Salyanda Məktəb Açılışı
Məktəb açılışı-Salyan
Ölkədə təhsil ocaqlarının müasirləşdirilməsi ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələr Salyanda uğurla icra olunur. Son bir ildə istifadəyə verilən beş məktəb binasının sırasına 460 yerlik Dayıkənd kənd məktəbi də əlavə olunub.
Salyan rayonunun Dayıkənd kənd tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Ötən əsrin 80-ci illərində inşa olunan məktəbdə təmir, bərpa və gücləndirmə işlərinə bu ilin əvvəllərində başalanıb. 57 müəllimin çalışdığı, 375 şagirdin təhsil aldığı 460 şagird yerlik bina 22 sinif otağı, fənn kabinetləri, laboratoriya, akt və idman zalları, kitabxana, kompütüer otağından ibarətdir.
Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov sakinləri, məktəbin pedaqoji kollektivini təbrik edib. Ölkədə təhsilə, elmə dövlət qayğısından danışan icra başçısı son illərdə rayonda 16 yeni məktəb binasının istifadəyə verilməsini, uşaq baxçaları və digər təhsil ocaqlarının inşasını bunun bariz nümunəsi kimi səciyyələndirib. İcra başçısı Prezident İlham Əliyev Salyana səfəri çərçivəsində verdiyi tapşırıqlara əsasən rayonda həyata keçirilən infrastruktur layihələr sırasında da təhsil müəssisələrinin maddi–texniki bazasının möhkəmləndirilməsinin mühüm yer tutduğunu söyləyib. Təkcə son bir ildə Plastmas yaşayış massivində 640, Boranıkənddə 220, Qarabağlıda 480, Yolüstüdə 360, Quyuçu kəndində isə 80 şagird yerlik məktəblərin inşa olunduğunu, 8 saylı şəhər məktəbinin isə əsaslı təmir edildiyini bildirib. Hazırda bir məktəbdə 160 yerlik əlavə korpusun, Peyk kəndində isə 220 yerlik yeni məktəbin tikildiyi diqqətə çatdırılıb. Millətin gələcəyinə göstərdiyi qayğıya görə sakinlər dövlət başçısına minnətdarlıq ediblər. Sonda mərasim iştirakçıları yeni avadanlqlarla təchiz edilən məktəb binasında yaradılan şəraitlə tanış olublar.