“Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun banisidir” mövzusunda tədbir keçirilmişdir.
Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun banisidir”
mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə şəhid ailələri, I və II-ci Qarabağ müharibəsi iştirakçıları, N saylı Hərbi Hissənin əsgər və zabitləri və ziyalılar iştirak etmişlər. Dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndərin və Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edənlər müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı naminə xüsusi xidmətlərindən və çoxşaxəli fəaliyyətindən danışmışlar. Qeyd etmişlər ki, Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Çıxışlarda möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin xidmətləri olduğunu qeyd etmişlər.