Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır.

22 iyul 2020 | 16:00

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır.

Bu bir həqiqətdir ki, hər bir dövlətin əsas məqsədlərindən biri əhalinin sosial müdafiəsini təşkil etmək, sosial rifah halını yaxşılaşdırmaqdır. Bu gün real faktordur ki, Azərbaycan dövləti daima öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
    Dövlət başçımız İlham Əliyev cənablarının son 17 il prezidentlik fəaliyyəti dövründə xalqımız bunun şahididi. Xüsusi ilə də, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı altındadır. Bu günlərdə bu kateqoriyaya aid olan insanlara mənzil və avtomobillər verilir, güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər. Hər zaman hər bir azərbaycanlının yanında olan, onların dərd-səri, problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb.
    Son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində yerləşən dövlət sərhədi boyunca Ermənistan hərbi qüvvələri tərəfindən törədilən təxribatçı və beynəlxalq hüququn normalarına sığmayan təhrikedici hərəkətlər şiddətli döyüşlərə səbəb oldu. Bu döyüşlər düşmənin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydi.
    Dəymiş ziyanın aradan qaldırılması istiqamətində Möhtərəm Prezident cənab İlham Əliyevin 20 iyul 2020-ci il tarixli imzaladığı “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı vaxtında verilmiş qərardır.”
Həmin rəsmi sənədə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi nəzərdə tutulur.
    Bildiyimiz kimi Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib.
Son illər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçımızın xüsusi olaraq nəzarətindədir. Dövlətimiz Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.
    Tovuz rayonu istiqamətində döyüşlərdə də şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verildi.
    Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşlər keçirməsi diqqət və qayğının ardıcıllığının göstəricisidir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıldı. Bütün bunlar isə bu kateqoriyadan olan insanlara nə qədər böyük qayğı, hörmət və ehtiram göstərildiyini sübut edir.
    Artıq Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Dövlət başçısı qeyd edilən Sərəncamla bir daha hər bir vətəndaşın yanında olduğunu, onun sosial durumunun yaxşılaşdırılması istiqamətində çalışdığını təsdiqlədi. Bu, Azərbaycanda baş verən yeganə hal deyil.
    Məlumat üçün qeyd edək ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəymişdi: “Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı.
    Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və 2016-cı ilin mayında imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılmış 3 milyon manat vəsait hesabına ümumilikdə, rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilmiş və 8 ev bərpa olunmuşdur. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülmüşdür.
   Bu gün insanlarımızın erməni qorxusu olmadan yaşadığı Cocuq Mərcanlı da məhz 2016-cı ildə dövlət başçısının imzaladığı müvafiq Sərəncam əsasında yenidən qurulmuşdu. Bu Sərəncamın tələblərinə uyğun olaraq həyata keçirilən quruculuq-abadlıq işləri həm də torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ruhunun şad olması deməkdir.
 Dövlət başçısının məlum Sərəncamı həm də onu deməyə əsas verir ki, Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır və Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq.
   Həm Aprel döyüşləri, həm də bu günlərdə Tovuz rayonu istiqamətində yerləşən dövlət sərhədi boyunca Ermənistan hərbi qüvvələri tərəfindən törədilən təxribat zamanı mülki əhliyə dəymiş ziyanın qısa zamanda aradan qaldırılması ilə bağlı dövlətimizin başçısının imzaladığı sərəncamlar bir daha sübut edir ki, Azərbaycan dövləti həmişə öz vətəndaşlarının problemlərinə xüsisi hassaslıqla yanaşır, onların təhlükısizliyinin təmin olunmasını, rifahının yüksəlməsini ali vəzifəsi hesab edir.


 

Keçidlər