Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinə təbriki

19 mart 2024 | 09:08

Salyan Rayon İcra Hakimiyyəti başçısının

rayon sakinlərinə təbriki

 

Əziz salyanlılar!

Sizi xalqımızın ən əziz, müqəddəs bayramı olan, heç zaman  gözəlliyini, təravətini, doğmalığını itirməyən Novruz bayramı münasibətilə təbrik edir, ən xoş arzularımı, istəklərimi bildirir, dünyanın ən dəyərli neməti olan cansağlığı, xoşbəxtlik, əmin-amanlıq arzulayıram. Novruzun müjdələri olan çərşənbələrdə, əlamətdar günlərdə təşkil olunmuş rəngarəng, təntənəli şənliklər, mərasimlər ulu xalqımız tərəfindən sülhsevərliyə, dostluğa, qardaşlığa və digər bəşəri, insani duyğulara həssaslıqla yanaşıldığını təsdiq edir.

Humanist, xeyirxah, nəcib işləri ilə hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Novruzun Heydər Əliyev fondunun səyləri nəticəsində ümumdünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi xalqımıza sonsuz sevinc, fərəh hissləri bəxş etmişdir.

Artıq dörd ildir ki, Novruz tonqallarımız əbədi yurd yerlərimiz olan Qarabağ torpaqlarında  alovlanmaqdadır. Xalqımız bu fərəhi möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi, dahiyanə siyasi uzaqgörənliyi, yenilməz, qətiyyətli sərkərdəlik məharəti, hər bir azərbaycanlının öz Prezidenti ətrafında monolit birliyi sayəsində, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan doğma yurd yerlərimizin azad edilməsi nəticələnən 44 günlük Vətən müharibəsində, 19-20 sentyabr 2023-cü il tarixdə aparılan lokal antiterror əməliyyatında qazanılan möhtəşəm qələbələrin nəticəsində  yaşamaqdadır. Xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan bu tarixi Zəfərin əldə edilməsində həyatlarından keçərək millətimizə başucalığı, şərəf bəxş edən yurdumuzun qəhrəman övladlarına Allahdan rəhmət diləyir, ruhları şad olsun deyirik.

Hal-hazırda azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işləri aparılmaqdadır. Xalqımızın gücü-qüdrəti sayəsində bu doğma ocaqlarımızın daha gözəl, daha füsunkar olacağı şübhəsizdir. Artıq bəzi yurd yerlərimizdə uzun illər qaçqınlığın ağrı-acılarını, nisgilini, həsrətini yaşamış soydaşlarımız məskunlaşmaqdadır.

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bərpaolunan enerji layihələrində əldə olunan yüksək göstəricilər Azərbaycanın yaşıl enerjiyə keçid prosesində fəal iştirakının əyani təsdiqidir.Yaşıl həyat isə Novruzun simvollarını özündə əks etdirməıkdədir.

Novruz bayramı və baharın yurdumuza qədəm qoyması ilə ana torpaq oyanır, təbiət canlanır, öz gözəlliyi ilə qəlblərə sevinc bəxş edir, ürəkləri riqqətə gətirir. Abadlıq-quruculuq, yaşıllaşdırma, səliqə-sahman işləri daha geniş miqyas alır.

Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində rayonumuz daha da inkişaf edir, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər, əhalinin maddi-rifah halının daha da yaxşılaşması qəlbimizi fərəh hissləri ilə doldurur. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı məqsədi, amalı xalqımıza xidmət etmək olan dövlətimizin siyasətini daim ürəkdən dəstəkləyir, müdafiə edir.

Hörmətli salyanlılar!

Sizi bu müqəddəs bayram münasibətilə ürəkdən təbrik edir, hər bir rayon sakininə xoşbəxtlik, firavanlıq. ruzi-bərəkət arzulayıram. Arzu edirəm ki, bu Novruz hər bir salyanlı ailəsinə bol-bol sevinc, fərəh bəxş etsin.

Novruz bayramınız mübarək!

Sevindik Hətəmov,

Rayon icra hakimiyyətinin başçısı

Keçidlər