Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasını çağırmaq barədəki təklifi tarixi təşəbbüsdür
Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasını çağırmaq barədəki təklifi tarixi təşəbbüsdür
Qoşulmama Hərəkatına (QH) sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hərəkata üzv ölkələr adından BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təklif verilib. Dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında qlobal pandemiyaya qarşı təklif edilən Xüsusi sessiyanın keçirilməsi təşəbbüsü, həm QH-nə üzv ölkələr, həm də BMT-nin 130-dan çox ölkəsi tərəfindən dəstəklənib. Bu ölkələr arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər fərqli coğrafiya və iqlimlərdə yerləşən, fərqli nüfuza malik dövlətlər yer alıb. TŞ-nin daimi üzvü Rusiya da həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat verib. Bir cümlə ilə ifadə etsək, Rusiya tərəfi Azərbaycan Prezidentinin təşəbbüsünü yüksək qiymətləndirib və Xüsusi sessiyanın təşkili yönündə əməkdaşlığa hazır olduğunu bildirib. Təbii ki, dünyanın 130 ölkəsinin dəstəyi həm mövzunun aktuallığı, qlobal həmrəyliyə olan ehtiyacla bağlıdır, həm də, təşəbbüs göstərən tərəfə - Azərbaycana bəslənən ehtiramın, sayğının ifadəsidir.
Azərbaycan-BMT əməkdaşlığı örnək tarix olub. Bir neçə il bundan əvvəl Azərbaycan BMT-nin 155 üzvünün dəstəyini qazanaraq, TŞ-nin keçici üzvü statusunu qazanmışdı. BMT səviyyəsində məhz Azərbaycanın təşəbbüskarlıqları, habelə bəşəri məsuliyyəti dərk etməkdən irəli gələn qərarlarda dövlətimizin prinsipial, sabit mövqeyi dəfələrlə öz parlaq ifadəsini tapıb.
BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan QH-nin, eləcə də, Türk Şurasının pandemiya ilə effektiv mübarizəyə həsr olunmuş virtual Zirvə müzakirələri, bu müzakirələrdən irəli gələn addımlar məhz rəqəmsal diplomatiyada örnək sayıla bilər. Pandemiyanın yaratdığı maneələrə cavab olaraq, beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın baş tutmasının təşəbbüskarı məhz Azərbaycan Prezidenti İlham Əliyev olub. Respublikamız virtual Xüsusi sessiyasının təşkil olunması ilə bağlı formatın və sessiyanın mümkün qətnaməsinin qəbul edilməsi üçün bütün üzv ölkələrlə işbirliyinə hazırdır.
BMT-nin tarixində indiyədək 31 dəfə Xüsusi sessiya keçirilib. Bunlardan yalnız üçü üzv dövlətlər tərəfindən çağırılıb. Lakin Azərbaycanın təklifi ilə baş tutan Xüsusi sessiya, dövlət və hökumət başçıları səviyyəsində və məhz videokonfrans formatında keçiriləcək bir ilkdir. Xüsusi sessiya rəsmi olaraq, iyul aynın10-da başlayır. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır.
“Yuxarıda da qeyd etdiyimiz kimi, BMT Baş Assambleyası pandemiya ilə bağlı özünün bilavasitə fəaliyyətini mart ayından etibarən dayandırıb. Baş Assambleyanın öz işinə nə vaxt başlayacağı da hələ dəqiq bilinmir. Payızda pandemiyanın ikinci dalğasının olacağı barədə ehtimallar səslənir. Nəzəri cəhətdən, BMT ümumiyyətlə, bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs, dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim və necə məşğul olmalıdır?! BMT dünyada ən böyük beynəlxalq platformadır, buna heç kəs şübhə etmir. Bəs burada sual yaranmazmı ki, pandemiya kimi qlobal problemin müzakirəsi ilə ən böyük qlobal təşkilat olan BMT niyə məşğul olmur? Axı bəşəriyyətin məhz BMT-dən böyük gözləntiləri var və bu da, çox təbiidir. Bu gün pandemiya ilə yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məşğul olur. ÜST məsələnin yalnız səhiyyə tərəfi ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial-psixoloji və digər aspektləri necə olsun? Belə çətin dönəmdə BMT-nin rolu mütləqdir. Belə bir dövrdə qlobal liderliyi və başqa sözlə desək, qlobal məsuliyyəti kim öz üzərinə götürməlidir? Etiraf etmək lazımdır ki, bu addımı atmalı olan böyük dövlətlər qlobal həmrəylik göstərməkdənsə, “özünə qapanma” yolunu üstün tutdu. Bir tərəfdən, xeyirxahlıq, yardımlaşma, məsuliyyətdən uzaq durmamaq kimi xəlqi xüsusiyyətlərimiz, digər tərəfdən iki beynəlxalq quruma Azərbaycan Prezidentinin sədrliyinin verdiyi mandate-missiya Azərbaycanın təşəbbüskarlığını şərtləndirmiş oldu. Azərbaycan sübut etdi ki, beynəlxalq platformalara başçılıq etmək formal xarakter daşımamalı, mövcud mandate-missiyanın gərəyi düzgün qiymətləndirilməlidir.
Ümid edirik ki, Xüsusi sessiya mümkün qədər tez təşkil olunacaq; cənab Prezidentin irəli sürdüyü, QH üzvlərinin müdafiə etdiyi təşəbbüs, dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunduğu üçün artıq Xüsusi sessiyanın keçirilməsi yalnız QH üzvlərinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.
BMT çərçivəsində virtual Xüsusi sessiyanın keçirilməsi bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmamalı, ləngitməməlidir. Əlbəttə, qaydalar önəmlidir, amma mövcud şəraitdə BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət II Dünya müharibəsindən bu yana, ən böyük təhlükə ilə üzbəüz qalıb. Buna görə də, BMT özünün prosedur qaydalarının girovuna çevrilərək, bu qlobal problemin həllindən kənarda qalmamalıdır. Belə qlobal təhdidlər ortamında BMT duruma uyğun reaksiya verərək, prosedur qaydalarını dəyişdirmədən (bu uzun vaxt apara bilər) müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi sessiyanı keçirməlidir.
Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizədə dünya ölkələrini birləşdirəcək mühüm təşəbbüslərlə çıxış edir. Cənab Prezidentin bu təşəbbüsü ölkəmizin beynəlxalq sülhə, rifaha və inkişafa real töhfələr vermək gücündə olduğunu növbəti dəfə sübut etdi. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir.