Salyan rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov Sarvan kəndində taxıl biçini prosesində iştirak edib, yığımının gedişi ilə maraqlanıb.
Salyan rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov Sarvan kəndində taxıl biçini prosesində iştirak edib,
yığımının gedişi ilə maraqlanıb.
Salyan rayonunda cari ilin ən mühüm kənd təsərrüfatı kampaniyalarından biri olan taxıl biçini mövsümü uğurla davam edir. "Azərbaycan Respublikasında aqrar sahənin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonun Sarvan kəndində fəaliyyət göstərən yerli fermer və toxumçu Mərdan Cəlilovun təsərrüfatında arpa biçininin gedişatı ilə yaxından tanış olub. Biçin aparılan sahə 5 hektardan ibarət Qarabağ 22 sortu olan toxumluq arpa sahəsi olmuşdur. Fermer Mərdan Cəlilov rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilova əkdiyi buğda və arpa sahələri barədə məlumat vermişdir. Belə ki, fermerə məxsus 35 hektar sahədə yüksək reproduksiyalı toxumluq arpa, 152 hektar sahədə isə toxumluq buğda əkilmişdir. Tarla şəraitində keçirilən görüşdə Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev, Mərkəzin Texniki Nəzarətin Təşkili sektorunun müdiri Avdı Həsənov və Bitkiçilik sektorunun müdiri Rişad Əsgərli, Aqroservis ASC-nin Salyan rayon bölməsinin rəisi Elnur Xancanov, RİH başçısının Sarvan İƏD üzrə nümayəndəsi və digər fermerlər, mexanizatorlar iştirak etmişlər. Təsərrüfatın taxıl biçini aparılan sahəsinə baxış keçirən RİH başçısı Rüstəm Xəlilov rayonun aqrar sektorunda aparıcı sahələrdən olan taxılçılığın ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malik olduğunu vurğulayıb, fermerlərə işlərində uğurlar və yüksək məhsuldarlıq arzulayıb. Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev rayonda bu il qorunub saxlanılan və biçilən taxıl sahələrinin ümumi vəziyyəti, orta məhsuldarlıq göstəriciləri və aqrotexniki qulluq barədə ətraflı məlumat vermişdir. Biçinin vaxtında və itkisiz başa çatdırılmasında texnikaların roluna toxunan Aqroservis ASC-nin rayon bölməsinin rəisi Elnur Xancanov və Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili sektorunun müdiri Avdı Həsənov sahələrə cəlb olunmuş kombaynların və digər kənd təsərrüfatı texnikalarının sazlığı, eləcə də fermerlərin texnika ilə təminatı məsələlərinin tam nəzarətdə saxlanıldığını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Pagro MMC-nin Salyan filialı ilə müqavilə bağlamış Ələmov Amil Məmmədağa oğlunun pambıq sahəsində aparılan aqrotexniki işlərin gedişatı ilə yaxından tanış olub. Baxış zamanı pambıq sahəsində III kultivasiya işləri aparılmış, fermer pambıq sahəsində Bəyaz Altun 1010 R1 sortundan istifadə etməsi barədə məlumat verilmişdir. Sonda rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov biçinin optimal müddətdə, yanğın təhlükəsizliyi qaydalarına tam əməl olunmaqla və tam itkisiz yekunlaşdırılması və eləcə də pambıqçılıqda görülən aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılması üçün aidiyyəti struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.






