Salyanlılar da ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər
Salyanlılar da ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etdilər
Dekabrın 12-də respublikamızın bütün bölgələri kimi, Salyan şəhərinə də qar yağırdı, hava şaxtalı idi. Təbiətin bu şıltaqlığına baxmayaraq səhər saat 9 radələrindən başlayaraq Heydər Əliyev parkı izdihamlı idi. Salyan rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanlarının, rayonumuzdakı təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri və nümayəndələri öz qəlblərinin hökmü ilə şəhərimizin müqəddəs ziyarətgahına gəlmişdilər. RİH başçısı Tahir Kərimov, RİH başçısı yanında şuranın üzvləri Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş, bu dahi şəxsiyyətin parlaq xatirəsi qarşısında ehtiramla baş əymişlər.
Gülqoyma mərasimindən sonra RİH başçısı Tahir Kərimov, RİH başçısı yanında şuranın üzvləri Heydər Əliyev Mərkəzini ziyarət etmiş, ulu öndərin həyatına və ictimai fəaliyyətinə, habelə Salyan rayonuna tarixi səfərlərinə dair stendlərə, materiallara, fotoşəkillərə tamaşa etmişlər. Minlərlə insan Ulu Öndərin abidəsinin önünə gələrək müstəqilliyinin 22 illiyini qeyd etdiyimiz bir dövlətin qüdrətli rəhbərinə öz sonsuz ehtiramlarını, dərin hörmətlərini bildirdilər.
Əməkdaşımıza müsahibə verən bütün şəxslər ümummilli lider Heydər Əliyevin ruhuna Allahdan rəhmət diləmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəklədiklərini və onun ətrafında sıx birləşdiklərini diqqətə çatdırmışlar.
Ulu Öndərin anım günü münasibətilə rayonun mədəniyyət və təhsil ocaqlarında, müxtəlif təşkilatlarda Heydər Əliyevlə bağlı ədəbi-bədii tədbirlər, kompozisiyalar keçirilmişdir.
Ümummilli liderin anım günü münasibətilə ehsanlar verilmiş, ruhuna dualar oxunmuşdur.