Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyəti başçısının Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə «Qələbə» qəzeti redaksiyasının kollektivinə təbriki

22 iyul 2020 | 16:00

Salyan Rayon İcra Hakimiyyəti başçısının  Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibətilə «Qələbə» qəzeti redaksiyasının kollektivinə  təbriki

Rayonumuzun hörmətli qələm sahibləri!

Azərbaycan Milli Mətbuatının yaranmasının 145 ili tamam olur. Bu münasibətlə möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyevin 30 iyun 2020-ci il tarixdə imzaladığı sərəncamda qeyd olunduğu kimi, 145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
    «Əkinçi»nin bəyan etdiyi prinsipləri rəhbər tutan və onun ənənələrini davam etdirən Azərbaycan mətbuatı sonrakı illərdə dövrün mütərəqqi fikirlərini əks etdirmiş, cəmiyyəti düşündürən məsələləri ictimai müzakirəyə çıxarmış, milli-mənəvi dəyərlərin təbliğində, insanların maariflənməsi və milli şüurun formalaşmasında, xalqımızın müstəqillik arzularının gerçəkləşməsində mühüm rol oynamışdır.
    Azərbaycan milli mətbuatının inkişafında Ulu Öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri vardır. Belə ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
    Azərbaycanın zəngin mətbuat tarixində reqion qəzetçiliyinin də öz yeri vardır. 145 illik mətbuat tariximizi yazanlar sırasına 96 il əvvəl 1924-cü ilin 21 fevralında  Qələbə” qəzeti də qoşulmuşdur.
  “Qələbə” qəzeti dövrünün, zamanının qarşıya qoyduğu vəzifələri yerinə yetirməklə bərabər, insanlar arasında geniş maarifçilik işi aparmış Ümummilli Liderimiz Heydər Əliyevin, onun siyasi xəttinin alternativsizliyini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini, Salyan rayonunun sosial-iqtisadi inkişafı barədə imzaladığı sərəncamları, rayonumuza etdiyi tarixi səfərləri çox yüksək peşəkarlıqla təbliğ və tərənnüm edir.

Hörmətli jurnalistlər, «Qələbə» qəzetinin yaradıcı kollektivi!

Sizi Milli Mətbuat Günü və Milli Mətbuatımızın 145 illiyi münasibətilə bir daha təbrik edir, hamınıza şəxsi həyatınızda və yaradıcılığınızda yeni-yeni  uğurlar arzulayıram.

Sevindik HƏTƏMOV
Salyan Rayon İcra Hakimiyyətinin başçısı.

 

Keçidlər