Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahibləri ilə görüş keçirilmişdir

17 dekabr 2019 | 16:00

Salyanda meyvə-tərəvəz istehsalı ilə məşğul olan
istixana sahibləri ilə görüş keçirilmişdir


     Salyan rayonunda meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana rəhbərləri ilə görüş keçirilmişdir. 17 dekabr 2019-cu il tarixdə rayon icra hakimiyyətində keçirilən görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və meyvə-tərəvəz istehsalı ilə məşğul olan 50-yə yaxın istixana sahibi iştirak etmişdir.
     Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbiri açaraq, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi üçün bütün şəraitin yaradıldığını bildirmiş, bu sahədə rayonda da mühüm addımların atıldığını qeyd etmişdir. 
     Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafının prioritet istiqamətlərdən biri elan edildiyini, bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirlərinin həyata keçirildiyini bildirmiş, qəbul olunan qərarların, imzalanmış fərman və sərəncamların ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaratdığını vurğulamışdır.
     Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışında bildirmişdir ki, rəhbərlik etdiyi qurumun əsas məqsədi sahibkarların maraqlarını təmsil etmək, sahibkarların rastlaşdıqları problemlərin həllində onlara köməklik göstərməkdir.
     Daha sonra meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin problemləri dinlənilmişdir. Görüşdə çıxış edən sahibkarlar borclarla bağlı güzəştlərin tətbiq olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məsələlərlə bağlı fikirlər səsləndirmişlər.
     “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxış edərək sayğac tənzimləyicilərinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərin “Azəriqaz” İstehsalat Birliyinin öz hesabına yerinə yetiriləcəyini bildirmiş, borclu sahibkarların fəaliyyətinə köməklik göstərilməsi və digər məqamlarla bağlı məsələlərin həlli üçün elə yerindəcə öz tapşırıqlarını vermişdir.
     Tədbirdə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmış, fermerlərin təklifləri qeydiyyata alınmış, sahibkarların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülmüşdür.

Keçidlər