Salyan rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi.
03 iyun 2022 | 07:24
Salyan rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi.
03 iyun 2022-ci il tarixində Salyan rayon İcra hakimiyyətində rayon Ağsaqqallar Şurasının yığıncağı keçirildi. Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov, Azərbaycan Aqsaqqallar Şurasının sədr müavini Elmira xanım Süleymanova, idarə, müəssisə, təşkilatların, ictimaiyyətin nümayəndələri və rayon ağsaqqalları iştirak etdi. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlərin məzarlarını ziyarət edərək əziz xatirələrininə yad etmiş, abidələr önünə gül dəstələri qoymuşlar.
Tədbir iştirakçıları Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov rayon ağsaqqallarını salamladıqdan sonra onlara ən xoş arzularını çatdırdı. Azərbaycanın müstəqilliyi dövründə qazanılan uğurları diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı bildirdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti salyanlılar bütün amalları ilə dəstəkləyir və daim dövlətə və dövlətçiliyə sədaqətləri ilə sübut edirlər. Bu sahədə təbii ki, həmişə ağsaqqal nüfuzuna, ağsaqqal tövsiyəsinə və təbliğatına ehtiyac yaranır. Rayonumuzun ağsaqqalları da həmişə bu sahədə aktivlik nümayiş etdirərək öz nüfuzlarından istifadə edirlər. Ağsaqqallarımız həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər. Onlar hər zaman rayonun bütün tədbirlərində diqqət mərkəzində saxlanılmış, qayğı ilə əhatə olunmuşlar. Pandemiya dövründə də rayon rəhbərliyi daim ağsaqqalların yanında olmuş, bu gün də eyni diqqəti göstərməkdədir. 44 günlük Vətən müharibəsi dövründə ağsaqqallarımız vətənpərvərlik təbliğatını daha da genişləndirmiş, Vətən müharibəsində rayondan olan şəhidlərimizin ilk günlərindən yanlarında olmuş, onlara hər cür mənəvi dəstək göstərmişlər.
Sonra Salyan rayon Ağsaqqallar Şurasının sədri Hacı Beydulla İmanov çıxış edərək ötən 6 ay ərzində şuranın gördüyü işlər barədə ətraflı məlumat verdi.
Rayon ağsaqqalı Məhəmməd Ağayev, rayon Ziyalılar cəmiyyətinin sədri Allahverdi Piriyev, təqaüdçü müəllim Sədaqət Vahidova çıxış edərək bildirdilər ki, rayonumuzda "ağsaqqal" sözü həmişə uca tutulub, bu adın şərəfini daşımaq məsuliyyətlidir. Azərbaycanda ağsaqqal sözünə ehtiramla və diqqətlə yanaşılmasının çox qədim və zəngin ənənələri var. Xalqımızın milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir. Ağsaqqal saçının ağlığı ilə deyil, cəmiyyətdəki nüfuzu, mövqeyi və digər üstünlükləri ilə bu adın yükünü daşımağa haqqı olan insandır. Bildirildi ki, bundan sonra da rayonun ağsaqqalları rayonumuzun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında fəal iştirak edəcəklər.
Yığıncaqda Azərbaycan Aqsaqqallar Şurasının sədr müavini Elmira xanım Süleymanova çıxış edərək respublikamızda sosial-iqtisadi və mədəni sahələrdə aparılan quruculuq işlərindən danışdı və görülən bu işlərin xalqımız tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd etdi. E.Süleymanova istər Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə, istərsə də bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ağsaqqallara göstərilən diqqət və qayğıdan danışaraq, ağsaqqalların nüfuzunun artmasını fəxrlə qeyd etdi. Natiq Salyan rayon Ağsaqqallar Şurasına bundan sonrakı fəaliyyətlərində də uğurlar arzuladı.