Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi

29 iyun 2020 | 16:00

Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi

Aylardır dünyanı bürüyən koronavirus (COVID-19) infeksiyası hələ də sovuşmayıb və bəşəriyyəti təhdid etməkdə davam edir. Virusa qalib gəlməyin isə məhz dövlət və vətəndaş həmrəyliyindən asılı olduğunu dünyanın bir çox ölkələrində rast gəlinən acı həqiqətlər də təsdiqlədi. Buna görədir ki, koronavirusa zamanında ciddi yanaşmayan ölkələrdə sonradan görülən tədbirlər, alınan qadağa qərarları elə də effektiv olmadı və bu təsir gücünün işlək olmamasında vətəndaşların da həmin qaydalara əməl etməməsinin böyük rolu oldu.Son nəticə olaraq bəşəriyyət yalnız bir olaraq, həmrəylik nümayiş etdirməklə pandemiyaya qarşı qalib gələ bilər və Azərbaycanda aparılan işlər də buna bir nümunədir.
     Məhz bu baxımdan qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin aparıcı beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə dəstək verməsi və onların Zirvə görüşündə iştirakları eyni zamanda ölkəmizin və onun liderinin nüfuzunun nə qədər yüksək olduğunu bir daha göstərdi. Artıq bütün dünya görür və etiraf edir ki, Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynayır. Ölkəmizdə aparılan işlərin hər birinə bilavasitə Prezident İlham Əliyev şəxsən nəzarət edir. O cümlədən, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın bu işlərdə göstərdiyi dəstək əvəzsizdir. Bu baxımdan Azərbaycanda aparılan işlər digər ölkələrə nümunə olaraq göstərilməkdədir. Qoşulmama Hərəkatının Zirvə toplantısı da bunu ehtiva etməkdədir.
        Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir. Görüşdə Prezident İlham Əliyev əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Ölkə başçısının qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə ölkələrin birgə əməkdaşlığına böyük ehtiyac var. O, vurğuladı ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.
        Prezident İlham Əliyevin təşəbbüsü ilə belə bir Zirvə görüşünün keçirilməsi və görüşün sonunda Bəyannamənin qəbul olunması bütün dövlətlərin səylərinin birləşdirilməsi çağırışının məntiqi sübutudur. Belə ki, Azərbaycan öz təşəbbüsləri ilə qlobal əməkdaşlıq üçün mühüm platforma və körpü yaradıb, bu körpünün möhkəm dayaqlara söykənməsi də əlbəttə ki, şübhəsizdir. Eyni zamanda, Azərbaycan Prezidentinin Sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində çox mühüm təşəbbüslər irəli sürür. Təmas Qrupu formatında Zirvə görüşü də bu mənada çox əhəmiyyətli və vacib reallıqdır.
        Cənab Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir. 
Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.
        130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi. Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş nazirini terroru dəstəkləyən dövlət kimi növbəti dəfə faktlarla ifşa etmişdi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır.
     Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənər.
     Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləyən ölkələr sırasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, kiçik ada ölkələri də var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün ölkəmizin hazırda ehtiyac duyulan, eləcə də qlobal səviyyədə beynəlxalq əməkdaşlığın və həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfəsi kimi çox yüksək dəyərləndirilir. BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində üzv dövlətlərin təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat var.
     Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 16 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

 

Keçidlər