqrar sahədə innovativ yanaşmaların tətbiqinin, müasir texnologiyalardan istifadənin genişləndirilməsinin, fermer və sahibkarların dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanmasının, habelə istehsal və emal proseslərinin müasir tələblərə uyğun təşkilinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov çıxışında Dövlət Proqramının məqsəd və əsas istiqamətləri barədə ətraflı məlumat verib. O, aqrar sahədə müasir texnologiyaların və innovasiyaların tətbiqinin genişləndirilməsinin, kənd təsərrüfatı məhsullarının istehsal həcminin və məhsuldarlığının artırılmasının, su və torpaq ehtiyatlarından səmərəli istifadənin, fermerlərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin, həmçinin istehsal və emal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsinin proqramın icrasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüş çərçivəsində Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr, rayonun aqrar sektorunda mövcud vəziyyət, inkişaf imkanları, fermer və sahibkarların qarşılaşdıqları çətinliklər, eləcə də kənd təsərrüfatı sahəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında geniş müzakirələr aparılıb. Fermer və sahibkarların müraciətləri, təklifləri və onları narahat edən məsələlər dinlənilib, səsləndirilən problemlərlə bağlı aidiyyəti qurumların nümayəndələri tərəfindən izahatlar verilib, məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar müəyyənləşdirilib.
Görüşün sonunda fermer və sahibkarlar kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyini, aqrar sahədə həyata keçirilən təşviq və inkişaf tədbirlərini yüksək qiymətləndirərək yaradılmış imkanlardan səmərəli istifadə etməklə istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, yeni texnologiyaların tətbiqi və Dövlət Proqramında müəyyən edilmiş məqsəd və hədəflərin reallaşdırılması istiqamətində səylərini davam etdirəcəklərini bildiriblər.






