Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi deməkdir .

13 noyabr 2020 | 16:00

 

Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi deməkdir .

“Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi demək oldu”. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Bu zəfər faktiki olaraq müharibənin taleyinin həllində önəmli rol oynayacaq və böyük önəm kəsb edir.
  Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 9-da erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurmuşdu. 28 il yarım ərzində xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın işğal edilməsi ilə barışmayıb, işğal altındakı bütün torpaqlarımızın, o cümlədən doğma Şuşanın azad ediləcəyinə hər zaman inanıb. Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi. Şuşanın azad olunması o deməkdir ki, ordumuz onun ətrafındakı digər yaşayış məntəqələrinə də nəzarət edə biləcək, düşməni bu torpaqlarımızdan da çıxarmaq üçün Şuşanın üstün strateji mövqeyindən istifadə edə biləcək.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər".
     Tarix göstərdi ki, bu müddət ərzində Azərbaycan Prezidentinin yeritdiyi müstəqil siyasət ölkəmizi həm regionda, həm də dünyada söz sahibinə çevirib. Ölkəmizin mövqeyinin möhkəmlənməsi münaqişə ərtafında yaranan vəziyyətin məhz bizim xeyrimizə dəyişməsinə rəvac verdi. Hərbi imkanlarını genişləndirməklə yanaşı, Azərbaycan həm də diplomatik cəbhədə diktə edən tərəfə çevrildi. İndi döyüş meydanında Azərbaycan düşmənlə təkbaşına mübarizə aparır və ərazi bütövlüyümüz qarış-qarış azad olunur. Üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hər birimizi qürurlandırır. Son günə qədər düşmən Şuşa ilə bağlı yalan informasiyalar yayaraq, həm öz ictimaiyyətini, həm da beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edirdi. Amma şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırığını qətiyyətlə yerinə yetirdi. Şuşa işğalçı ölkə üçün psixoloji baryer olduğundan, düşmən hazırda isterik vəziyyətdədir. Görünən odur ki, biz haqq işimiz uğrunda illərdir apardığımız ədalətli mübarizəni döyüş meydanında uğurla davam etdiririk.  İlk növbədə qeyd edilməli olan nüanslar sırasında bu məqam xüsusi diqqətə layiqdir ki, qələbəmizin kökündə xalqımızın milli birliyi durur. Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlət başçısının ətrafında yumruq kimi birləşərək, Onu qeyd-şərtsiz dəstəklədi. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunması xəbəri elan olunandan dərhal sonra Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya bu münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı. Partiya rəhbərləri cənab İlham Əliyevin hakimiyyətdə olduğu illərdə uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın ən yeni tarixinin qızıl hərflərlə yazıldığını vurğuladılar və bunu dövlətimizin başçısının geniş dünyagörüşünün, siyasi uzaqgörənliyinin, diplomatik bacarıqlarının, hərbi-strateji dühasının, iqtisadi islahatlarının, xalqımızın Ali baş Komandanına göstərdiyi yüksək etimadın, xalq-dövlət-vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlayış və hörmətin ən ali təcəssümü kimi ifadə etdilər. Qeyd etdilər ki, cənab İlham Əliyevin ölkə rəhbəri kimi, sadəcə, iqtisadi, sosial və siyasi sahələrdə deyil, Ali Baş Komandan olaraq ordumuzun həm maddi-texniki təminatının və döyüş qabiliyyətinin, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər bugünkü Qələbəmizi təmin edən əsas amillərdir.
     Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan cənab İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Həmin sənədlər birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdır ki, bu da bizə əlavə güc verdi.
     Ümummilli liderimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” – kəlamı da özünü doğrultdu. "Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan etdi: “...Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Lakin biz bu gün Ermənistanı təcrid edilmiş hala saldıq”.
     Həqiqətən də cənab İlham Əliyevin dediyi kimi, bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Bu illər ərzində bir çox ölkələrlə səmimi işguzar münasibətlər qura bildik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edə bilir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bildik. Biz bunu etməsəydik, münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.
     “Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir”-Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər onun rəhbərliyi və müvafiq tapşırıqları ilə artıq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat və inkişaf strategiyasının qurulmasından xəbər verir. Əminik ki, ölkəmizin dayanıqlı inkişaf tempi, region və dünyada strateji, iqtisadi əhəmiyyəti, beynəlxalq nüfuzu sayəsində işğaldan azad edilmiş torpaqlarımızda ən qısa zamanda bütün sahələrdə, uğurla icra olunacaq inkişaf strategiyası və nailiyyətlər əldə olunacaq. Cənab Ali Baş Komandanın xalqımıza olan hər bir müraciəti bizi uğurlu və İlhamlı sabahlara ümidləndirir, yetişməkdə olan sağlam nəsillərin bu şərəfli tariximizi daima qoruyub saxlayacağı inamını artırır!


 

Keçidlər