Salyan rayonu Qarabağlı kəndində uşaq bağçası tikilb
Salyan rayonu Qarabağlı kəndində uşaq bağçası tikilb
Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və gələcəkdə intellektual qüvvə kimi yetişmələri üçün bu gün dövlətimiz tərəfindən mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrin sırasında yeni uşaq bağçalarının inşası, mövcudlarının isə ən müasir səviyyədə yenidən qurulması xüsusi əhəmiyyətə malikdir. Bu işlərdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun da böyük xidmətləri var. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond indiyədək bu sahədə çoxlu sayda layihə reallaşdırıb.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Salyan rayonunun Qarabağlı kəndində 2018-ci ildə tikintisinə başlanılmış 100 yerlik uşaq bağçası da bu işlərin ardıcıl xarakter aldığını açıq şəkildə nümayiş etdirir. Ümumi sahəsi 1388.8 kvadratmetr olan iki mərtəbəli məktəbəqədər müəssisə müasir mebel dəstləri ilə təchiz edilmiş, qrup otaqları balacaların zövqünə uyğun təşkil edilmiş, ərazisində yaşıllıq zolağı salınmışdır. Bir sözlə, burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır.