Şriftin ölçüsü :

Saytın rəngi :

Bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir.

05 noyabr 2020 | 16:00

 

 

Bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir.

Dövlətimizin başçısı İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində qərəzli suallarla “silahlanmış” jurnalistin tarixdən xəbərsizliyini həqiqətlərin, faktların dili ilə cavablandırdı,  Dağlıq Qarabağın Azərbaycan üçün önəminin resurslarına görə deyil, əzəli torpağı olaraq milli qürur məsələsi olduğunu bir daha diqqətə çatdırdı. Sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının  davam etdirilməsi nəticəsində 180-dən artıq yaşayış məntəqəsinə mərmi atılıb, 91 nəfər dinc sakin həlak olub, 400-dən artıq  insan yaralanıb. Həlak olanların 11-i uşaqdır. Bu, insanlığa qarşı böyük  cinayətdir. Müharibənin öz qanunları olsa da, cinayət əməllərinin törədilməsi beynəlxalq hüquq normalarına, Cenevrə Konvensiyasına ziddir, bu əməlləri törədənlər  cinayət məsuliyyətinə cəlb olunmalıdır.  Sual olunur: Ermənilərin hərbi təxribatı nəticəsində daha nə qədər dinc, günahsız insan  həlak  olmalıdır ki, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar saralmış kağızlar üzərində qalan bəyanatlardan konkret əməli işə keçsinlər? Eyni zamanda, əgər bu cinayətlər başqa dövlətlərə qarşı törədilsəydi, dünya yenə də susmağı yeganə çıxış yolu hesab edəcəkdi? Təbii ki, əsla yox.
     Azərbaycan bir aydan artıqdır ki, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasını həyata keçirir. Tarixi ədalətin bərpa olunması istiqamətində Azərbaycan Ordusunun rəşadəti, qələbə əzmi  bu günədək ölkəmizə qarşı  dövlətlərin hansı mövqedə dayandıqlarına, ən əsası kimin  münasibətlərdə səmimi və ədalətli olduğuna işıq saldı. Dövlətimizin başçısı  İlham Əliyevin xarici mətbuata müsahibələrinə diqqət yetirmək kifayətdir. Müxtəlif dövlətləri təmsil edən televiziya kanallarının, digər mətbu orqanların qərəz dolu, tarixdən və hüquqdan xəbərsizlikləri, ən əsası Ermənistana meyillikləri fonunda ortaya çıxan sualları   diplomatik şəkildə, səbir və təmkinlə, tarixi faktların dili ilə cavablandıran dövlətimizin başçısı İlham Əliyevin keçdiyi tarix və hüquq dərsləri Azərbaycanın nəinki döyüş meydanında,  informasiya cəbhəsində də üstünlüyünü bir daha təsdiqləyir.
     Cənab İlham Əliyevin bu günlərdə Almaniyanın ARD televiziya kanalına müsahibəsi də bu baxımdan diqqətçəkən oldu. Ölkə Prezidenti bir daha müharibənin nə zamanadək davam edəcəyini, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyalarını yerinə yetirərkən neytrallığı qorumamalarını, ən əsası Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə əldə edilən atəşkəs razılaşmasının  üç dəfə Ermənistan baş nazirinin əmrinə uyğun olaraq sərhəddən xeyli uzaqda olan yaşayış məntəqələrimizin, iki dəfə Gəncənin, üçüncü dəfə Bərdənin raket atəşinə tutulması nəticəsində kobud şəkildə pozulmasını, həmçinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşündən sonra işğaldan azad edilən torpaqlarımızın atəşə tutulmasını və sair məqamları  diqqətə çatdırmışdır. Daha çox diqqət çəkən məsələ dövlətimizin başçısının alman jurnalistə keçdiyi  yenə də tarix və hüquq dərsi oldu. Jurnalistin  “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavab olaraq dövlətimizin başçısı  bildirmişdir ki,  Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir: “Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.”
     Ermənilərə dəstəkdən qaynaqlanan növbəti sual tarixin inkarı üzərində qurularaq “Siz qəbul edirsiniz ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub” sualına cavab olaraq isə  “Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahimxəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib” bildirmişdir.
       Qarabağın tarixi barədə ətraflı məlumat verən cənab İlham Əliyev bu faktı bir daha dünya, xüsusilə Almaniya auditoriyasına çatdırmışdır ki, ermənilər  Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər.
     Dövlətimizin başçısının tarixi faktlara, real həqiqətlərə əsaslanan cavabı qarşısında aciz qalan  jurnalistin  qərəzlə “silahlandığını” ört-basdır etmək məqsədilə səsləndirdiyi  “Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər” sualı və bu suala cənab İlham Əliyevin cavabı da diqqətdən kənarda qala bilməz. “ Bəli, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni əhali ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu, belə olub” söyləyən ölkə Prezidenti bildirir ki, lakin digər məsələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və “Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil: “Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun.” Bir mühüm məqamı da qeyd edək ki, son bir ayda  Ermənistan silahlı qüvvələrinin  qadağan edilmiş silahlardan istifadə etdiyi beynəlxalq hüquq təşkilatları tərəfindən də təsdiqlənir. Belə ki, “Amnesty International” və  “Human Rights Watch” beynəlxalq hüquq müdafiə  təşkilatları  Ermənistanın Azərbaycanın Bərdə şəhərini kaset bombalarından atəşə tutduğunu təsdiq edib. Bu qurumların hesabatları göstərdi ki, artıq həqiqəti gizlətmək cətinləşir. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi, diplomatiya müstəvisində real həqiqətlərə əsaslanan təbliğatı əsasında dünya ədalət deyilən məfhumun mövcudluğu ilə barışır. Bu təşkilatların nümayəndələri hadisə yerində olub və araşdırma aparıblar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş kaset bombalardan istifadə etdiyinə dair açıqlama yaymaları artıq dünya ictimaiyyətinin erməni vandalizminə və terrorizminə göz yuma bilmədiyini göstərir. Bu, Azərbaycanın, haqqın, ədalətin qələbəsi, Azərbaycanın Ermənistan üzərində növbəti siyasi-diplomatik üstünlüyünün göstəricisidir.
     İşğalçı Ermənistan illərdir dünyaya münaqişə ilə bağlı yalan informasiya yayır, həqiqətləri özünün yalan təbliğatının arxasında gizlətməyə çalışır. Ermənistan hakimiyyətinin sərsəm bəyanatlarına diqqət yetirmək kifayətdir. Münaqişənin diplomatik yolla həllinin mümkün olmadığını bildirən Ermənistanın baş naziri Nikol Paşinyanın bu sərsəmliyinin əksinə olaraq havadarları hərb yolunun mümkünsüzlüyünü qeyd edirdilər. Bugünümüzün reallıqları onların düşüncələrinin yanlışlığını bir daha nümayiş etdirir. Tarix yazan, ədaləti bərpa edən Azərbaycan Ordusu münaqişənin hərb yolu ilə həlli variantının mümkünlüyünü nümayiş etdirir. 4 şəhər, 3 qəsəbə, 200-ə yaxın yaşayış məntəqələrimiz işğaldan azad edilib. Ermənistan və havadarları belə yanlış bəyanatları ilə Azərbaycanın gücünə, nüfuzuna xələl gətirməyə səy göstərirdilər. Ermənistan hakimiyyəti, eyni zamanda,  son təbliğatları ilə  belə təsəvvür yaratmağa çalışırlar ki, Azərbaycan guya dinc əhalini hədəfə alır və mülki obyektlərə zərbə endirir, beynəlxalq hüquqla qadağan edilmiş silahlardan istifadə edir.
      Reallıq bu idi ki, yuxarıda adları çəkilən beynəlxalq hüquq təşkilatları hadisələri daim Ermənistanın mənafeyi nöqteyi-nəzərindən işıqlandırırdılar. Onların Gəncə soyqırımına yanaşmaları da bunun bariz nümunəsidir. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyev onların bura gəlib baş verənlərlə yerindəcə tanış olması, ən əsası Ermənistan silahlı qüvvələrinin hansı silahlardan istifadə etdiklərini görmələri üçün müraciət etdi. Almaniya mətbuatına müsahibəsində cənab İlham Əliyev  bu məqamı xüsusi qeyd etmişdir: “Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar...”
     Mayasında yalan, hiylə və xəyanət olan ermənilər  törətdikləri müharibə cinayətlərini, vəhşilikləri ört-basdır etmək üçün total yalan və feyklərdən istifadə edir. “Ərəb muzdluları”, “Pakistan əsgərləri”, “Türkiyə xüsusi təyinatlıları”, “F-16 qırıcıları”, “Xankəndidə doğum evi, Şuşada kilsənin vurulması” və digər feykləri yaymaqla məqsədyönlü siyasət aparırlar. Burada məqsəd erməni ictimaiyyətinin gözündə Ermənistan ordusunun məğlubiyyətinə haqq qazandırmaq, dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi müharibə cinayətlərindən yayındırmaq və beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazını yaratmaqdır.Əldə olunan məlumata görə, Ermənistan  Xocavənd istiqamətində fosfor tərkibli maddələr gətirib. Düşmən gizlənmək məqsədilə bu maddələri meşələrdə tətbiq edir. Meşələrdə yanğınlar törədərək bunu Azərbaycan Ordusunun üzərinə atmaq, dezinformasiya yayaraq öz bölmələrinin orada gizlənməsini təmin etməyə çalışır. Lakin dövlətimiz  bəyanatları ilə, apardığı şəffaf əməliyyatlarla və yaydığı videogörüntülərlə həm ölkə, həm də dünya ictimaiyyətini məlumatlandırır. Ermənilər və onların havadarları unudurlar ki, yalanlarının ayaq tutub yeridiyi zamanlar birinci Qarabağ müharibəsi dövründə qaldı. Artıq Azərbaycan o dövrün Azərbaycanı deyil. Bu günə qədər ermənipərəst siyasəti ilə diqqətdə olan, Azərbaycanın əleyhinə təbliğat aparan “Amnesty International” və  “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatlarının bu gün ölkəmizin, ordumuzun ədaləti bərpa etməsinə öz dəstəyini göstərərək Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq tərəfindən qadağan edilmiş silahlardan istifadə etdiklərini təsdiqləməsi də  diplomatik uğurlarımızın tərkib hissəsidir. 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların bəyanatlardan konkret əməli işə keçəcəyinə inam nümayiş etdirən Azərbaycan dövləti, xalqı səbrinin tükənməz olmadığını göstərərək  Dağlıq Qarabağın ədalət, milli qürur məsələsi olduğunu döyüş meydanında bir daha  işğalçı Ermənistana və havadarlarına  çatdırdı.  Ermənilərin feyk xəbərləri fiaskoya uğrayır.

Keçidlər