Məşğulluq imkanları, işəgötürənlərlə yeni addımlar.
Məşğulluq imkanları, işəgötürənlərlə
yeni addımlar.
Salyan Rayon İcra Hakimiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialı ilə birgə rayonun 5 ərazisində təşkil etdiyi görüşlərdə işəgötürənlərlə geniş müzakirələr aparmışlar.
Görüşlərin əsas məqsədi, rayonun əmək bazarını daha da canlandırmaq, işsizliyin azaldılması və məşğulluğun təmin olunması istiqamətində atılacaq yeni addımların müzakirəsidir. İcra Hakimiyyəti tərəfindən Salyan rayonunda həyata keçirilən Ərazi Məşğulluq Proqramı çərçivəsində icra edilən işlər və gələcək perspektivlər barədə ətraflı məlumat verilmiş, bu çərçivədə, Agentliyin fəaliyyət istiqamətləri və onun göstərdiyi müxtəlif məşğulluq xidmətləri barədə geniş təqdimatlar edilmişdir.
Müzakirələrdə, xüsusilə işəgötürənlərə işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi üçün nəzərdə tutulmuş olan kvota tətbiqi qaydası, peşə hazırlığı kurslarının təşkili və digər müvafiq məşğulluq tədbirləri ətrafında geniş müzakirələr aparılıb. Bu tədbirlər, həm işəgötürənlərin, həm də işaxtaran və işsiz vətəndaşların həyatını asanlaşdırmağı hədəfləyir.
İşəgötürənlər, bu tədbirlərdən necə faydalana biləcəkləri ilə bağlı öz suallarını səsləndirib və bu suallar ətraflı şəkildə cavablandırılıb. Məşğulluq xidmətlərinin daha da effektiv həyata keçirilməsi üçün əməkdaşlıq perspektivləri müzakirə olunub. Həmçinin, işəgötürənlərin Agentliyin fəaliyyət istiqamətlərindən istifadə edərək əldə etdikləri müsbət nəticələr və təcrübələr dinlənilib.
Görüşlərin sonunda iştirakçılar, əmək bazarının tələblərinə uyğun daha çevik və səmərəli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb və gələcəkdə bu cür əməkdaşlıqların davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Məşğulluq xidmətləri vasitəsilə həm iş axtaranların, həm də işəgötürənlərin qarşılıqlı fayda əldə etməsi istiqamətində birgə addımların atılacağına dair ümumi fikir formalaşıb.
Bu cür görüşlər, rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynamaqla yanaşı, həm də bölgədəki məşğulluq səviyyəsinin artırılmasına və işsizliyin azaldılmasına böyük töhfə verəcəkdir.






