AQUPDK sədri Bahar Muradova Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Heydər Əliyev Mərkəzində Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə RİH başçısı Sevindik Hətəmov və Komitə sədri Bahar Muradova Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Qəbulda vətəndaşların ərizə, müraciət və təkliflərinə baxılıb. Vətəndaşlar əlilliyi olan şəxsin mənzil və məişət probleminin həllinə köməklik göstərilməsi, işlə təmin olunma, şəhid ailələrində qadınların ictimai fəallığa cəlb olunması, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, ailələr boşandıqdan sonra uşaqlarla ünsiyyətin bərpası və digər məsələlərlə bağlı müraciət ediblər.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.