Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan, Neftçala və Biləsuvar rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilmişdir.

25 may 2019 | 16:00

Salyan, Neftçala və Biləsuvar rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilmişdir.

Mayın 25-də Salyan rayon İcra Hakimiyyətində Salyan, Neftçala və Biləsuvar rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilmişdir.  Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak etmişlər.  
   Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.  Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan danışmışdır. Nazir müavini ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunmuş, müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyini nəzərə çatdırmışdır.
    Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən söz açan nazir müavini qeyd etmişdir ki, tam orta təhsilin təmayülləşməsi zamanı şagirdlərin yaradıcılıq qabiliyyəti aşağı siniflərdən müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalıdır. Məhəbbət Vəliyeva təhsil müəssisələrinin pedaqoji əməkdaşlığının vacib olduğunu söyləmiş, həmçinin məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr vermişdir.
   Daha sonra Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatlarla çıxış etmişlər. Tədbirdə təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
   Hesabat tədbirindən sonra Salyan rayon Sarvan kənd tam orta məktəbinin  əsaslı təmirindən sonra açılış mərasimi keçirilmişdir. Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, ictimaiyyət nümayəndələri, şagirdlər və pedaqoji heyət iştirak etmişdir.

 

Keçidlər