Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni ildə ilk iclası keçirilmişdir.
Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın
yeni ildə ilk iclası keçirilmişdir.
Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən ictimai şuranın yeni ildə ilk iclası keçirilmişdir. İclasda iştirak edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qeyd etmişdir ki, ictimai nəzarət mexanizmi dövlət idarəçiliyini tamamlayan mühüm vasitələrdən biridir və bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il tarixdə “İctimai İştirakçılıq haqqında Azərbaycan Respublikası Qanunun tətbiqi barədə” imzaladığı fərmanın icrası ilə əlaqədar yaradılan ictimai şuralar səlahiyyətlərinə aid olan məsələlərin həllində artıq kifayət qədər müsbət təcrübə toplamışdır. Salyan Rayon İcra Hakimiyyəti yanında yaradılan İctimai Şura da fəaliyyəti dövründə dövlət siyasətinin həyata keçirilməsi prosesində vətəndaş çəmiyyətini layiqincə təmsil etməklə aidiyyəti məsələlər üzrə rəylər, təkliflər vermiş və vətəndaşları narahat edən məsələlərin həllinə yardımçı ola bilmişdir.
RİH başçısı çıxışında bildirmişdir ki, qədim tarixi ənənələri olan Salyan müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf etməkdədir. Hazırda rayonda geniş miqyaslı abadlıq-quruculuq və sosial inkişaf layihələri həyata keçirilir, park və meydanlar abadlaşır, yeni kanalizasiya xətti inşa edilir. Təcrübə göstərir ki, ölkə rəhbərinin diqqət və qayğısı ilə həyata keçirilən sosial- iqtisadi layihələrin uğurla icra olunmasında, vətəndaşlarımızı narahat edən məsələlərin müsbət həll edilməsində ictimai nəzarətin xüsusi rolu vardır. Bu mənada Salyanda ictimai şuranın fəaliyyəti daha da genişləndirilməlidir.
İclasda İctimai Şura sədri Rüstəm Məlikov çıxış edərək bildirmişdir ki, qurum son bir ildə fəaliyyətini ictimai müraciətlər və vətəndaş sorğusu əsasında qurmuş və şuraya etimadın yüksəlməsinə nail olmuşdur. Bu müddətdə ictimai nəzarət və tənqid həmişə konstruktiv xarakter daşımış və problemlərin həllinə yönəlmişdir. Şura üzvlərindən Məhəmməd Ağayev, Mübariz Hümbətov, Allahverdi Piriyev və başqaları çıxış edərək şuranın fəaliyyətinin daha səmərəli təşkili üçün təkliflərini bildirmişlər. İclasda Şuranın fəaliyyətinə aid digər məsələlər də müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.






