Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib

23 iyul 2020 | 16:00

 

Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük
bir gücə çevrilib

Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışı ilə Prezident İlham Əliyev bir daha bəyan etdi ki, dünyanın əksər dövlətləri qlobal böhran qarşısında aciz qaldığı zamanda Azərbaycan iki cəbhədə mübarizə aparır. Bir tərəfdən qlobal pandemiya, digər tərəfdən təcavüzkar Ermənistanın hərbi təxribatları ilə üz-üzə qalmasına baxmayaraq, Azərbaycan həm beynəlxalq layihələrin icrası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri, həm də ilin əvvəlində müəyyənləşdirilən sosial layihələrin icrasını uğurla reallaşdırır.Bütün bunlar dövlətin iqtisadi qüdrətinin, gücünün göstəricisidir. Bu potensial əlbəttə ki, cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində formalaşıb.
    Hər zaman olduğu kimi, cənab İlham Əliyev yenə də ölkə gündəmində olan mühüm məsələlərə, daxili və xarici siyasətdə baş verən proseslərə aydınlıq gətirərək əsl həqiqətləri ictimaiyyətin diqqətinə çatdırdı və işğalçı Ermənistanın rəhbərliyinə xəbərdarlıq edərək kəskin mesajlar ünvanladı.Hazırda çətin pandemiya dövründə qlobal böhranın davam etdiyini vurğulayan dövlət başçısı dünyanın 150 ölkəsinin kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyini söylədi. Sevindirici haldır ki, Azərbaycan bu siyahıda yoxdur. Çünki dövlətin iqtisadi qüdrəti ölkəmizin öz hesabına yaşamasına imkan verir. Hətta neftin qiymətinin kəskin aşağı düşməsi də bu prosesə təsir göstərmir.
    Lakin təəssüflə qeyd etməliyik ki, neftin qiymətinin kəskin ucuzlaşmasına nəinki Ermənistan, hətta ölkəmizdə də sevinən "qüvvələr” var. İşğalçı ölkə hesab edir ki, əgər bu tənəzzül davamlı olarsa, Azərbaycanın gəlirləri azalacaq, ona görə öz xərclərini azaldacaq, lazımi həcmdə silah-sursat ala bilməyəcək və beləliklə, zəifləyəcək, təcavüzkar da bundan faydalanacaq. Yəni Ermənistanın buna sevinməsi təbiidir. Amma başadüşülən deyil ki, buna Azərbaycanın bəzi vətəndaşları, yaxud da ki, özlərini Azərbaycan vətəndaşı sayanlar nədən sevinir?!
    Neftin qiymətinin 14 dollara düşməsinə özünü "milli şura” adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstənin sevinməsi bir daha təsdiq edir ki, onlar Azərbaycanın güclənməsinin deyil, zəifləməsinintərəfdarıdırlar. Bu da, Prezidentin söylədiyi kimi, müxalifətçilik yox, əsl düşmənçilikdir. Həmin şəxslər Azərbaycanın yenidən doxsanıncı illərin əvvəlindəki çətin duruma qayıtmasını, ölkədə anarxiyanın yaranmasını arzulayırlar. Çünki sivil yolla hakimiyyətə gəlmək, imkanlarının heçə bərabər olduğunu yaxşı anlayırlar. Ancaq başı müsibətlər çəkmiş Azərbaycan xalqı bir daha o dövrə qayıtmamaq üçün həmin antimilli qüvvələrin məkrli niyyətinin baş tutmasına imkan verməyəcəkdir.
    Cənab İlham Əliyev Ermənistanın son təxribatlarına da münasibətini bildirərək vurğuladı ki, bu dəfə də təcavüzkar Ermənistan Tovuz istiqamətində mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya silahlarından hücum təşkil edib.Bu təxribatın qarşısını alarkən Azərbaycanın igid oğulları qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə yüksəldilər. Artilleriya atəşi nəticəsində Tovuzun Ağdam kəndinin 76 yaşlı dinc sakininin həlak olması isə bir daha erməni vandalizminin əyani təzahürü oldu.
   Lakin Ali Baş Komandanın göstərişi ilə düşmənə Aprel və Günnüt zəfərlərində olduğu kimi, yenə də layiqli cavab verildi. Görülən lazımi tədbirlər, qisas əməliyyatı nəticəsində düşmənin onlarla hərbçisi, texnikası məhv edildi. Azərbaycan Ordusu sərrast atəşlə, dəqiqliklə Ermənistanın dayaq, idarəetmə məntəqələrini və digər hərbi infrastrukturunu məhv etdi.
   Təcavüzkarın bu hücumunun qarşısını almaq üçün Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyat həm də bütövlükdə cəmiyyətimizdəki yüksək vətənpərvərlik ab-havasını nümayiş etdirdi. Bunu Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyalar da təsdiqlədi. Hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi.
    Ancaq bu həmrəyliyə, milli birliyə xələl gətirmək istəyən antiazərbaycançı qüvvələr, "beşinci kolon” nümayəndələri yenə məkrli niyyətlərini gizlədə bilmədilər. Təəssüflə qeyd etməliyik ki, iyulun 14-ü axşamı paytaxt Bakıda ordumuza dəstək məqsədilə keçirilən yürüşə həmin qüvvələr tərəfindən sonradan siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər edildi. Bu təxribat əvvəlki çirkin ssenarilərin tərkib hissəsi idi.Prezident bu təxribata da aydınlıq gətirərək dedi ki, insanların dinc yürüşü, ordumuza dəstək aksiyası zamanı bəzi çirkin ünsürlər, Azərbaycan Xalq Cəbhəsinin üzvləri istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar törətdilər:"Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var? Bir də ki, bu, qələbədir, bunu hamı etiraf edir. Ermənistan artıq bunu etiraf etməyə məcburdur. Biz bu günlərdə böyük xarici dəstək də görmüşük. Yəni xalqın iradəsi öz yerini tapmışdır, bunu bayram etmək lazımdır. Amma girib parlamentin binasının divarlarını, kabinetlərini dağıtmaq, sökmək nəyə lazım idi?! Üçüncü mərtəbəyə qədər qalxmışdılar. Kabinetlərin qapılarını, şüşələrini sındırırdılar. Sən gəlmisən burada aliqanunvericilik orqanını dağıtmağa? Bunu kim edə bilər? Düşmən, başqa heç kim”.
    Həqiqətən də, öz xalqına, Vətəninə bağlı olan adamın müharibə gedən bir vaxtda belə təxribata, çirkinliyə əl atması qəbul edilən deyil. Hazırda istintaqın getdiyini söyləyən Prezident həmin prosesin iştirakçılarının və bu xəyanətdə əli olan hər kəsin qanun qarşısında cavab verəcəyini, məsuliyyətdən qaça bilməyəcəklərini diqqətə çatdırdı: "Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri utansınlar - onlar kimi böyüdüblər? Hansı manqurtları böyüdüblər? Ona görə ictimaiyyət bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri də məsuliyyət daşıyırlar. Təbii ki, bu, mənəvi məsuliyyətdir. Amma qoy, valideynləri də utansınlar”.Dövlət başçısı ordumuza dəstək mitinqində iştirak edən vətəndaşların orduya yazılmaları ilə bağlı müraciətlərə də aydınlıq gətirdi.
    Xatırladaq ki, Prezident Nazirlər Kabinetinin son iclasında həmin şəxslərə qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciət etmələri ilə bağlı çağırış etdi. Bu müraciətdən sonra minlərlə gənc orduda xidmət etmək üçün qeydiyyatdan keçdi. Dövlət başçısı bu müraciətdən 1 həftə keçməmiş 50 minə yaxın insanın qeydiyyata alındığını vurğuladı: "Mən bu günlərdə hər gün bəlkə də minlərlə məktub alıram. O məktublarda vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, mənim çıxışımdan sonra orduda xidmət etmək istəyirlər. Mən demişdim, orada şüşələri qıranlar getsinlər, yazılsınlar orduya. O gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdir. Amma mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci”.Gənclərə, onların valideynlərinə təşəkkürünü bildirən Prezident dedi ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Ordumuz tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, bundan istifadə ediləcək.
    Səfərbərliyin elan edilməsinə isə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq: "Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq”.
    Ermənistanın bu təxribatından sonra Azərbaycana heç vaxt olmadığı qədər beynəlxalq dəstək göstərildi. Beynəlxalq təşkilatlar, xüsusən də Qoşulmama Hərəkatı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı və dost dövlətlər Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın hərbi təxribatını qətiyyətlə pislədilər.İşğalçı ölkənin tək ümidi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı idi. Azərbaycan Ordusunun cavab həmləsindən sonra təlaşa düşən işğalçı bu quruma yalvararaq ölkəmizə qarşı bəyanat qəbul etməsini xahiş etdi və rədd cavabı aldı.
    Bu məsələlərə də aydınlıq gətirən cənab İlham Əliyev dedi ki, Azərbaycana ilk dəstək hər zaman olduğu kimi, qardaş Türkiyədən gəlib. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəkləyib və bildirib ki, Azərbaycanın yanındadır. Eyni zamanda bir çox ölkələr fərdi qaydada rəsmi şəxslər səviyyəsində Azərbaycana dəstək göstəriblər.
    Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üz tutmasına gəlincə isə cənab Prezident dedi ki, təxribatlar nəticəsində başından güclü zərbə alan təcavüzkar KTMT-yə Azərbaycanı qınayan bəyanat verməsini tələb edib. Yenə də istəkləri baş tutmadı: "Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki, KTMT-ya 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər”.
    Cənab İlham Əliyev işğalçı ölkəyə bu təşkilatla bağlı etdiyi çirkin oyunları da xatırladaraq dedi ki, Ermənistanın qorxaq rəhbərliyi qaçıb yardım almaq istədiyi KTMT-ni necə təhqir etdiyini, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs elədiyini, Belarus nümayəndəsinin quruma yeni baş katib təyin olunmasının əleyhinə çıxdığını yadına salsın.Əli hər şeydən üzülən, heç bir dövlət, təşkilat tərəfindən dəstək ala bilməyən Ermənistanın dalana dirəndiyi göz önündədir. Artıq beynəlxalq birlik bu ölkənin təcavüzkar siyasətini qətiyyətlə pisləyir. İndiyədək başqalarının himayəsində olan işğalçı ölkə getdikcə olan, qalan "etibarını” da itirir.
    Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə bir daha Ermənistanın rəhbərliyinə mesaj göndərərək təkbətək savaşa çağırdı: "Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”.
Bütün bu mesajlar, cənab İlham Əliyevin qətiyyətli fikirləri bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib: Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq.
    Prezident, həmçinin qlobal pandemiya dövründə ölkəmizdə reallaşan sosial layihələrlə bağlı geniş məlumat verərək qeyd etdi ki, dövlət şəhid ailələri, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görür.Qlobal böhranın iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq bu kateqoriyadan olan vətəndaşlar üçün yeni mənzillər tikilir, onlar avtomobillərlə təmin edilirlər. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub. Bu da rekord göstərici hesab olunur. Çünki əvvəlki illərdə şəhid ailələrinə 600-700 mənzil təqdim olunurdu. Pandemiya ilə mübarizə dövründə isə rekord sayda - 1500 mənzil veriləcək.Göründüyü kimi, Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən-ilə daha da çoxalması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Məcburi köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə isə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.
    Bütün bunlar dövlətin ölkə vətəndaşlarına göstərdiyi diqqətinin əyani təzahürüdür. Qlobal pandemiya ilə mübarizədə öz gücünə arxalanan Azərbaycan həm də böhrandan əziyyət çəkən ölkələrə də yardımlar edir. Bu da, əlbəttə ki, Azərbaycanın qüdrətinin, iqtisadi gücünün bariz təcəssümüdür.

Keçidlər