Dünya Azərbaycanlılarını Həmrəylik Günü və Yeni il münasibətilə Salyan Rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinə təbriki
Dünya Azərbaycanlılarını Həmrəylik Günü və Yeni il münasibətilə Salyan Rayon İcra Hakimiyyəti başçısının
rayon sakinlərinə təbriki
Əziz salyanlılar!
Sizi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik arzulayıram. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qəbul etdiyi qərar dünyanın ayrı-ayrı guşələrində yaşayan azərbaycanlıların ümumi vətənimizin inkişafı, çiçəklənməsi naminə bir araya gələrək vahid azərbaycançılıq ideologiyası ətrafında birləşmələrində misilsiz rol oynamışdır.
1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli xahişi və tələbi ilə yenidən hakimiyyət sükanı arxasına keçdikdən sonra beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından soydaşlarımız arasında sıx, monolit birliyə nail olunmasının dövlətimizin qarşısında duran önəmli siyasi prioritetlərdən biri kimi müəyyən etmişdir.
Ümummilli Lider xarici ölkələrə səfəri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşər, problemləri, qarşılaşdıqları çətinliklərlə tanış olar, onların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görər, milli-mənəvi dəyərlərimizin qorunmasının, onların yad, yabançı təsirlərdən hifz olunmasının, adət-ənənələrimizə sevgi, məhəbbət ilə yanaşılmasının xüsusi önəm kəsb etdiyini tövsiyə edər, bu baxımdan uğur qazanmağın yeganə yolunun milli birlikdən, həmrəylikdən keçdiyini vurğulayardı.
Ulu Öndərin ideyalarını ən yüksək səviyyədə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl məqsədyönlü siyasət, göstərilən hərtərəfli diqqət və qayğı sayəsində Azərbaycanın diaspor təşkilatları daha mütəşəkkil şəkildə fəaliyyət göstərir, qarşıya qoyulan vəzifələrin həlli istiqamətində uğurlarını daha da artırırlar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, güclü iradəsi, yenilməz qətiyyəti, şanlı ordumuzun əsgər və zabitlərinin, xalqımızın öz rəhbəri ətrafında yumruq kimi birləşməsi nəticəsində 30 illik torpaq həsrətinə, yurd nisgilinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində isə bir gündən də az müddətdə qeyri-qanuni fəaliyyət göstərən erməni hərbi birləşmələri zərərsizləşdirildi və beləliklə, Azərbaycan dövlətinin bütün ərazilərimizdə hakimiyyəti-suverenliyi təmin olundu. Bununla da tam qələbəyə nail olundu. Qürur hissi keçiririk ki, bu möhtəşəm Qələbənin qazanılmasında həmyerlilərimiz də özlərinin layiqli töhfələrini vermişlər.
Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra ölkəmiz yeni mərhələyə qədəm qoymuşdur. Mənfur düşmən tərəfindən vəhşicəsinə dağıdılan, talan edilən ərazilərimizdə-Qarabağda Şərqi Zəngəzurda həyata keçirilən, getdikcə daha da genişlənən yenidənqurma, bərpa-quruculuq işləri bu yerlərin gələcəkdə dünyanın ən abad, gözəl məkanlarından birinə çevriləcəyinə möhkəm inam və əminlik yaradır.
Artıq uzun illər torpaq həsrəti ilə yaşayan soydaşlarımızın dədə-baba yurdlarına qayıdışına başlanılmışdır.
2024-cü il fevralın 7-də Azərbaycanın bütün ərazilərində keçiriləcək növbədənkənar prezident seçkiləri Zəfər seçkiləri kimi tarixə düşəcək və xalqımız özünün yüksək seçki mədəniyyətini bütün dünyaya nümayiş etdirəcəkdir.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində respublikamızın digər bölgələri kimi, Salyan da inkişaf edir, insanların rifah halı yaxşılaşır. Rayonumuzda abadlıq quruculuq işləri davam etdirilir, infrastruktur layihələri həyata keçirilir. Bütün bu uğurlar hər bir salyanlını sevindirir, onlarda gələcəyə nikbin əhval-ruhiyyə oyadır. Əlbəttə, qazanılan nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində mümkün olmuşdur.
Hörmətli rayon sakinləri!
Sizi bir daha 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il münasibətilə təbrik edir, hər birinizə səadət, firavanlıq, işlərinizdə uğurlar arzulayıram.
Sevindik Hətəmov,
Salyan Rayon İcra hakimiyyətinin başçısı