Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi üçün biri-birindən əhəmiyyətli addımlar atır

12 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.

Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur.

Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.

Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir.

8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin videoformatda qəbulu zamanı irəli sürdüyü tələblərin yerinə yetirilməsi üçün hər bir məmurun üzərinə ciddi vəzifələrin düşdüyünü qeyd etmişdir.

Bu baxımdan Salyan rayonunda da öz işinə məsuliyyətlə yanaşmayan məmurlara qarşı kəskin mübarizə aparılır. Belə ki, Salyan rayon İcra Hakimiyyəti

başçısının sərəncamı ilə komissiya yaradılmış, komissiya üzvləri ərazilərdə yoxlamalar aparmışdır. Karantin rejiminin tələblərini pozduğuna görə Salyan Rayon İcra Hakimiyyəti başçısının Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Dəmirov tutduğu vəzifədən azad edilmiş, fəaliyyətinin araşdırılması üçün rayon prokurorluğuna müraciət olunmuş və barəsində rayon prokurorluğunda cinayət işi açılmışdır. Hazırda cinayət işi ilə əlaqədar istintaq aparılır.

Bundan sonra da Salyan Rayon İcra Hakimiyyəti tərəfindən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr diqqətdə saxlanılacaq, icrası istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Keçidlər