Salyanda “Qələbə” qəzetinin 95 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir
Salyanda “Qələbə” qəzetinin 95 illik yubileyi ilə
əlaqədar tədbir keçirilmişdir
21 fevral 2019-cu il tarixində Azərbaycanın qocaman mətbu orqanlarından olan “Qələbə” qəzetinin 95 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, şair-publisist Oqtay Rza, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. “Qələbə” qəzetinin 95 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov yaradıcı kollektivi təbrik etmiş, Salyanın mədəni, ictimai-siyasi həyatının salnaməsinin yaradılmasında bu mətbu orqanının əvəzsiz xidmətlərindən söz açmışdır.
Heydər Əliyev Mərkəzində Ulu Öndərin Salyandakı görüşlərini əks etdirən “Qələbə” qəzetinin hər nömrəsinin çox qiymətli tarixi sənəd kimi qorunmasının vacibliyini diqqətə çatdıran İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin tapşırığı ilə rayonda həyata keçirilən infrastruktur layihələrinin də qəzetdə peşəkarlıqla işıqlandırılmasını xüsusi qeyd etmişdir.
Tədbirdə “Qələbə“ qəzetinin keçdiyi tarixi yol haqqında qəzetin baş redaktoru Rüstəm Məlikov geniş məruzə etmişdir. Ölkəmizdə mətbuata dövlət qayğısından danışan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları mətbuat orqanının ünvanına xoş sözlər söyləmişlər. Sonda qəzetin bir qrup əməkdaşına rayon İcra hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunmuşdur.