Prezident İlham Əliyevin 6 iyul 2020-ci ildə Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibə
Prezident İlham Əliyevin 6 iyul 2020-ci ildə Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibə
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı dövlətimizin vətəndaşların sağlamlığının qorunmasına xidmət edən növbəti bir addımı kimi dəyərləndirilməlidir. Modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxan insanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Dövlətimiz koronavirus pandemiyasının yayıldığı ilk günlərdən etibarən düşünülmüş, sistemli tədbirlər həyata keçirir. Bu sırada modul tipli xəstəxanaların yaradılması da vacib məqamlardan biridir. Bildiyiniz kimi, dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıb. Artıq onların bir neçəsi istifadəyə verilib. Verilən məlumatlara görə, bütövlükdə modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradacaq.
Tibb müəssisəsində yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verən cənab Prezident İlham Əliyev ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri ilə bağlı fikirlərini geniş şəkildə bildirib. Dövlətimizin başçısının dediyi kimi, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Fevral ayında bizim cəmi altı laboratoriyamız olsa da, hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, imkan verəcək ki, daha çox test aparılsın. Məhz görülən işlərin nəticəsidir ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.Müsahibəsində karantin rejiminə də toxunan dövlətimizin başçısı qeyd edib ki, hər bir vətəndaş bu rejimə əməl etməlidir və heç kim qanundan üstün deyil. Əsas məqsəd xalqın sağlamlığının qorunmasıdır.
Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım olaraq Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirib.
Bunun davamı olaraq Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir.
Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-dan çox dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi. Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş nazirini terroru dəstəkləyən dövlət kimi növbəti dəfə faktlarla ifşa etmişdi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib.
Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənir.
Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Ermənistanın bu təşəbbüsün əleyhinə olmasının əsas səbəbi təcavüzkar ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır. Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürü olmaqla yanaşı, bu təşəbbüsün əleyhinə çıxmaq ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Dövlət başçısı qeyd etdi ki, əslində, Ermənistan özünü çox gülünc vəziyyətə qoydu. Bizim təşəbbüsümüzü 130-dan çox ölkə rəsmən dəstəklədi, özü də fərdi qaydada. Baxmayaraq ki, Qoşulmama Hərəkatı bütövlükdə buna dəstək vermişdi, yenə də bütün ölkələr fərdi qaydada ya bizə, ya da ki, BMT-yə məktublarla bu barədə məlumat verdilər. Bir neçə ölkə səssiz qaldı. Yəni, onlar, sadəcə olaraq, buna reaksiya vermədilər. Yeganə ölkə - Ermənistan bunun əleyhinə çıxıb.
Eyni zamanda, Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan müstəqil siyasət aparır və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz, eləcə də müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik, ona görə bu gün Azərbaycana olan rəğbət doğrudan da ən yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev xatırlatdı ki, doqquz il bundan əvvəl, yəni 2011-ci il oktyabrın 24-də ölkəmiz 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. Həqiqətən də BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz nümunəsi kimi qəbul edilməlidir. Prezident İlham Əliyev o vaxt Azərbaycandan əvvəl Ermənistanın öz namizədliyini verdiyini bildirdi: “...Ancaq görəndə ki, biz namizədliyimizi verdik, bizim qarşımızda aciz olduqlarını başa düşdülər və namizədliklərini sakitcə geri götürdülər - yəni, o diplomatik döyüş arenasından qaçdılar. Ondan beş il sonra döyüş meydanından qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ona görə bu, 10 ildən sonra yenidən bizə verilən böyük beynəlxalq dəstəkdir. Mən öz ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm. Amma hesab etmirəm ki, bir çox ölkələr BMT-də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir. Mən dəfələrlə demişəm, bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik”.
Azərbaycan Prezidenti bildirdi ki, Ermənistanda insan haqlarının və demokratiyanın pozulması bu günün işi deyil və bu ölkədə heç vaxt demokratiya olmayıb, çünki Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməz, eləcə də başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Dövlət başçısı qeyd etdi ki, bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozmasına baxmayaraq, ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə bu tənqiddən qoruyurdu. Əslində, bunu, lobbiçilik fəaliyyəti kimi deyil, bu, korrupsiya fəaliyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev vurğuladı ki, bu fəaliyyət Avropada geniş araşdırılmalıdır: “…Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər.
Azərbaycan Prezidenti bildirdi ki, 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxararaq göstərir ki, bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Son iki il ərzində Ermənistanda diktatura rejiminin formalaşdığını bildirən dövlət başçısı vurğuladı ki, xunta getdi, diktatura gəldi: “Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Bir jurnalist həbsxanada aclıq elan etmiş və aclıqdan vəfat etmişdir. Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi”.
Beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyətsizliyini ciddi tənqid edən və Ermənistanda baş verən bu hadisələrə heç bir reaksiya vermədiyini bildirən Prezident İlham Əliyev sual etdi ki, haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin.”…Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər”.
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun bəyanatlarına münasibət bildirdi və qeyd etdi ki, Azərbaycan dövləti 1992-ci ildən münaqişənin nizama salınması üçün yaradılmış və tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupundan başqa bəyanatlar, konkret bəyanatlar gözləyir və onu eşitmək istəyir: “Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər!”
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfransların heç bir əhəmiyyəti yoxdur və bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Azərbaycan danışıqları imitasiya üçün aparası deyil və biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik, indi onlar bir söz çıxarıblar – substantiv danışıqlar: “...Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən...Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz, çünki biz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırıq və ona görə mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.