Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vəziyyət Ermənistanın işğal siyasətinə cavabdır.

29 sentyabr 2020 | 16:00

Hərbi vəziyyət Ermənistanın işğal siyasətinə cavabdır.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə “Hərbi vəziyyət elan edilməsi haqqında” 27 sentyabr 2020-ci il tarixli Fərman imzalayıb. Elə həmin gün Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən iclas keçirildi və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı səsə qoyularaq təsdiq edildi.
     Xalq, dövlət, ordu birliyi
    Bu Fərmanın imzalanması Azərbaycanda xalq, dövlət, ordu birliyinin növbəti təzahürü oldu. Bu gün tam əminliklə deyə bilərik ki, hərbi vəziyyətin ölkədə elan olunması təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir, bu Fərman ilk növbədə xalq, dövlət və ordu birliyinə də işarə edir. Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir. Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır. “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək artıq hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir. Eyni zamanda ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır.
     Azərbaycan dövləti bəyan etdiyi dəyərlərə sadiqdir
    Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır. Hərbi vəziyyət həm də milli birliyə çağırışdır. Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dairbirgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür.
   Seçim edilib, siyasi qərar qəbul olunub. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır.

Keçidlər