Salyan rayonunda “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirilmişdir
5 mart tarixində Salyan rayon İcra hakimiyyətində “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan, ictimai-siyasi həyatda fəal iştirak edən qadınlar, şəhid və əsgər anaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə çıxış edərək ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından və onların cəmiyyətdə tutduqları yüksək mövqedən söhbət açmış, onları bayram münasibətilə təbrik edərək cansağlığı, ailə xoşbəxtliyi, ictimai fəaliyyətlərində uğurlar arzulamışdır. Ümummilli Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini qeyd edən rayon rəhbəri bildirmişdir ki, həmin siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edənlər qadınların ictimai-siyasi həyatdakı fəallığından, Azərbaycan qadının dövlət quruculuğunun, milli-mənəvi dəyərlərin formalaşmasındakı rolundan bəhs etmiş, respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da qadınların rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatına öz töhfələrini verdiyini diqqətə çatdırmışlar. Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadın rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələrlə təltif olunmuşlar.