Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti parlaq təzahürü.

07 sentyabr 2020 | 16:00

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bu gün yüksələn xətlə inkişaf edir və son vaxtlar Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq istiqamətində xüsusi bir canlanma müşahidə edilir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. Bu dəfəki təlimlər daha geniş tərkibli şəxsi heyəti iştirakı və uzun müddətli olması ilə diqqəti cəlb edib. Bu təlimlərin başlanması zamanı Ermənistan Silahlı Qüvvələrində həyəcan siqnalı verilmiş və düşmən ordusunun hazırlıq səviyyəsi yoxlanılmışdır. Bu səviyyədə hərbi təlimlərin keçirilməsi həmçinin Ermənistanın havadarlarına da ciddi bir çağırış hesab edilir.

2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Göründüyü kimi, iki ölkənin orduları arasında keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır. Qeyd etmək lazımdır ki, 2013-cü ildə əgər planda 7 təlim var idisə, 2019-cu ildə bu təlimlərin sayı 13-ə çatmışdır. Bir faktı qeyd etmək lazımdır ki, Türkiyə Silahlı Qüvvələri dünyanın 9-cu güclü ordusudur. Türkiyə hərbi potensialına görə, NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Belə bir zəngin potensiala malik qardaş ölkə ilə hərbi təcrübəni bölüşmək ölkəmizin xeyrinə hesab olunur.

Möhtərəm Prezident cənab İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident bildirib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”;

Məlum təlimlərə öz münasibətini bildirən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bəyan edib ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam

edəcəyik". Beləliklə iki həftədən artıq keçirilmiş təlimlər və onun yekunlarının müzakirə edilməsi məqsədilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də Azərbaycanda səfərə gəlməsi bir sıra nəticələrə gəlmək imkanı verir:

Birincisi, Türkiyə regionda işğalçını cilovlamaq niyyətində olmasını gizlətmir; ikincisi, o regionda hərbi gərginlik yaratmaq niyyətində olanları belə hərəkətlərdən çəkindirməyə çalışır, üçüncü, Türkiyə regionu Avropa enerji təsərrüfatı ilə bağlayan beynəlxalq neft, qaz və nəqliyyat arteriyalarının təhlükəsizliyini təmin etməyə səy göstərir; nəhayət qardaş ölkə Azərbaycan Silahlı Qüvvələrinin modern orduya çevrilməsinin donoru kimi çıxış etməklə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə öz əhəmiyyətli töhvəsini verir. İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.

Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı tərəfindən səsləndirilmiş sözlər: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” – sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Dövlət başçısı tərəfindən səsləndirilmiş bu sözlər özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir və ümumən Azərbaycanın mövqeyini, gücünü, beynəlxalq münasibətlər sistemində yerini və Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.

Keçidlər