Xalq və rəşadətli ordumuz öz qələbə salnaməsini yazır
Xalq və rəşadətli ordumuz öz qələbə
salnaməsini yazır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları oktyabrın 17-də xalqa müraciəti zamanı cinayətkar Ermənistan hakimiyyətinin növbəti faşist əməlləri barədə dünya ictimayyətini xəbərdar etdi. Cənab Prezident müraciətində bildirmişdir ki, “Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Bu bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goronboy, Agcəbədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağılıb, ya da ki, bu evlərə böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz”.
Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda olan Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itgisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55-dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumibəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir.
Cənab Prezident müraciətində bildirmişdir ki, düşmənin bu cinayətkar əməllərinə Azərbaycanın Qəhrəman Ordusu döyüş meydanında cavab verir. Azərbaycan düşmənin qisasını mülki əhalidən almır. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar.
Xalq və rəşadətli ordumuz öz qələbə salnaməsini yazır. 17 oktyabr tarixində Fizuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Pirəhmədli kəndi, Cuvarlı kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib. Füzulinin azad olunması böyük qələbənin müjdəsidir. Füzuli əməliyyatı rəmzi məna daşıyır. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması ordumuza yeni strateji üstünlüklər qazandırmışdır. Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. Füzuli uğrunda gedən döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Yüksək peşəkarlıq, məharət, şücaət, qəhrəmanlıq, fədakarlıq nümayiş etdirən ordumuz haqqı, ədaləti bərpa edir. Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldə edən qəhrəman Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın dəyəri təqribən 2 milyard dollar səviyyəsindədir.
Müzəffər Azərbaycan ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlar Şanlı Ordumuz tərəfindən işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.
Azərbaycanın haqq, ədalət yolunda olduğunu bildirən Prezident İlham Əliyev müraciətində deyib: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır! Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır.
Bir daha demək istəyirəm ki, biz xoşbəxt insanıq, bizim nəslimiz xoşbəxtdir ki, bu sevincli günləri görə bilirik. Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”