Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır
Sirr deyil ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. O da bəllidir ki, müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada, fəxrlə deyə bilərik ki, Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.
Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ordumuz da bu tərəqqiyə uyğun şəkildə inkişaf edir. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilib. Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir: "Ümumiyyətlə, son illər bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Bu gün dünya reytinqində də ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz eyni zamanda dünya hərb sənayesinin ən son yenilikləri olan silah - sursat Azərbaycan Ordusunun arsenalında yer alır.
Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu - rəhbər birliyi, ordu - xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapır.
Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmaqdadır. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində ötən illərdə ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır.
Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.
Son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda çoxsaylı hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, Azərbaycan artıq hərbi məhsullarını ixrac etməyə başlayıb. Dünya təcrübəsinə və hərb tarixinə nəzər saldıqda görünür ki, silahlı qüvvələrin gücünü, döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan biri vətənpərvərlik ruhudur. Xüsusilə də, bu, müharibə şəraitində yaşayan ölkə və xalqlar üçün mühüm əhəmiyyətə malikdir. Ölkəmizin təcrübəsi bu baxımdan müsbət nümunə kimi çıxış edir. Sevindirici haldır ki, Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür. Bu səbəbdən cəmiyyətimiz Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirib. Başqa sözlə, Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycanın işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirib.
İlk növbədə qeyd edək ki, Aprel döyüşləri müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. 2016-cı il aprelin ayında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Şanlı Aprel qələbəsi, həmçinin qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Eyni zamanda, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan həm Aprel döyüşləri, həm də Günnüt zəfəri çərçivəsində zamanı əldə etdiyi şanlı qələbə ilə, eləcə də diplomatik müstəvidə qazandığı üstünlüklə həm Ermənistana, həm ermənipərəst dairələrə, həm də bütövlükdə beynəlxalq ictimaiyyətə belə bir mesaj verdi ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz!
Ordumuzda aparılan əsas islahatlardan biri də hərbi şəhərciklərin, kazarmaların yenidən qurulması, hərbçilərin, onların ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən son illərdə ölkənin bütün ərazilərini əhatə etməklə yeni hərbi şəhərciklər inşa olunub, hərbi qulluqçuların mənzil və sosial şəraiti əhəmiyyətli dərəcədə yüksəlib.
Dövlətimiz, möhtərəm Prezidentmiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuza, onun şəxsi heyətinə göstərilən diqqət və qayğı bir ali məqsədə xidmət edir- Torpaqlarımız erməni işğalçılarından azad edilsin, dövlətimizin ərazi bütövlüyü, soydaşlarımızın pozulmuş hüquqları bərpa olunsun, regionda sülh, əmin-amanlıq bərqərar edilsin. Çünki Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündə və qüdrətindədir. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Buna görə də biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da onun arxasındayıq.