Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Riqada verdiyi bəyanatı regionda sülhə real təhlükədir.
Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Riqada verdiyi bəyanatı regionda sülhə real təhlükədir.
Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir. Fransa kimi bir dövlətin başçısının beynəlxalq hüquqa və Avropa dəyərlərinə baş-başa zidd olan mövqedə dayanması təəssüf doğurur.
Son günlər Ermənistanın cəbhə boyu xəttdə Azərbaycana hücumu nəticəsində cəbhə xəttində vəziyyət kritik dərəcədə kəskinləşib. Bununla bağlı Azərbaycan Ordusunun apardığı uğurlu əks-həmlə tədbirləri ilə düşmən hücumunun qarşısının alınması münaqişədə birbaşa tərəf kimi çıxış edən Ermənistanı geri çəkilməyə vadar edib.
Son hadisələr ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarını heçə endirib. Öz təxribatlarına dünya birliyi, xüsusilə ATƏT-in Minsk qrupundan lazımi təpki və təzyiq almayan Ermənistan öz təxribatçı əməllərinin miqyasını daha da genişləndirir və eyni zamanda sülh istəmədiyini bir daha sərgiləyir.
Belə bir ağır və məsuliyyətli dönəmdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın proseslərdə tutduğu mövqeyi birmənalı şəkildə pisləyirik. Fransa Prezidenti Emmanuel Makronun hərbi əməliyyatlar başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır.
Sülh danışıqlarını irəli aparmalı və sülh prosesinə təkan verməli olan bir dövlətin münaqişə tərəflərindən birinə - Ermənistana verdiyi dəstək göz qabağındadır və ikili standartlardan xəbər verir: Fransa Prezidentinin münaqişənin həllinə yönəlik səylər göstərmək əvəzinə işğalçı dövlətin mövqeyini müdafiə edərək, birtərəfli ədalətsiz mövqe sərgiləməsi, absurd bəyanat səsləndirməsi birmənalı şəkildə qəbuledilməzdir.
Vasitəçilik missiyasını öz üzərinə götürən dövlət ən azı işğala məruz qalan dövləti işğalçıdan ayırmağı bacarmalıdır, münaqişənin həllində beynəlxalq hüquqa söykənərək balanslaşdırılmış mövqe göstərməlidir.
Fransa kimi bir dövlətin başçısının beynəlxalq hüquqa və Avropa dəyərlərinə baş-başa zidd olan mövqedə dayanması təəssüf doğurur. Bu cür bəyanatlar və mövqe nəinki sülh prosesini ləngidir, eyni zamanda regionda sülhə real təhlükədir. Ona görə də Fransa Prezidenti öz bəyanatlarında diqqətli olmalı və beynəlxalq hüququn prinsiplərinə hörmət nümayiş etdirməlidir.
Ermənistan hökumətinin mövqeyini dəstəkləmək niyyəti ilə səsləndirilmiş absurd və saxta faktlarla dolu bəyanatları pisləyirik və Fransa hökumətini bu cür yanaşma və bəyanatlardan çəkinməyə çağırırıq. Prezident E.Makronun öz həqiqətini reallıq kimi göstərməsi Fransa hökumətinin nüfuzunu zədələyir, münaqişənin həllində obyektiv mövqe tutacağını ən azından sual altına qoyur.
Münaqişənin həlli Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasından asılıdır və hazırkı vəziyyətdə bu, yeganə şərtdir. Bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin qətiyyətli həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra mümkündür.
Fransa soyqırımı törətmiş bir ölkədir. Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdir;
Fransa Vyetnamda çox böyük soyqırımı həyata keçirmişdir. Fransanın soyqırımı keçmişi yalnız Əlcəzairlə və Vyetnamla məhdudlaşmır. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməmişdir;
XIX əsrin 60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil olur. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğuldu, 100 minlərlə insan öldürüldü;
Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin törətdiyisoyqırımlar silsiləsinin davamıdır. Ötən əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımına davam etmişlər;
Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum etmişdir;
1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirmişlər;
Bu gün Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır
Makrona məsləhət görərik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin.