Salyan rayonunda məşğulluğun artırılması məqsədilə haqqı ödənilən müvəqqəti işlərin təşkili ilə əlaqədar yaradılan komissiyanın iclası keçirilmişdir
Salyan rayonunda məşğulluğun artırılması məqsədilə haqqı ödənilən müvəqqəti işlərin təşkili ilə əlaqədar yaradılan komissiyanın iclası keçirilmişdir
15 aprel 2019-cu il tarixində Salyan Rayon İcra hakimiyyətində rayonda məşğulluğun artırılması məqsədilə haqqı ödənilən müvəqqəti işlərin təşkili ilə əlaqədar yaradılan komissiyanın iclası keçirilmişdir.
İclası giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov açmışdır. O, qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın 4.4.5-ci bəndində işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir. Bu istiqamətdə Salyan rayonunda da müəyyən işlər görülmüşdür.
“İşsizin DOSTU” proqramına uyğun olaraq 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” MMC ilə müvafiq saziş bağlanmış və 480 nəfər haqqı ödənilən ictimai işlərlə təmin edilmişdir. Daha 120 nəfərin işlə təmin edilməsi üçün müvafiq sənədləşdirmə işləri aparılmış və yaxın günlərdə onlar da müvafiq işlərlə təmin ediləcəyi gözlənilir.
İşlə təmin olunmuş şəxslər artıq ictimai faydalı xarakter daşıyan işlərin (abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) yerinə yetirilməsinə başlamışlar.
İclasda çıxış edənlər vətəndaşların tam şəffaf olaraq öz arzularına müvafiq surətdə bu işlərə qəbul edildiklərini bildirmişlər. İclasda həmçinin görülən tədbirlərlə yanaşı, yaradılan müvəqqəti iş yerlərinə işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və ümumilikdə bu işin təşkilində neqativ hallara yol verilməməsi, şəffaflığın təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulduğu bildirilmişdir.