Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

29 oktyabr 2020 | 16:00

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident İlham Əliyevin müraciəti
-Əziz həmvətənlilər.
Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Biz Qarabağ tarixini yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyada, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir, təsəvvür edin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdir. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Görülən bütün bu işlər, bax, bu gün bizə kömək göstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səylərimiz nəticəsində buna nail ola bilmişik. Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik, tam haqlıyam. Mən Münhen təhlükəsizlik konfransında bütün dünyaya və bu, canlı formatda aparılmış diskussiya əsnasında sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır. XIX əsrin əvvəllərində Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında, ümumiyyətlə, geniş ictimai fikirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdır, digər tərəfdən Çar Rusiyasının generalı imzalamışdır. O müqavilə internetdə var, hər kəs baxa bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüş meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya gedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd aydın idi - imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və əfsuslar olsun ki, bu məqsədə çatdılar. Ondan sonra erməni əhalisi qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar. XX əsrin əvvəllərində bolşevik inqilabından sonra böyük təhlükə var idi ki, bolşevik hakimiyyəti Dağlıq Qarabağı Ermənistana verəcək. Qafqaz bürosunun protokolları var, 1921-ci ilin iyul ayında. Qafqaz bürosunun protokollarına baxmaq kifayətdir və belə təhlükə var idi. Ancaq hesab edirəm ki, Nəriman Nərimanovun və reallığı düzgün qiymətləndirən digər şəxslərin səyləri nəticəsində buna nail ola bilmədilər. Qafqaz bürosunun protokollarında göstərilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bütün bu illər ərzində saxta erməni alimləri, ermənilərə havadarlıq edən dairələr sübut etməyə çalışırdılar ki, Stalin Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana veribdir. Yalandır! Açın, baxın Qafqaz bürosunun protokoluna, orada deyilir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın! Bu, bir daha onu təsdiqləyir ki, bu, bizim torpağımızdır. Əfsuslar olsun ki, ondan sonra Dağlıq Qarabağ muxtar vilayəti yaradıldı, o bölgəyə xüsusi status verildi. Amma onu da bildirməliyəm ki, bu, respublika deyildi, vilayət idi. Yəni, orada daha aşağı səviyyəli bir özünüidarəetmə mexanizmi mövcud idi. İndi tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, orada yaşayan ermənilər böyük hüquqlara, imkanlara malik idi.
Sovet vaxtında, münaqişəyə bir neçə il qalmış separatizm meyilləri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər orqanı olan büroda 9 üzv var idi. Onlardan 8-i erməni idi, 1-i azərbaycanlı, o da Şuşa rayon Kommunist Partiyasının birinci katibi. Dağlıq Qarabağın 1-ci katibi, hökumət başçısı, parlament başçısı ermənilər idi. Nə istəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə, dəmir yolu çəkilib 1970-ci illərdə, Sərsəng su anbarı tikilib 1970-ci illərdə, Madagiz, – indi adını mən bərpa etmişəm, - Suqovuşan su anbarı tikilib. Bütün bunlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına edilən investisiyalardır. Amma onlar nankorluq göstərdilər, vəziyyətdən istifadə etdilər, Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər və separatizm meyilləri baş qaldırdı. Ondan əvvəl nə etdilər? Onlar ondan əvvəl hazırlıq işləri görürdü və əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar Azərbaycandan Moskvaya kütləvi surətdə anonim məktublar göndərirdilər. Qəsdən şər-böhtan kampaniyası aparılırdı ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra 2 həftə keçməmiş baş qaldıran erməni separatçılar məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı. Ondan sonra Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını salıb aşağı Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər. Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı. Halbuki bu bağlantı yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi.
Bax, bu faciəvi hadisələr sanki yeni reallıq yaradırdı. Ondan sonra bu məsələni beynəlxalq vasitəçilər öz üzərilərinə götürdülər, 1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər, faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məşğul olmağa başlamışdır. Amma bunun nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ, əbədi qalsın əsarət altında bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız. Bəs, nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə - nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr arasında bizdən başqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistanı qane edirdi.
Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Bir söz deyən var onlara ki, sən niyə qanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən. Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi.
Ona görə, Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Elə bil, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də reallıqlarla hesablaşmalısınız. Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda, görün, nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana, hər tərəfdən. Əl-ayağa düşdülər. Bəs, nə oldu? İyirmi səkkiz il bu məsələni belə süründürə-süründürə elə bil ki, həll edirdiniz. Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs, indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın! Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu.
Deməli, bunların bütün fəaliyyəti indi Ermənistanı xilas etməkdir. Təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur, bu fəaliyyət.
Atəşkəs rejiminə gəldikdə, ayın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi. Mənim mövqeyim elə idi ki, bu, humanitar xarakter daşımalıdır və həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi kobudcasına pozdu, özü də namərd şəkildə, gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra oktyabrın 17–də yeni atəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi. Ancaq səhər 9-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı. Ancaq mən yenə də göstəriş vermişəm, hələ ki, Azərbaycan Ordusu özünü təmkinlə aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə. Mən təklif etmişəm ki, əgər istəyirsinizsə sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir - neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan çıxmalıdırlar. Cədvəl verilməlidir. Ermənistan bu cədvəli verib? Verməyib. Belə olan halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz. Bu, birincisi.
İkincisi, bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb və sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək istəyir, yenə də silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var və əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir, müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var, nə vaxt, hansı təyyarə gəlib, haraya gəlib, nəyi gətirib, necə boşaldıb, haraya göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə silah göndərir Ermənistana? Axı, Ermənistan diz çöküb, artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir. Ermənistanın baş naziri - Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edən, özünü böyük sərkərdə kimi aparan indi yıxılıbdır onun-bunun ayağının altına kömək istəyir, imdad diləyir, özünü alçaldır, xalqını alçaldır. Yaxşı, silah verməyin qurtaraq da. Verməyin. Bizə kim verir? Heç kim vermir. Verməyin. İstəyirsinizsə qurtarsın, silah verməyin. İki gündən sonra gələcək yalvara-yalvara. Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən onlara silah göndərilir. Bu, nə məsələdir? Biz buna səssizmi qalacağıq?
Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən Prezident kimi 17 il ərzində hər zaman Azərbaycan xalqına həqiqətləri demişəm, hər zaman. Müntəzəm olaraq xalqa hesabat vermişəm, bütün məsələlərlə bağlı. Bu gün də məlumat verirəm, bəlkə də tam məlumat deyil. Çünki müəyyən diplomatik qaydalar var. Amma nəyi demək mümkündürsə, onu deyirəm, həm Azərbaycan xalqına, həm də bütün dünyaya. Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun! Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik.
Mən bir məsələni də bildirmək istəyirəm. Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Biz bu bazanı genişləndirmişdik. Bu gün təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələri yox, digər sənədlər mövcuddur. BMT Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, digər təşkilatlar. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizin toxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Yəni, bu, hüquqi bazadır və bu baza imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, qovaq onları, rədd edək bizim torpaqlarımızdan. Amma baxın, bu yaxınlarda nələr baş verir? Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi.
Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya 5-dən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistanın maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük.
Mən son bir neçə il ərzində demişdim ki, dünya artıq əvvəlki dünya deyil. Güc amili ön plana çıxır və bunu biz etməmişik. Baxın, görün indi böyük dövlətlər beynəlxalq hüquqa məhəl qoyurlarmı? Xeyr. BMT Təhlükəsizlik Şurasına məhəl qoyurlarmı? Xeyr. İstədiklərini edirlər, hərə öz yerində, öz tərəfində, biri ora girib, biri bura girib, biri hansısa ərazini bölür. Beynəlxalq hüquqdan əsər-əlamət yoxdur. Biz onda bunu niyə müdafiə etməliyik? Halbuki, biz müdafiə edirik, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvlər, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Mane olmasınlar və Azərbaycan xalqının səbri ilə oynamasınlar. Sabah bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq. Bəs, necə olacaq bizim münasibətlərimiz? Azərbaycan xalqı bu haqsızlığı unudacaqmı? Unutmayacaq. Bunu bir fikirləşsinlər. Azərbaycan indi o dövlət deyil ki, onun maraqlarını kimsə kənara qoya bilər. Xeyr. Gün gələcək, gələcəklər xahişlərlə, təkliflərlə, əməkdaşlıq təklifləri ilə. Bəs, hansı üzlə bizə baxacaqlar? Bu gün bütün imkanları səfərbər ediblər bizə qarşı. Mən bir ay buna dözürdüm, bir ay. Demirdim bunları, yığılmışıq boğaza. Bu, birincisi.
İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o, vasitəçi ola bilməz. İndi vasitəçi ölkələr gərək yeni bir funksiya fikirləşsinlər, nə ilə məşğul olacaqlar? İndi artıq beş rayonun azad edilməsindən danışa bilməzlər, hanı 5 rayon, bizdədir onların artıq 4-ü. O məsələ artıq getdi, qurtardı getdi. Özümüz götürmüşük - Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı. Bu rayonların böyük hissəsi bizdədir. Keçmiş Hadrut - indiki Xocavənd rayonunun bir hissəsi bizdədir. Ona görə fikirləşsinlər.
Biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz etmirəm, görüşsünlər. Bu, 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. Mən demək istəmirəm ki, bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun. Amma bu məna gərək münaqişənin həllini tezləşdirsin. Ermənistanın havadarları, sizə deyirəm: bu saxta dövləti xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın. Bir sözünüzlə çıxa bilər, bir sözünüzlə. Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi? Yox. Mən indi Azərbaycan xalqına bəzi məlumatları verəcəyəm, biz onların nə qədər texnikasını məhv etmişik. Hər kəs hesablaya bilər, internetə girə bilər, baxsın o texnikanın qiymətinə və sual versin. Haradandır bu pul kasıb, yoxsul ölkədə? Problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul? Nə qədər məhv etmişik, yenə də gətirirlər. Eybi yoxdur, gətirsinlər, özləri bilər.
İndiki mərhələdə bizim mövqeyimiz bundan ibarətdir və biz hazırıq ki, bu məsələ hərbi-siyasi yollarla həll olunsun. Amma həll olunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun. Ermənistan bunu pozub, hər bir pozuntunu biz qeydə alırıq, hər bir. Tapşırıq vermişəm, qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar. Bizdə bütün məlumatlar var. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.
O ki qaldı, bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin gələcəyinə, mən demişəm ki, onlar da bizim vətəndaşlarımızdır. Onların da canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstərəcəyik. İndi Ermənistanın yeni hökuməti Paşinyanın simasında demirdi ki, Ermənistanı idarə edən adamlar cinayətkardır? Mən də onu deyirdim. Bəs, necə oldu, Paşinyana qədər 20 il ölkəni idarə edənlər cinayətkardırsa, bu ölkə nədir? Cinayətkar ölkədir. Onlar - iki keçmiş prezident həm Qarabağda xunta başçısı olublar, sonra isə Ermənistana rəhbərlik ediblər. Hər ikisi haqqında cinayət işi açılıb. Cinayətkardırlar, Qarabağda yaşayan ermənilərin qanını içirdilər. Haradandır bunlarda bu qədər mal, dövlət, varidat? Haradan? Erməni xalqının qanını soraraq əldə ediblər. Bir daha deyirəm, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildi. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqeyimi bildirmək istəyirəm, biz mütləq bu torpaqlara hərbi-siyasi yollarla qayıdacağıq. Hərbi mərhələ bu gün başa çata bilər. Biz məsələni siyasi yollarla həll edəcəyik. Azərbaycanlılar qayıdır Şuşaya, azərbaycanlılar qayıdır Xankəndiyə. Əvvəllər yaşadığımız bütün başqa yerlərə qayıdır. Erməni əhali üçün şərait yaradılır, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik, həm onlar, həm də biz. Mən məsələni belə görürəm və mənim bu yanaşmam həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır. Ermənistan isə istəyir ki, bizi oradan qovsun, ondan sonra etnik təmizləmə aparsın, bizim abidələrimizi erməniləşdirsin, xaricdən erməniləri gətirsin oraya. Bəs, Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hanı bu yol? Bəs, Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi.
Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdır.
İndi isə əziz xalqıma bəzi məlumatlar vermək istəyirəm. Sentyabrın 27-dən başlayaraq bu günə qədər Ermənistanın məhv edilmiş və hərbi qənimət götürülmüş texnikasının bir hissəsinin siyahısını təqdim edirəm. Deməli, tank – 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Amma hələ tankları var. Görün nə qədər tank olub onlarda. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə - 53-ü məhv edilib. 82 “Qrad” qurğusu məhv edilib. 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib. Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 ”KRUQ”, 2 “S-125” qurğusu məhv edilib. “S-300” ən bahalı qurğulardan biridir, 6 “S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Qiyməti bəllidir. Hər kəs hesablaya bilər. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Biz düşməni toplam 404 yük avtomobilindən məhrum etmişik.
İndi bir daha sual verirəm. Hər dəfə bu sualı verirəm və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində olan, müflisləşən ölkə haradan alıbdır? Ermənistanın xarici dövlət borcu təxminən 8 milyard dollardır. Valyuta ehtiyatları isə 1,5 milyard dollardır. Özü də bu, sərbəst vəsait deyil, bu, bank rezervləridir. Onlardan istifadə edə bilməz. Əgər istifadə etsə, onların dırnaqarası valyutası da kəllə-mayallaq gedəcəkdir. Kim verib sənə bu qədər silahı? Niyə soruşan yoxdur? Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın F-16 neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər onlar. Yaxşı, orada, aeroportda cəmi 5-6 təyyarə qalıbdır. Bu barədə hər dəfə sual verirlər. Yaxşı, mən bu suallara cavab verirəm. Amma Ermənistana da, silahları onlara verənlərə də sual verin. Verin bu sualları, nə üçün silah verirsən? Pulunu vermisənmi? O silahları istehsal edən ölkələrin vətəndaşları bilirlərmi ki, bir ay ərzində onların nə qədər malı batıb? Biz onların nə qədər silahlarını məhv etmişik? Bir nəfər jurnalist bu sualı vermir mənə. Maraqlı deyilmi? Maraqlıdır. Eybi yoxdur. Biz buna artıq öyrəşmişik ki, bütün bu illər ərzində Azərbaycan haqqında iftiralar, yalanlar, uydurmalar baş alıb gedirdi. İndi Xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik. Bu yeni siyahılar bir daha göstərir ki, biz reallığı dəyişdirdik.
İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam.
Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!
Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəri verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!
Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər