Azərbaycan Prezidenti İlham Əliyevin zəngin tarixi və hüquqi biliyi, siyasi təfəkkürü, hazırcavablığı ona növbəti dəfə diplomatik zəfər qazandırdı
Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən açıq müzakirələr böyük rezonans doğuran siyasi hadisə kimi gündəmin əsas mövzusu olaraq qalır. Böyük beynəlxalq auditoriyada Prezident İlham Əliyevin Dağlıq Qarabağın tarixi, ermənilərin ərazilərimizdə məskunlaşdırılması, özlərinə dövlət qurması, Azərbaycanın tarixi torpaqlarına zaman-zaman göz dikməsi, ərazilərini və Dağlıq Qarabağı işğal etməsi barədə olduqca təmkinli, sistemli, məntiqli, tutarlı faktlarla zəngin çıxışı dünya ictimaiyyətinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti barədə daha dolğun informasiya əldə etməsinə imkan yaratdı.
Tarixi həqiqətləri konkret fakt və arqumentlərlə, aydın və sadə formatda, əhatəli şəkildə diqqətə çatdıran dövlətimizin başçısı birmənalı olaraq bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və bu tarixi həqiqəti heç bir halda inkar etmək, gizlətmək mümkün deyildir. “Hazırda mövcud olan Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradılmışdır”,-- deyən Prezident İlham Əliyev ermənilərə yaşamağa yer verən Azərbaycanın sonrakı illərdə bu qədirbilməz və xain millətin təxribatları ilə üzləşdiyini, azərbaycanlıların tarix boyu ermənilər tərəfindən etnik təmizlənməyə, təcavüzə və soyqırıma məruz qaldığını diqqətə çatdırdı. 1805-ci ildə Qarabağ xanı İbrahimin Rusiya imperiyasının generalı Sisianovla saziş imzalaması, Rusiya imperiyasının süqutundan sonra yaradılan bolşevik hökumətinin, eləcə də SSRİ-nin hüquqi sənədlərində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə həqiqi tarixi tablonu bütün gerçəkliyi ilə təsvir etdi: “Ermənilərin vaxtilə onlara verilmiş torpaqlarda və Qarabağda heç bir tarixi irsi yoxdur. Dağlıq Qarabağ, eləcə də Azərbaycanın digər tarixi əraziləri, o cümlədən İrəvan ermənilərə verilib və Ermənistan Azərbaycan torpaqları hesabına yaradılıb. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”.
Azərbaycan Prezidenti İlham Əliyevin zəngin faktlara və dərin tarixi sübutlara əsaslanan çıxışından sonra Ermənistanın baş naziri Nikol Paşinyan ağır psixoloji sarsıntı keçirərək, dərsini bilməyən şagird kimi qarmaqarışıq, rabitəsiz və mövzudankənar fikirlər səsləndirdi. Vəziyyətdən çıxmaq əvəzinə, özünü daha da çətinə salaraq, debat iştirakçılarında, izləyicilərdə gülüş və istehza doğurdu.
Ermənistanın baş naziri Azərbaycanın dövlət başçısının əlahəzrət faktlarına və gerçək tarixi həqiqətlərinə cavab verməkdə aciz qalaraq məntiqsiz, cəfəng ifadələrlə tarixi analogiya aparmağa cəhd etdi, mövzuya dəxli olmayan müqayisələrlə vəziyyəti daha da mürəkkəbləşdirdi. Müasir siyasi tarixlə bağlantısı olmayan uydurma tarixi xronologiyanı bir-birinə calaşdıraraq ermənilərin guya qədim xalq olduğunu iddia etməyə, Roma sərkərdəsi Pompeyin, eramızdan əvvəlki tarixi şəxsiyyətlərin adı ilə manipulyasiya etməyə, “tarixi erməni irsi” axtarmağa çalışdı. Ancaq heç bir tarixi əsası olmayan, yalnız mifik iddialarla məzhəkə obyektinə çevrildi.
N.Paşinyan müstəqillik əldə etmiş keçmiş SSRİ respublikalarının tərkibindəki muxtar respublikaların öz suverenliyinə qovuşduğuna dair absurd və siyasi praktikada qəbul olunmayan ittihamlar səsləndirdi. Siyasi savadsızlığı və yaxın tarixə düzgün qiymət verməyi bacarmaması üzündən anlamadı ki, zamanında SSRİ-də 40-dan artıq muxtar respublika qeydə alınıb və onlar tərkibində olduğu respublikanın ərazisi kimi beynəlxalq hüququn normalarına uyğun olaraq BMT, ATƏT və bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıbdır. Təkcə Rusiyada 20-dən artıq muxtar respublika vardır və onların hər biri Rusiya Federasiyasının ayrılmaz tərkib hissəsidir. Bu gün Cənubi Qafqaz respublikaları olan Azərbaycan və Gürcüstanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində mövcud olan qondarma respublikalar dünyada separatçı-terrorist rejimlər kimi qəbul edilir. Onların necə və hansı güclər tərəfindən himayə və idarə edilməsi vassal ölkə olan Ermənistanın da rəhbərinə məlumdur.
N.Paşinyan Xocalı soyqırımının guya azərbaycanlılar tərəfindən təşkil olunduğunu iddia etsə də, onun bu uğursuz cəhdinə Azərbaycan Prezidenti tərəfindən layiqli cavab verildi və erməni mediasının uydurma məlumatlarını darmadağın oldu. Cənab İlham Əliyev soyqırımı törətmiş erməni hakimiyyətinin bu tarixi faciəyə görə gec-tez layiqli cəza alacağını da bəyan etdi: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir”.
N.Paşinyan beynəlxalq etiket qaydalarına hörmətsizlik nümayiş etdirərək hətta BMT-nin ünvanına da ittihamlar səsləndirməyə cəhd etdi. BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsində, guya, “Azərbaycanın atəşkəsi pozması nəticəsində torpaqlarını itirməsi”nin qeyd olunduğunu iddia etdi. BMT-nin qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Ermənistanın birbaşa işğalda iştirakının olması, Azərbaycan torpaqlarını işğal etməsi və həmin torpaqlardan öz silahlı birləşmələrini geri çəkməsinə dair tələblərini əks etdirən maddələri görməyərək, siyasi mənəviyyatsızlığını göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyev onun bu cəfəng fikirlərini də konkret faktlarla, əsaslı dəlillərlə alt-üst etdi: “BMT Təhlükəsizlik Şurasından daha yuxarı olan beynəlxalq orqan yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Onları yoxlamaq çox asandır. Mütəxəssislərə onların nömrələri məlumdur. Onlar nə deyir: Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı 7 rayon da işğal olunub. Ermənistan bunu gizlətmək istəyir. Bu, o 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb”.
N.Paşinyan danışıqlar prosesində Dağlıq Qarabağın müstəqil tərəf kimi iştirakına cəhdlər göstərməyə çalışsa da Azərbaycan Prezidenti onun bu xam xəyallarını birdəfəlik puç etdi: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”.
Məlumdur ki, Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir. Bu, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında qətiləşdirdiyi mövqedir.
Onu da xatırlatmaq yerinə düşər ki, təxribat cəhdləri ilə sülh danışıqlarından qaçmağa çalışan Ermənistanın baş naziri bir neçə dəfə “qondarma rejimin” iştirakı olmadan sülh danışıqlarında iştirak etməyəcəyini bildirsə də, Azərbaycan Prezidentinin qətiyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkidli tələbləri qarşısında yenidən masaya oturmağa məcbur olub. Ötən müddətdə Vyanada, Sankt-Peterburqda keçirilən görüşlərdə Prezident İlham Əliyevin əzmkar mövqeyi, prinsipial tələbləri sayəsində bu iddiasından geri çəkilib. N.Paşinyan bununla faktiki olaraq rəsmi İrəvanın işğal faktında birbaşa iştirakçı olduğunu da təsdiqləyib. Ona görə də danışıqlar prosesində Dağlıq Qarabağın tərəf kimi iştirakının mümkünsüz olduğunu, danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlərin mənasız və uğursuz olduğunu yaxşı anlayır.
Azərbaycan Prezidenti Münxendə Paşinyanın yarıtmaz və faşist hökumətinə açıq və sadə çıxış yolunu da göstərdi: Ermənistan region dövlətləri ilə münasibətlərini yenidən nəzərdən keçirməlidir. Dağlıq Qarabağ problemi həll olunmadan, ermənilər işğal etdikləri torpaqlardan və əsassız soyqırımı iddialarından geri çəkilmədiyi təqdirdə onlarla heç bir münasibətdən, inteqrasiyadan söhbət gedə bilməz. Paşinyan və onu dəstəkləyənlərin işğalçılıq iddiaları isə Ermənistanın gələcəyini daha da çətinə salacaq, böhranı uzadacaq. N.Paşınyan bunu cox ciddi şəkildə düşünməli, siyasi iradə nümayiş etdirməlidir: “Azərbaycan danışıqlar prosesinə sadiqdir, ona görə də biz ərazi bütövlüyümüzü danışıqlar yolu ilə bərpa edə biləcəyimizlə bağlı ümidlərimizi itirməmişik. Bu səbəbdən də hələ də bu ümidləri bəsləyərkən ola bilsin ki, bu, ən yaxşı seçim olmayacaq. Lakin əgər Ermənistan tərəfdən yeni yanaşma nəticəsində danışıqlar tamamilə pozulsa, onda əlbəttə ki, bu seçim nəzərdən keçirilə bilər”.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin haqlı mövqeyi, dərin və təfərrüatlı zəngin tarixi, hüquqi və siyasi bilikləri, praqmatikliyi və təmkinliliyi, intelektual zəkası, təfəkkürü, siyasi məntiqə əsaslanan hazırcavablığı, diplomatik jestləri debatda iştirak edən nüfuzlu şəxslərin və bütün dünya ölkələrinin diqqətini cəlb etdi. Dövlətimizin başçısı yaxın və müasir tarixə, regional münaqişələrə və siyasi proseslərə açıq, obyektiv fərqli baxışları ilə, ələlxüsus da beynəlxalq hüququn prinsiplərinə dərindən bələd olan, geosiyasi mənzərəni şəffaf şəkildə təqdim edən siyasi lider kimi böyük rəğbət qazandı. Xarizması, diplomatik məharəti və uzaqgörənliyi izləyicilərin, dünya ictimaiyyətinin xüsusi marağına səbəb oldu, dünya birliyi əsl siyasi liderin həqiqi liderlik keyfiyyətlərinə tamaşa etdi.
Sərrast həmlə təsiri bağışlayan tutarlı mövqe qarşısında Paşinyanın qeyri-etik siyasi davranışı, verilən suallardan yayınaraq, dəxli olmayan məsələlər ətrafında sərsəmləməsi beynəlxalq səviyyədə tanınan nüfuzlu siyasi və ictimai xadimlər, media orqanları tərəfindən kəskin şəkildə pislənildi. Amerikalı professor Brenda Şafferon, Türkiyənin “Can Azərbaycan” media şirkətinin rəhbəri Namık Kamal Yıldırım, Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztək, “Vestnik Kavkaza” Rusiya Federal İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov, Yaponiyanın və dünyanın bir sıra aparıcı KİV-ləri, digər siyasi icmalçılar Ermənistanın baş nazirinin yalançı, hətta şantajçı hərəkətləri ilə beynəlxalq ictimaiyyəti belə aldatmağa cəhd edən simasını gördülər.
Azərbaycan Prezidentinin Nikol Paşinyana verdiyi dərs dünyada “erməni soyqırımı” mifini də darmadağın etdi, erməni diplomatiyasına öldürücü zərbə vurdu. Əslində, dövlətimizin başçısının bundan əvvəlki beynəlxalq tədbirlərdə də Paşinyanı və erməniləri məyus edən diplomatik həmlələri sərrast zərbə kimi unudulmayıb. Son aylarda müxtəlif beynəlxalq tədbirlərdə görüşən iki dövlətin başçısı arasında baş tutan görüş və müzakirələrdə erməni təcavüzünün, faşizminin əsl obrazı bütün çılpaqlığı ilə dünyaya təqdim olunub.
Prezident İlham Əliyev Soçidə və Aşqabadda keçirilən tədbirlərdə dünya ictimaiyyətinin gözü qarşısında Ermənistanın baş naziri Nikol Paşinyana layiq olduğu yeri göstərmiş, erməni separatizminin mahiyyətini, insanlığa və bəşəriyyətə real təhlükə olan faşizmin dövlət siyasətinə çevrildiyini əsaslı faktlarla təqdim etmişdi. Erməni lobbisi və ictimaiyyəti artıq Azərbaycan Prezidentinin daha da güclənən, genişlənən hücum diplomatiyasından dərin narahatlığını ifadə edir. Sonuncu Münxen debatı isə ermənilərə çox ciddi bir dərs olub. Ermənilər baş nazirlərinin siyasi savadsızlığını, bacarıqsızlığını və Azərbaycan Prezidentinin kəskin çıxışı qarşısında çıxılmaz vəziyyətə düşdüyünü etiraf edir, N.Paşinyanın Ermənistanı dünya birliyi qarşısında rüsvay etdiyindən hiddətlənirlər.
Azərbaycan üçün diplomatik zəfər hesab edilə biləcək Münxen Konfransı təsdiqlədi ki, dövlətimizin rəhbəri Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial, dönməz və inamlı mövqedədir. Münxen debatı Prezident cənab İlham Əliyevin diplomatik, siyasi üstünlüyü fonunda Ermənistanın siyasi məğlubiyyətini açıq və aydın şəkildə təsvir etməyə imkan verdi.
Nəzərə almaq lazımdır ki, Münxen Konfransı sülh və regional təhlükəsizlik baxımından ciddi beynəlxalq platformadır. Azərbaycanın bu tədbirdə təmsil olunması onun beynəlxalq sülhün qorunmasında təşəbbüskar və töhfəverici rolunun təsdiqidir. Münxen Konfransı, həm də Azərbaycan Prezidentinin siyasi lider kimi qlobal miqyasda yüksək nüfuzunun təqdimatıdır. Prezident İlham Əliyev ən qlobal məsələlərin açıq müzakirəsində dünya liderləri ilə bir sırada yer alır. Ənənə halını alan bu formatlı görüşlərdə beynəlxalq sülhün qorunması, təhlükəsizlik, qlobal layihələr barədə məsləhətləşmələr aparılır. Azərbaycanın dövlət başçısının dünyada sülhə və təhlükəsizliyə qarşı təhdidlərin, ərazilərin zor gücünə dəyişdirilməsinin yolverilməz olması barədə barışmaz mövqeyi, cəsarətli və beynəlxalq hüquqa əsaslanan fikirləri həm də dünya birliyinə ciddi mesajlardır. Cənab İlham Əliyev dünyada baş verən ədalətsizliyə, ikili standartlara, haqsızlığa son qoyulmasını tələb edir. İşğalçı və terrorçu ölkələri dolayısı ilə müdafiə edən, bu məsələdə siyasi riyakarlıq edən təşkilatları, dövlətləri siyasi saxtakarlığı dayandırmağa dəvət edir.
56-cı Münxen Təhlükəsizlik Konfransında açıq müzakirələrdə cəsarətli və qətiyyətli mövqe nümayiş etdirən Prezident cənab İlham Əliyev təhlükəsizlik məsələlərində, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə Azərbaycanın haqlı və ədalətli mövqeyinin bir daha dünyaya çatdırmaqla möhtəşəm diplomatik uğura imza atdı. Bu, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həlli ilə bağlı danışıqlarda respublikamızın mühüm üstünlüyünü təmin etməklə bərabər, təzavüzkar dövlətin beynəlxalq səviyyədə məğlubiyyətini daha da dərinləşdirən amil hesab edilə bilər.