Salyan rayonunda karantin rejiminə ciddi nəzarət davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilmişdir. Müşavirədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunmuş, ölkə üzrə bütün rayonlarda karantin qaydalarının icra vəziyyəti qiymətləndirilmişdir.
Bununla əlaqədar olaraq 02 iyul 2020-ci il tarixində Salyan rayon İcra Hakimiyyətinin başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayətin gücləndirilməsinə ehtiyac olduğu üçün küçələrdə reyd keçirmişdir. İcra hakimiyyətinin başçısı, rayon prokuroru, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə məxsus şöbələrin rəhbərləri ticarət obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparmış, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah etmişlər. Sakinlərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tapşırıqlar verilmişdir.