Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalına verdiyi müsahibə qısa müddət ərzində beynəlxalq aləmdə böyük rezonans doğurdu.
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalına verdiyi müsahibə qısa müddət ərzində beynəlxalq aləmdə böyük rezonans doğurdu.
Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırarkən dövlətimizin başçısı son günlər baş verənlər barəsində ətraflı məlumat verdi.
Möhtərəm Prezidentimiz ölkəmiz üçün önəmli və taleyüklü bir dövrdə Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı. Dövlət başçısı böyük auditoriyadan istifadə edərək Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, təcavüzkar ordunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu bildirdi. Dedi ki, qısa vaxt ərzində hərbi təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var.
Aparıcının Türkiyənin Azərbaycana kömək etməsi barədə hətta “Ankara Prezidentin və Xarici İşlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə kömək edəcək” – fikirlərinə aydınlıq gətirən ölkəmizin rəhbəri Rusiyanın aparıcı mediasında Türkiyənin maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi. Bildirdi ki, Türkiyə Azərbaycanı, beynəlxalq hüququ müdafiə edir, eyni zamanda, ölkəmizə mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur. Türkiyənin rolunun regionda sabitləşdirici xarakter daşıdığını bildirən dövlət başçısı Türkiyənin bizə qardaş ölkə və bizim müttəfiqimiz olduğunu bildirdi. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı və beynəlxalq hüququ dəstəkləyib.
Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Ölkə başçısı Türkiyənin bizə mənəvi dəstək göstərdiyini bildirdi. Buna görə də biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək, bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
Prezident İlham Əliyev həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı, həm də faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa etdi. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” və Azərbaycan danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıdır” fikrini xatırladaraq dedi ki, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və təxribatlar törədir.
Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistan bu təxribatlara uzun müddətdir ki, hazırlaşır. Bunu işğalçı ölkənin hərəkətlərinin və bəyanatlarının xronologiyası da təsdiqləyir. İyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücumu barədə məlumat verən respublikamızın rəhbəri təxribat qrupunun erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırıldığını bildirdi. Həmçinin Ermənistan hakimiyyətinin avtoritar və diktator mahiyyətini ifşa etdi, Paşinyanın Sorosun əlaltısı olduğunu açıq bəyan etdi.
Həmişə olduğu kimi, bu dəfə də faktlar qarşısında aciz qalan Nikol Paşinyan, necə deyərlər, gah nala, gah da mıxa vurdu. Axı, nə deyə bilərdi? Təcavüzkar ölkənin 30 ilə yaxındır ki, Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlaması, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salması göz önündədir. Bunu necə inkar edə bilərdi? Ona görə də onun budəfəki çıxışı da həm özünü, həm də erməniləri rəzil vəziyyətinə saldı. Sözsüz ki, ermənilər belə cılız, qeyri- ciddi, yalançı və riyakar dövlət başçıları olmasından xəcalət çəkirlər.
Prezident İlham Əliyev məntiqli, tutarlı, peşəkar və səlis cavabları tamaşaçılarda diplomatiya məharətinin zirvəsi təəssüratı yaratdı. Bunun fonunda Nikol Paşinyanın sönük, faktoloji bazadan məhrum olan, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən zəif olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərdi.