Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi və Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rəhim oğlu Cəbrayılzadənin anım günü qeyd olundu.
24 oktyabr 2023 | 15:27
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi və Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rəhim oğlu Cəbrayılzadənin anım günü qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Vətən Müharibəsi Qəhrəmanının ailəsi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhadətinin ildönümü ilə əlaqədar adını daşıyan Salyan Peşə Liseyinin qarşısındakı büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhlarına dualar oxumuşlar.
Qeyd edək ki, 1983-cü ildə Salyan rayonunun Marışlı kəndində doğulan Sübhan Cəbrayılov əfsanəvi taborun tərkibində 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq göstərib. O, Suqovuşanın, Füzulinin, Hadrutun, Cəbrayılın, Zəngilanın və Qubadlının azad olunmasında iştirak edib. “Cəbi” ləqəbi ilə tanının qəhrəman oktyabrın 19-da Qubadlıda gedən döyüşlərdə snayper gülləsi ilə şəhidlik zirvəsinə ucalıb. Nəşi neytral zonadan çıxarıldıqdan sonra doğulduğu gün – oktyabrın 23-də yaşadığı Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Sübhan Cəbrayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.