Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir.

24 iyun 2022 | 14:52

Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı olmuşdur.

Yığıncaq ictimai şuranın fəaliyyətə başlamasının bir  ilinə həsr edilmişdir. Ötən dövr ərzində 9 nəfərdən ibarət olan şura kollektivi rayonun ictimai həyatında yaxından iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2014-cü il tarixdə «İctimai iştirakçılıq haqqında» Azərbaycan Respublikası Qanunun tətbiqi barədə imzaladığı fərmanın tələblərinə uyğun fəaliyyət göstərmişdir.

Rayonun qeyri-hökumət təşkilatlarını və vətəndaş cəmiyyətinin digər institutlarını təmsil edən  şura RİH başçısı tərəfindən təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq hesabat ili ərzində 4 ümumi yığıncaq keçirmişdir. Bu yığıncaqların ikisində RİH başçısı Sevindik Hətəmov iştirak və çıxış etmişdir. Yığncaqlarda ilk növbədə rayon sakinlərini narahat edən sosial-iqtisadi məsələlərə ictimai şura tərəfindən göstərilən münasibət, qaldırılan məsələlərin həll olunması prosesi, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinin real vəziyyəti ciddi müzakirə olunmuşdur.

İctimai şuranın sədri Rüstəm Məlikov son bir ildə görülmüş işlər barədə məlumat verərək bildirmişdir ki, şuranın fəaliyyətinin yarısı pandemiya dövrünə təsadüf etdiyinə görə, bu dövrdə işlər  Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyəsi əsasında qurulmuşdur. Həmin dövrdə şura üzvləri istər yerli mətbuat, sosial şəbəkələr, istərsə də vətəndaşlarla görüşlər zamanı ictimai şuranın hüquq və vəzifələri barədə maarifləndirici görüşlər keçirmiş, insanları narahat edən məsələlərlə bağlı dinləmələr təşkil etmiş, onların arzu və təkliflərini öyrənmişlər. Qaldırılan məsələlər barədə dövlət qurumlarına, xüsusən, Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatına məlumat verilmiş və müsbət həllinə nail olunmuşdur.

Şəhid valideynləri Mais Abbasov, Hikmət Salahov, Yenişar Qaraxanov,   Arzu Quliyeva,  İbrahim Mehdiyev, şəhid bacısı Sitarə Zeynalova və başqalarının narahat edən məsələlər ictimai şura üzvləri tərəfindən öyrənilmiş və həllinə köməklik göstərilmişdir.

İctimai şuralar bu gün respublikanın ictimai həyatında yeni fəaliyyət dövrünü yaşayır.  Təsadüfi deyildir ki, bu ilin may ayından başlayaraq bölgələrdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi «QHT–dövlət əməkdaşlığında yeni çığırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi» adlı zona konfransları keçirmişdir. Salyan rayonunda fəaliyyət göstərən ictimai şuranın üzvləri də Şirvan şəhərində təşkil edilən nöbəti zona konfransında iştirak etmiş və son bir ildə gördükləri işlərdən,  əldə etdikləri müsbət təcrübədən və onları narahat edən digər məsələlərdən danışmışlar. Konfransda RİH-lər və ictimai şura münasibətləri sahəsində Salyanda  qurulan iş müsbət qiymətləndirilmiş və bununla bərabər ictimai fəaliyyətin sosial media üzərindən təşkilinin müasir fəaliyyətdə daha çox səmərə verəcəyi qeyd edilmişdir.

Hesabat-yığıncağında şura üzvlərinin təklif və rəyləri səslənmişdir. Şura üzvlərindən Məhəmməd Ağayev, Allahverdi Piriyev, Arif Əsgərov, Sevinc Bünyatova çıxış edərək rayonda vətəndaşları narahat edən  bir sıra sosial xarakterli məsələlərin həllinin vacibliyini qeyd etmişlər.

RİH başçısı Sevindik Hətəmov qaldırılan hər bir məsələyə münastibət bildirmiş və onların həlli üçün görülmüş işlərdən danışmış və qeyd etmişdir ki, hər bir müraciət icra hakimiyyəti tərəfindən nəzarətə götürülür və onların həlli üçün müvafiq addımlar atılır. Eyni zamanda rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı rəhbər orqanlara tapşırıq və tövsiyələrini vermişdir.

Yığıncaqda xüsusilə vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə qəbul edlən sosial və iqtisadi layihələri Salyan rayonunda da uğurla həll olunur. İnsanların rifah halı getdikcə yaxşılaşır, sosial və mədəni həyatda quruculuq və abadlıq işləri genişlənir. Məmur-vətəndaş münasibətləri indi daha çox məmnunluq yaradır. Bununla belə, sosial inkişafdan doğan və vətəndaşları narahat edən məsələlər ictimai şura tərəfindən həll olunmaqdadır. Çünki yerlərdə şuralara inam və etibar getdikcə artır.

 

Keçidlər