Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarı ziyarət olunub.
Antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların
məzarı ziyarət olunub.
Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların 22.09.2024-cü il tarixində Qəhrəmanov Sadiq Sakit oğlunun, 23.09.2024-cü il tarixində Bayramov Davud Şamil oğlunun Salyan rayonunda xatirəsi anılıb. Salyan RİH-nin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş şəhidlərin məzarlarını ziyarət etmiş, üzərilərinə gül dəstələri düzərək xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirmiş, onların ruhlarına dualar oxumuşlar.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin Qələbəni şərtləndirən əsas amil olduğunu qeyd edərək, şəhidlərin doğmalarına dərin hüznlə başsağlığı vermiş, Allahdan onlara rəhmət diləmişdir.
Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişlər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!