Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq şairi Məmməd Arazın 90 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

07 dekabr 2023 | 18:31

Azərbaycan Yazıçılar Birliyinin, Salyan rayon İcra Hakimiyyətinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Xalq şairi Məmməd Arazın 90 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.

Əvvəlcə unudulmaz şairin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib. Mərasimdə Salyan Rayon İcra Hakimiyyəti başçısı apartının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhərrəm Məmmədov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri, yazıçı-publisist Nəbi İbrahimov, Salyan rayon “Qələbə” qəzetinin əməkdaşı, şair-publisist Əzizağa Məmmədli, Salyan şəhər 2 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Dilçilik İnstitutunun dissertantı Günel Orucova çıxış edərək Azərbaycanın milli istiqlal şairi Məmməd Arazın yubileylərinin daim ölkəmizdə yüksək səviyyədə qeyd edildiyini bildiriblər.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Xalq şairi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət verib. Onun fəaliyyəti Ulu Öndər tərəfindən “İstiqlal” ordeni ilə qiymətləndirilib. Şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev də görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.

Diqqətə çatdırılıb ki, yaradıcılığında əsasən Vətən, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin poeziyası bu gün də aktuallığını qoruyub saxlayır, onun şeirlərinə mahnılar yazılır və bu mahnılar dillər əzbəridir. Azərbaycan ədəbiyyatının böyük ustadlarından olan Məmməd Arazın sənəti, yaradıcılığı, əsərləri hər zaman yaşayacaq və müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək.

Daha sonra tanınmış şair Zabil Pərviz Məmməd Araz ilə unudulmaz görüşlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. O, şairin poeziyasının bənzərsiz olduğunu vurğulayıb. Tədbirin bədii hissəsində Məmməd Arazın müəllifi olduğu şeirlər səsləndirilib, şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

 

Keçidlər